Rusiya və Ermənistanın Gürcüstanı ram etmək planı
Ölçü:


Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Gürcüstanda əvvəlcə bir neçə gün Rusiya əleyhinə mitinqlər keçirildi, Rusiya Dövlət Dumasının deputatı faktiki Tbilisidən deportasiya edildi. İndi isə Gürcüstanda əks proseslərə start verilib. İyulun 28-də Batumidə Rusiya ilə sıx tərəfdaşlığı dəstəkləyən mitinq keçirilib. Mitinqi “Gürcüstan patriotlarının alyansı” partiyası təşkil edib. Minlərlə insanın iştirak etdiyi mitinqdə bu şüarlar səslənib: “Biz Moskva, Sxinvali (Cənubi Osetiya) və Suhumi (Abxaziya) ilə birbaşa danışıqlara başlamalıyıq”, “Hərbi bloklara üzvlük siyasətindən imtina etməliyik (NATO üzvlüyü hədəfindən imtina edilməsi nəzərdə tutulur)”.

Bu sıradan mitinq deyil. Rusiya ilə əlaqələrin bərpası tələbiylə keçirilən mitinq Gürcüstan hakimiyyətinin maraqlarına da xidmət edir. Gürcüstanın indiki hakimiyyəti və onun arxasındakı oliqarx Bidzina İvanişvili Abxaziya və Cənubi Osetiyanın işğalına görə Moskva ilə birbaşa əlaqələrə başlamağa hələ risq etməsə də, Kremllə əməkdaşlığın yollarını arayır.

Kreml Gürcüstan hakimiyyətinin və cəmiyyətinin bir hissəsinin əhval-ruhiyyəsindən istifadə etməyə çalışır. Batumidəki mitinqdən dərhal sonra Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin üzvü və Kremlə yaxınlığı ilə tanınan Oleq Morozov deyib ki, rus və gürcü xalqları bir-birlərinə düşmən ola bilməzlər, bu gürcülərin mentalitetinə uyğun deyil. “Təbiətcə bütün gürcülər Rusiya ilə sıx əlaqələrin tərəfdarıdırlar” - deyən Morozov bir başqa maraqlı açıqlama da səsləndirib: “Nə qədər Gürcüstan üçün ağrılı məsələ olsa da Tbilisi Abxaziya və Cənubi Osetiya ilə münasibətlərin normallaşmasına çalışır”. Morozov demək istəyib ki, Tbilisi son nəticədə Abxaziyanın və Cənubi Osetiyanın itirilməsiylə barışacaq.

Rusiya prezident Vladimir Putin iyulun 8-də Gürcüstanla təyyarə uçuşlarını qadağan etsə də, Rusiya vətəndaşlarının Gürcüstana səfərlərinin qarşısını tam almayıb. Gürcüstana gedən turistlər arasında çoxluq yenə də Rusiya vətəndaşlarına aiddir. Rusiyadan turist axını Gürcüstan üçün hər il yüz milyonlarla dollar qazanc deməkdir. Bu Gürcüstanla yanaşı Rusiyanın da maraqlarına cavab verir ki, Moskva turist axını vasitəsilə Gürcüstan hakimiyyətinin siyasətinə təsir etməyi düşünür. Təsadüfi deyil ki, Vladimir Putin belə bir ifadə də işlədib ki, o gürcü xalqını cəzalandırmaq fikrindən uzaqdır və Gürcüstana qarşı sərt sanksiyaların əleyhinədir.

Putinin bu siyasəti nədən xəbər verir?

Moskva Bidzina İvanişvilinin NATO və ABŞ-la müttəfiqlik əlaqələri konsepsiyasına yenidən nəzərdən keçirməsini istəyir. Əlbəttə, Kreml o qədər sadəlövh deyil ki, Gürcüstandan ikinci Ermənistan düzəltsin. Ancaq Kreml vaxtilə pullarını Rusiyada qazanan Bidzina İvanişvili ilə dialoqun mümkünlüyünü və onunla hər hansı razılaşmanı da istisna etmir.

Bu arada, başqa bir tendensiya müşahidə edilir. Rəsmi Tbilisi Rusiya-Gürcüstan-Ermənistan nəqliyyat dəhlizinin genişləndirilməsi imkanlarının əleyhinə deyil. Təsadüfi deyil ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakyan keçən həftə Tbilisidə keçirdiyi görüşlərdən razı qalmışdı. Tbilisidəki görüşlər zamanı Rusiya ilə Gürcüstanı birləşdirən “Yuxarı Lars” sərhəd məntəqəsinə alternativ yolun çəkilməsi müzakirə olunub. Qış aylarında “Yuxarı Lars” sərhəd məntəqəsində uçqunlar əmələ gəlir və bu zaman Rusiya ilə Ermənistan arasında tranzit əlaqələri dayandırılır. Bu isə Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Ona görə də “Yuxarı Lars” sərhəd məntəqəsinə alternativ yolun çəkilişi ilk növbədə Ermənistanın maraqlarına cavab verir. Belə görünür ki, rəsmi Tbilisi alternativ yolun çəkilişinə razıdır. Rəsmi Tbilisi bu yolla həm Rusiya, həm də Ermənistanla əlaqələrin inkişafına çalışır.

Ermənistanın Gürcüstana başqa təklifi də var: “Gürcüstanın Ermənistan üzərindən Avrasiya İqtisadi Birliyinin bazarına çıxışına şərait yarada bilərik”. Əslində bu təklifin arxasında da Moskvanın istəyi dayanır. Kreml İrəvan vasitəsilə Tbilisiyə təklif edir ki, Gürcüstan hakimiyyəti xarici siyasətini korrektə edərsə iqtisadi zəmində yeni gəlir imkanları əldə edə bilər. Bu gedişlə yaxın müddətdə Kreml Tbilisiyə diplomatik əlaqələri bərpa etməyi də təklif edəcək. Bu isə o demək olacaq ki, Gürcüstan 2008-ci il müharibəsinin ağır nəticələrini, o cümlədən Abxaziya və Cənubi Osetiyanın Rusiyanın nəzarətinə keçməsini arxa plana keçirməlidir. Kreml eyni siyasəti Kiyevə qarşı da həyata keçirir: “Krımı unudun!”, “Donbassın özmüqəddəratını təyinetmə hüququnu tanıyın!”

Beləliklə, Moskva və İrəvan birlikdə Tbilisiyə xeyli təklif veriblər. Ən maraqlısı odur ki, Gürcüstan hakimiyyəti Moskva və İrəvanın təkliflərini təhlil edərkən Azərbaycanla münasibətlərdə sərhəd gərginliyini ortadan qaldıra biləcək addımlar atmır. Tam əksinə, Gürcüstan hökuməti Keşikçidağa birbaşa yol çəkilişinə 2 milyon dollar ayırıb. Gürcüstan-Azərbaycan sərhəddini müəyyənləşdirən ikitərəfli komissiya öz işini davam etdirərəkən Azərbaycan ərazisindəki Keşikçidağa birbaşa yol çəkilişi qərarı strateji münasibətlərdə yeni gərginlik ocağı yaradır. Deməli, Tbilisidə düşünürlər ki, Rusiya və Ermənistanla əlaqələri inkişaf etdirərkən Azərbaycan istiqamətində süni gərginlik yaratmaq yolu ilə cənub qonşusundan torpaq qoparmaq olar.
29.07.2019 13:46:00
Oxuma sayı: 85