Qafandan Xocavəndə yol çəkmək məsələsi Ermənistanı qarışdırdı
Ölçü:


Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan “Azadlıq” radiosunun “Daxildən siyasət” verilişində bəyan edib ki, çox tezliklə Ermənistanla Arsaxı (mətndə belə gedib, Dağlıq Qarabağ nəzərdə tutulur mətndə belə gedib – tərc.) birləşdirən 150 km-lik yol inşa ediləcək.

O, belə deyib: “İlkin müzakirələrə əsasən, bu gün biz 150 km-lik yolun çəkilməsini planlaşdırırıq. Artıq qərar var. Cənub istiqamətində Qafandan Hadrutadək (mətndə belə gedib – tərc.) olacaq yol müzakirə mərhələsindədir və mən ümid edirəm ki, ilin sonunadək bütün müzakirələrimizi ümumiləşdirəcəyik və bizim əlimizdə bu yolu necə inşa edəcəyimiz haqqında “yol xəritəsi” olacaq”.

Yeri gəlmişkən həmin müsahibəsində TŞ katibi layihənin maliyyələşdirilməsi məsələsinin artıq həll edildiyini bəyan edərək, əminlik ifadə edib ki, yol çox qısa zamanda inşa ediləcək və 2020-ci ildə bitəcək.

Armen Qriqoryan Ermənistanın hökumət sistemində həlledici post tutur və əgər o, konkret vaxt göstərirsə, onda həm bizim cəmiyyətimizdə, həm də beynəlxalq birlikdə şübhə olmamalıdır ki, söhbət artıq bütün zəruri komponentləri aydınlaşdırılaraq işlənib hazırlanmış layihələrdən gedir. Təsadüfi deyil ki, TŞ katibinin müsahibəsi Ermənistanda böyük rezonansa səbəb olub və bunun səbəbləri aydındır. Ermənistanı Arsaxla birləşdirən yolun strateji əhəmiyyətindən danışmaq artıqdır. Eyni zamanda mübahisəsizdir ki, işlənib hazırlanmış Qafan-Hadrut yolu layihəsi Ermənistanla Arsax arasındakı strateji əlaqəni, həmçinin iqtisadi və hərbi-siyasi mənada buraxılış qabiliyyətini daha da gücləndirəcək.

Təbii, Ermənistanda həvəslə qarşılanan bir şey Azərbaycanda süngü ilə qarşılanır. Və təsadüfi deyil ki, Armen Qriqoryanın müsahibəsindən sonra Azərbaycan XİN-i kifayət qədər sərt bəyanatla çıxış etdi.

Diqqətçəkəndir ki, Qriqoryanın sensasiyalı müsahibəsindən sonra bizim yaxşı məlumatlı mənbələrimiz, yumşaq desək, bu bəyanatın etibarlılığını şübhə altına alıblar. Əsaslandırmaları çox müxtəlif olub.

Birincisi, Qriqoryan, onun həlledici post tutmasına baxmayaraq, hökumət düşərgəsində elə bir fiqur deyil ki, belə strateji əhəmiyyətli bir layihəni ictimailəşdirmək hüququ olsun. Adətən, strateji əhəmiyyətli qərarlar haqqında məlumatı cəmiyyət Baş nazir Nikol Paşinyandan öyrənir.

İkincisi, bu gün erməni iqtisadiyyatı, büdcəsi belə bir layihəni reallaşdıqmaq imkanına sahib deyil və hazırlıq işləri görülmədən, məsələn, “Ayastan” ümumerməni fondunun köməyilə bu layihə üçün ianə toplanması təşkil edilmədən belə bir layihəyə girişmək riskli olardı. Bu planda, Qriqoryanın ümumiyyətlə vəziyyətdən xəbəri yoxdur.

Nəhayət, bizim mənbəmizin informasiyasına görə, nəzərdə tutulan Qafan-Hadrut yolu layihəsi reallaşdırılma ehtimalı böyük, ancaq hələ müzakirə mərhələsində olan ideyadır. Və Armen Qriqoryanın dediyinin əksinə, bu layihə ilə bağlı siyasi qərar yoxdur.

Beləliklə, biz, demək olar, əminik ki, Qriqoryanın bəyanatı avantürizmin nəticəsidir. Ancaq müəyyən şəraiti nəzərə alaraq, biz bu mövzuya, ən azı indiki halda, toxunmamağa qərar vermişdik. Lakin artıq bu barədə danışmamaq mənasızdır, çünki dünən nüfuzlu rus saytlarından biri Qriqoryanın bəyanatının blef olduğunu açıqlayıb və bu informasiya digər xəbər resursları tərəfindən də yayılıb.

Armen Qriqoryan, istər-istəməz, reallaşma perspektivi olmayan, – istənilən halda, onun göstərdiyi müddətdə, – bəyanatla çıxış edib və bu, Nikol Paşinyanın və onun hökumətinin nüfuzuna geri dönüşü olmayan zərbə olacaq.

Ümumiyyətlə, siyasi blef Serj Sarkisyana xas olan əlamət idi. Məsələn, üçüncü prezident öz idarəçiliyinin müxtəlif vaxtlarında Ermənistanı İranla birləşdirəcək dəmir yolunun və ya yeni AES-in tikintisinə başlamağa söz vermişdi və faktiki, cəmiyyəti aldatdı. Legitimliyinin mənbəyi ictimai etimad olan inqilabi hakimiyyətlər belə davranışa yol verə bilməzlər. Biz dərindən əminik ki, Armen Qriqoryanın bəyanatından Nikol Paşinyanın xəbəri olmayıb.

Biz eyni zamanda əmin olmaq istəyirik ki, Qriqoyan öz komandasına qarşı siyasi sui-qəsdə qarışmayıb və sadəcə şok ifadələr işlətməklə özünü göstərməyə çalışıb. Qriqoryan, bizim təəssüflə yazdığımız kimi, TŞ katibi vəzifəsində heç nəyi ilə fərqlənmir. Belə ki, yüksəkçinli bu məmurun faydalılıq əmsalı çox aşağıdır.

Doğrusu, Qriqoryanın əhəmiyyətsiz “kikslər”inə (bilyard oyununda kiylə yalnış vuruş – tərc.) indiyədək diqqət edilməyib, ancaq onun sonuncu bəyanatı rüsvayçılıqdır. Belə yüksək statusu olan məmur məsuliyyətsiz bəyanatlarla çıxış edə bilməz. Bu durumdan ən yaxşı çıxış yolu Armen Qriqoryanın istefası ola bilər. Əks halda, bu, qaçılmaz olaraq onun işdən səs-küylü uzaqlaşdırılmasına gətirib çıxaracaq. Çünki hökumət özünü cəmiyyətin gözündə dəyərsizləşdirərək və xarici tərəfdaşının etimadını itirərək, Qriqoryanın məsuliyyətsiz bəyanatının nəticələrini qəbul edə bilməz.

Sarqis Arsruni (“1in.am”, Ermənistan)
Tərcümə Strateq.az-ındır

 
30.07.2019 11:53:00
Oxuma sayı: 255