Qüdrət Həsənquliyev: "Bu komissiyada bir nəfər də naxçıvanlı yoxdur"
Ölçü:


"Absurd yanaşmadır, bunlar əsası olmayan qeyri-ciddi iddialardır. Bəzən təyinatlar zamanı bir bölgədən, başqa bir halda isə digər bölgələrdən olan insanlar vəzifələrə təyin oluna bilər. Son təyinatlarla Vilayət Eyvazov daxili işlər naziri, Əli Nağıyev isə dövlət təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin edilib. Onların əvəz etdikləri, Naxçıvanda doğulmamış şəxslər isə daha yüksək vəzifələrə təyinat alıblar. Son təyinatlardan sonra regionçuluqla bağlı iftiraları xüsusi qabartmağa başlayıblar. Ancaq adını çəkdiyim hər iki şəxs uzun illər öz sahələrində çalışan, özlərini peşəkar kimi təsdiq edən kadrlardır. Onların təyinatında hansı bölgədən olmaları deyil, peşəkarlıqları, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün hər cür fədakarlıqlara hazır olmaları əsas götürülüb".

Koordinat.az xəbər verir ki, bunu  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Teleqraf.coma müsahibəsində bildirib. O, son dövrlər bəzi müxalifət fəallarının ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxsləri regionçu, yaxud anti-regionçu kimi təqdim etməsinin yanlış olduğunu söyləyib: "Prezidentin son sərəncamı ilə ölkədə Kadr Bankının yaradılması məqsədilə “Yüksəliş” adında komissiya yaradıldı. Bu komissiyanın tərkibində bir nəfər də olsun naxçıvanlı yoxdur. Həmin çürük məntiqlə, gərək, prezidenti anti-regionçuluqda ittiham etsinlər".

Partiya sədri vurğulayıb ki, bu və digər vəzifələrə təyinatla bağlı qərar veriləndə həmin insanların hansı bölgədə doğulması deyil, həmin vəzifəni nə dərəcədə uğurla yerinə yetirəcəyi əsas kimi götürülür. O, hesab edir ki, regionçuluqla və anti-regionçuluqla bağlı kampaniya məqsədyönlü formada, əyalət və feodal təfəkkürlü qara qüvvələrin ssenarisi əsasında həyata keçirilir: "Bu komandanı bloqerlərə verənlərin və yayanların çirkli niyyətləri var. Yayılan iftiralar təkcə bununla yekunlaşmır. Onlar yüksək vəzifəli şəxsləri gözdən salmaq, onlara olan etimadı sarsıtmaq və xaos yaradıb nəyəsə nail olmaq istəyirlər. Sözsüz ki, ölkə barədə düşünməyən bu gerizəkalılara xaricdən də dəstək verilir. Ancaq unudurlar ki, biz 90-cı illərdə yaşamırıq. 28 ildir ki, müstəqil dövlətik. Əminəm ki, gec-tez belə insanlar ifşa ediləcək və ifşa olunurlar da. Azərbaycanı öz iyrənc maraqlarına görə rayon-rayon, kənd-kənd bölmək heç kimə müyəssər olmayacaq.

Qüdrət Həsənquliyev Azərbaycanda idarəetmə sahəsində və demokratik azadlıqlarla bağlı ciddi problemlərin olması barədə ittihamlara da cavab verib. O, qeyd edib ki, Qərb standartları ilə yanaşsaq, bu sahədə müəyyən problemlər var: "Amma biz Qərbi Avropa ölkəsi deyilik. Söhbət ondan gedir ki, hər bir xalqın sosial inkişaf indeksi, mentaliteti, formalaşmış ənənə və dəyərləri var. Hər bir iqtidarın borcudur ki, ilk növbədə, ölkədə real durumu nəzərə alaraq elə siyasət aparsın ki, görülən işlər müsbət nəticə versin. Nəzərə alın ki, Qorbaçovun başlatdığı Yenidənqurma siyasəti SSRİ-nin çökməsinə, milli münaqişələrə yol açdı.
Prezident bəyan etmişdi ki, idarəetmə xalqın inkişaf səviyyəsinə uyğun mütəmadi şəkildə təkmilləşdirilməli, kadr islahatları aparılmalıdır. Bəzi kadrlar hansısa mərhələdə çox faydalı olur, amma başqa mərhələdə sanki tükənirlər. Bu halda onlar vəzifələrindən kənarlaşdırılmalı, daha gənc, müasir reallıqları asan qavrayan çevik siyasətçilər həmin vəzifələrə təyin olunmalıdır. İqtidar tərəfindən bu prosesin nə qədər uğurlu aparılması barədə mübahisə açmaq olar, amma proses gedir. Bunu idarəetmənin çöküşü kimi təqdim etmək sadəcə özünü aldatmaqdır. Reallıq fərqlidir".

