Sabiq nazir valyutadəyişmə məntəqlərinin bərpasının əleyhinədir
Ölçü:


“Valyutadəyişmə məntəqələrinin banklardan, onların filiallarından və nümayəndəliklərindən kənarda açılmasının tərəfdarı deyiləm”.

Koordinat.az
xəbər verir ki, bunu teleqraf.com-a sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib. O qeyd edib ki, bunun acı nəticələrini 2015-ci ildə manatın iki kəskin devalvasiyası zamanı gördük: “Heç bir banka aidiyyatı olmayan valyutadəyişmə məntəqələri valyuta bazarında yersiz gərginlik yaratmaqla on milyonlarla pul qazandılar. İtirən isə sadə insanlar və dövlət oldu. Bu səhvlərin təkrar olunmasına ehtiyac varmı? Kim zəmanət verir ki, neftin qiymətində kəskin azalmalar baş verəcəyi təqdirdə bu məntəqələr yenə də böyük spekulyasiya mərkəzinə çevrilməyəcəklər?”

F.Yusifov qeyd edib ki, Rusiyada, Türkiyədə və başqa ölkələrdə valyutadəyişmə məntəqələri bir qayda olaraq bankların özündə, onların filiallarında və ya nümayəndəliklərində fəaliyyət göstərirlər: “Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir. Bu, həm də ölkənin maliyyə təhlükəsizliyi, terrorun və başqa neqativ əməllərin maliyyələşdirilməsinin qarşısının alınması nöqteyi-nəzərindən çox vacibdir. İki ilə yaxındır ki, bu məntəqələr bağlanıb. Bu iki ildə nə baş verib? Bu gün kimsə hansısa bankda, onun filialında və ya nümayəndəliyində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alıb-satmaqda çətinlik çəkirmi? Məncə, yox. Bəs onda biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq?”

Ekspert onu da bildirib ki, hansı banka mənsub olduğu bilinməyən belə valyutadəyişmə məntəqələrində neqativ halların daha çox baş verəcəyi də istisna deyil: “Belə məsələlərdə bankın məsuliyyəti ilə 6 kvadratmetr sahədə yerləşən müstəqil valyutadəyişmə məntəqəsinin məsuliyyəti eyni ola bilməz. Əgər doğrudan da ölkədə və Bakı şəhəri də daxil olmaqla iri şəhərlərdə valyutadəyişmə məntəqələrinə tələbat artıbsa, onda vəziyyətdən daha düzgün çıxış yolu konkret olaraq hansısa banka məxsus bir neçə ixtisaslaşmış iri və çoxlu sayda müştəriyə eyni zamanda xidmət etmək iqtidarında olan valyutadəyişmə məntəqələrinin açılması ola bilər”.
05.01.2018 12:43:00
Oxuma sayı: 534