“Gəncə işi” ilə bağlı 60 nəfərin cinayət işi məhkəməyə göndərilib
Ölçü:


İyulun 31-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Qurumun mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov bildirib ki, fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə müvafiq qanun layihələrinin hazırlanaraq üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib: “Bununla əlaqədar Baş Prokurorluqda yaradılmış İşçi qrupu tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanaraq Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi ilə birgə yaradılmış işçi qrupuna təqdim edilib”.

Eyni zamanda müşavirədə cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə keçirilməsi və həmin şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsinə uğurlu təyinatlar aparılması qeyd edilmiş, eləcə də növbəti mərhələdə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların məhz bu prosedurlar əsasında vəzifəyə təyin edilmələrinin vacibliyi vurğulanıb.

Bildirilib ki, Azərbaycan Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə daxili işlər, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri hesabat dövründə də davam edib, prokurorluğun ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib, kriminogen stabilliyə nail olunmaqla mənfi təzahürlərin qarşısı vaxtında alınıb.

Hesabat dövründə istintaq və əməliyyat-axtarış fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə cinayət hadisələrinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 690 vahid artım olmaqla, ümumilikdə qeydə alınmış 13534 cinayətin 91,7 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub, onların 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Əməliyyat-axtarış və istintaq fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 82,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib”.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, mülkiyyət əleyhinə olan cinayətlər, yol-nəqliyyat hadisələri, habelə qəzalarda xəsarət alanların sayında artım, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsində isə azalma müşahidə olunub.

Müşavirədə 2019-cu ilin birinci yarımilində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri qeyd edilib, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə 70 şəxs barəsində istintaq olunmuş 32 cinayət işinin yekunlaşdırılaraq məhkəmələrə göndərildiyi xüsusi vurğulanıb.

Həmçinin qeyd olunub ki, 3 iyul 2018-ci il tarixdə radikal dini baxışlara malik Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub:

"Bundan başqa, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir".
31.07.2019 16:34:00
Oxuma sayı: 105