BAXCP sədri Azərbaycanı bəzən demokratik azadlıqların olmadığı Türkmənistanla müqayisə etmək istəyənlərə də cavab verib: "Həm Azərbaycan Prezidenti, həm də Birinci vitse-prezident Azərbaycandan daha inkişaf etmiş Moskvada ali təhsil alıb, şəxsiyyət kimi formalaşıblar. Onların güclü liderlik keyfiyyətlərinə və idarəetmə qabiliyyətlərinə malik olmalarını təsdiq ediblər. Buraxılan imkanlara və səhvlərə rəğmən, uzun müddətdir Azərbaycanda idarəetmənin başında dayanırlar, ölkəni böyük sarsıntılardan və təlatümlərdən sığortalaya biliblər. Sizi əmin edirəm ki, yuxarıda qeyd ediyimiz iftiraları yayan başqa birisi xarici ermənipərəst güclərin dəstəyi ilə Azərbaycanı çox asanlıqla Türkmənistana və ya Şimali Koreyaya çevirə bilərdi. Əlbəttə, kimsə iddia edə bilər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulur. Amma ölkənin milli maraqları naminə məsələyə qlobal yanaşdıqda, konstitusiyaya görə, iqtidarın borcudur ki, daha üstün hüquqları – vətəndaşların təhlükəsizliyini, sabitliyi və davamlı inkişafı təmin edə bilsin. Yəni iqtidarın borcudur ki, ölkəni xaos və qarşıdurmadan qorusun.
Məsələn, Əli Kərimli yanvarın 19-da keçirilən sonuncu mitinqdə kütləyə müraciət edib deyir “Biz bu gün ona görə dövlət və hakimiyyət orqanlarının üzərinə yürüş etmirik ki, sayımız azdır”. Yəni bunun izahı o deməkdir ki, sabah meydana indikindən 2 dəfə çox insan yığışsa, Prezident Administrasiyasına, Milli Məclisə, dövlət hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bu da istər-istəməz razılaşdırılmayan aksiyaya, kimlərinsə xəsarət almasına, kimlərinsə həbsinə səbəb olacaq. Mümkündür ki, marağı olan hansısa qüvvələrin təxribatçı əməllərinin nəticəsi olaraq insan ölümü də baş versin".

Qüdrət Həsənquliyev hesab edir ki, belə qarşıdurmalardan sonra hüquq pozuntusu törədən şəxslərin cinayət hüquqi təqib edilməsi, onların məhbəsə atılması kimi addımlar da əslində ölkədə demokratik proseslərin inkişafına töhfə verməyəcək, əksinə, geri atacaq: "Bu kimi təhlükələri nəzərə alıb, daha böyük təhlükələri önləmək məqsədilə hansısa azadlıqların məhdudlaşdırılması əslində imkan verir ki, tədricən ölkədə daha məsuliyyətli, daha ciddi və daha hazırlıqlı, populizmidən uzaq siyasətçilər nəsli formalaşsın. 1993-cü ildə populist mövqedən çıxış edən siyasətçilərə ictimaiyyətdən gələn dəstəyə də baxın, indiki dəstəyə də. İndi insanlarımız, siyasətçilər daha məsuliyyətli olmağa başlayıb. Hətta radikal çıxış edənlərin özləri fərqindədirlər ki, onlar yeni keyfiyyətlər əxz etməli, rəqabətə davamlı qalmaq üçün üzərlərində işləməli, fərqli düşüncəyə daha dözümlü olmalıdirlar. İndi yeni siyasətçilər nəsli formalaşır. Bunu, ola bilsin ki, çoxları görmür. Siyasi azadlıqların məhdudlaşdırıldığını deyən şəxslər bir azdan görəcəklər ki, nə qədər müasir siyasətçilər yetişıb və onlar dinc yolla ölkəmizi xeyli irəli aparacaqlar. Hazırda azadlıqlar xalqın inkişaf səviyyəsinə uyğun olmaqla təmin edilib. Görürsünüz ki, ən sərt tənqidləri istənilən vətəndaş geniş ictimaiyyətə çatdıra bilir. Hərənin əlində bir “ağıllı telefon” var. Asanlıqla sosial şəbəkələrə, “YuoTube”a daxil olmaqla fikirlərini yaya, lazımi informasiyanı ala bilirlər. Çoxları başa düşmür ki, bu, prezidentin iradəsindən qaynaqlanır. İqtidarın daxilində nə qədər şəxs var ki, prezidenti əvəz edib fərqli fikir söyləyənlərin dilini kəsmək istəyir. Biz proseslərin ləng getməsini tənqid etsək də, əslində müstəqillikdən keçən dövr imkan verdi ki, bəzi siyasətçilər müdrikləşsin və yeni nəsil siyasətçilər formalaşsın".
31.07.2019 12:54:00
Oxuma sayı: 112