Universitetlərdə bahalı təhsil, tələbələrin yarımçıq qalan arzuları...-ARAŞDIRMA
Ölçü:

“Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Valideynlərim təhsil haqqını ödəyə bilməsələr, universitetdən qovulacam. Mən universitetə məktəbi qurtarandan iki il sonra çətinliklə qəbul olmuşam. Bütün arzularım, əziyyətlərim puç olacaq deyə, hər gecə ağlaya-ağlaya yatıram”.

Koordinat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin əyani şöbəsinin tələbəsi Aydan Əliyeva (ad şərtidir) deyir. Onun sözlərinə görə, hazırda BDU-da bu ixtisas üzrə illik təhsil haqqı 2200 manatdır:"Təhsil haqqı yüksək olduğundan valideynləri ödəməkdə çətinlik çəkirlər".

Bu problemlə üzləşən yalnız Aydan Əliyeva deyil. Ölkəmizdə təhsil haqqını ödəyə bilmədiyi üçün ümidləri, arzuları yarımçıq qalan yüzlərlə gənc var. Bəs, onların aqibəti necə olub?

Qeyd edək ki, Azərbaycanda təhsil haqqı yüksək olan yalnız jurnalistika fakültəsi deyil, belə pullu fakültələrin sayı çoxluq təşkil edir. Əgər illər üzrə müqayisə aparsaq, universitetlərdə təhsil haqlarının dəfələrlə artdığını müşahidə edərik. Elə "Abituriyent" jurnalının son üç il ərzində dərcinə baxmaq kifayətdir ki, ödənişli əsaslarla fakültələrin qiymət artımını görəsən.

Məsələn,
Tibb Universitetində:

Əczaçılıq fakültəsi - 2016 -cı ildə 2000 manat idisə, 2019- cu ildə bu rəqəm 4000 manata yüksəlib. Müalicə işi fakültəsi – 2016-cı ildə 3000 manat, 2019-cu ildə 4500, stomotologiya - 2016-cı ildə 3000 manat, 2019-cu ildə 4000,
tibbi profilaktika fakültəsi 2016-cı ildə 2000 manat, 2019-cu ildəisə artaraq 4000 manat olub.

ADA Universitetində:
Biznesin idarə edilməsi fakültəsi 2016-cı ildə 6000 manat idisə, 2019-cu ildə bu rəqəm 6500 manata yüksəlib.

Neft və Sənaye Universitetində: ABŞ-ın Corciya Universiteti və Almaniyanın Zigen Universitetinə hazırlıq üzrə aparılan ixtisasların ödənişı 2016- ci ildə 1800 manat, 2019 -cu ildə isə 2000 manat olub.

Bakı Dövlət Universitetində:
Hüquq fakültəsinın ödəniş haqqı 2016-cı ildə 3300 idisə, 2019-cu ildə bu rəqəm 4500 manat olub.
Turizm və otelçilikdə (Qazax filialı) təhsil haqqı 2018-ci ildə 1450 manat idisə, 2019-cu ildə bu rəqəm 1500 manatadək yüksəlib.

Xəzər Universitetində:
İqtisadiyyat fakültəsi 2016-cı ildə 4000 manat, 2019-cu ildə isə 4500 manat olub.

Azərbaycan Texniki Universitetində:
Menecment fakültəsinə qəbul olunanlar 2016-cı ildə 1600 manat ödəniş edirdilərsə, 2019-cu ildə bu rəqəm 1800 manata çatıb.

Əlbəttə, bu siyahını artırmaq da olar, amma məlum olan budur ki, bir neçə ildə qiymətlər fantastik səviyyədə artıb. Ali təhsil müəssisələrində ödənişlərin bu qədər artımının səbəbi nədir?

7 mindən çox tələbə təhsilini yarımçıq qoyub...

Təhsil eksperti Kamran Əsədov universitetlərdə qiymətlərin insanların yaşam səviyyələrinə uyğun olmadığını qeyd edib: "Universitetlərdəki təhsil haqqları reallığı əks etdirmir. Təhsil haqqı müəyyənləşərkən əhalinin orta statistik gəliri nəzərə alınmalıdır. İkincisi, o təhsil haqqı müqabilində verilən 51 universitetimizdə 164 min tələbə təhsil alır. Onun 31 faizi ödənişsiz, 69 faizi isə ödənişli əsaslarla oxuyur. Amma sonda onların 42 faizi işlə təmin olunur. Bu, çox biabırçı bir rəqəmdir. Bir kadrın hazırlanması üçün adambaşına maliyyələşmə mexanizmi var. Orta statistik təhsil haqqı 2500 manatdır. Bəs, ali məktəblər 2500 manatlıq təhsil verirmi? Bir tələbəni oxutmaq üçün universitet nə qədər xərc çəkir?!”

