Gürcülər Azərbaycan sərhədçilərini tərksilah edib qovdular - Keşikçidağda
Ölçü:


“Gürcülərin nazı ilə çox oynayırıq. Başlarını tumarlamaqla məsələni həll edə bilmədik”.

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu dünən Gürcüstanla sərhəddə - Keşikçidağda keşik çəkən Azərbaycan sərhədçilərinin tərksilah edilərək onların oradan qovulmasına münasibət bildirərkən belə deyib. O, Gürcüstanla sərhəddə baş verənləri  təribat kimi dəyərləndirib və deyib ki, rəsmi Tbilisi bir qrup gürcü təxribatçının qarşısını təcili şəkildə almalıdır: “Rusiya ilə münasibətlərini gərginləşdirmələri az deyil, yenidən bizə dil uzadırlar. Təxribatçılarına nəzarət etmək istəmirlər”.

Bu arada Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi baş verənlərlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 14-də saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Qeyd olunub ki, Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

15.07.2019 15:54:00
Oxuma sayı: 76