Baxmayaraq ki, dövlət universitetləri dövlət tərəfindən maliyyələşir, amma onlar da ödənişlidir” deyən ekspert müəllimin, işçilərin, rektorun əmək haqqını dövlətin ödədiyini, təhsil haqqlarından əldə olunan gəlirlərin isə universitetin büdcəsinə getiyini bilirib: “Bununla belə, Azərbaycan universitetlərinin heç biri dünya reytinqində yoxdur. Təhsil haqqlarımız onlardan çoxdur, amma reytinqimiz yoxdur. Bu paradoksal bir vəziyyətdir. Təhsil haqqının müəyənləşməsinə təsir edən amillər var. Məsələn, Türkiyənin Dövlət Universitetində təhsil haqqı 300-600 manatdır, Azərbaycanda isə 2500-4000 manat. Orada həm müəllimin əmək haqqı bizdən yüksəkdir, həm də kommunal xərclər bizdən daha çoxdur, amma təhsil haqqı azdır. Azərbaycanda təhsil haqları reallğı əks etdirmir. Məhz buna görə son 5 il ərzində 7 mindən çox tələbə universitetlərdə təhsilini yarımçıq qoyub. Çünki ödəyə bilməyiblər. Tələbələrə kredit vermirlər, təhsil haqları ilə bağlı güzəşt etmirlər. Bu gün də bir tələbə mənə yazıb, 4-cü kursda oxuyub, təhsil haqqını ödəmədiyinə görə, ərizəsini yazdırıb çıxartdırıblar. Nə qədər ki, biz vətəndaşlarımıza Mübariz İbrahimov kimi yanaşmayacağıq, xalqı, dövləti xilas edəcək bir şəxs kimi münasibət bəsləməyəcəyik, bu, belə də davam edəcək".

Ekspertin sözlərinə görə, Azərbaycanda vətəndaşların cəmi 17 faizi ali təhsillilərdir: "Hər min nəfərdən cəmi 126 nəfər ali təhsllidir. Bu bütün MDB ölkələrindən, hətta qonşu ölkələrdən də aşağı rəqəmdir. Amma siz insanların ali təhsil almasına imkan vermirsiz. Bu il ödənişsiz plan yerləri artdı. Keçən il 12 min plan yeri ödənişsiz idi, ölkə prezidentinin sərəncamı ilə bu rəqəm 21 minə qədər çatdırıldı. Amma ödənişli təhsilin faizi çox idi. Bu, il həmin rəqəm 45 faizə qaldırıb. Gələn il 50 faiz olacaq. Insanlar 500-650 balla pulluya qəbul olurdularsa, bu il həmin bal aşağı düşəcək. İki meyar var. Təhsilin əlçatımlılığının təmin olunması və təhsilin əhatə dairəsinin genişlənməsi. Bunların ikisinin də təmin olunması üçün universitetdə təhsil haqqı aşağı düşməlidir. Amma təəssüf ki, biz bunu təmin edə bilmirik".

"Təhsil Krediti haqqında Qanun" qəbul ediləcək...

Millət vəkili, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyev də mövzu ilə bağlı News24.az-a fikirlərini bildirib: “Təhsil siyasəti dövlətin nəzarətindədir. Azərbaycanda çox mühüm islahatlar həyata keçirilir.

Qanunvericilik bazası çox yüksək səviyyədədir. Təhsilin bütün səviyyəsində qanunvericilik bazasını yaratmışıq. Yaxın gələcəkdə təhsil məcəlləsi qəbul olunacaq. Və burda bütün məsələlər həllini tapacaq. Təbii ki, Azərbaycanda həyat səviyyəsi də yüksəlir. Artıq 90-cı illər deyil. Hazırda Universitetlərarası Təhsil Fondu yaradılır. Biz yaxın gələcəkdə təhsil haqqında qəbul etdiyimiz qanunların sırasında "Təhsil Krediti haqqında Qanun" qəbul edəcəyik. Orda tələbələr üçün bütün şərait yaradılacaq. Ümumiyyətlə, gələcəyə nikbin baxmaq lazımdır. Bü gün Azərbaycan bütün dünyaya nümunədir" (News24.az).

20.07.2019 13:17:00
Oxuma sayı: 287