Sevinc Orucova: “Şəhid övladlarının yarasına məlhəm olmağa çalışırıq”
Ölçü:



“Elə şəhid övladı var ki, atası öləndən sonra doğulub.  Sevgi və dəstəkdən başqa bu  itkini biz heç nə ilə əvəz edə bilmərik”.

Bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc  Orucova Modern. az saytına danışarkən  söyləyib.

“Bildiyimiz kimi 1990-cı illərdən bəri Azərbaycan müharibə  şəraitində yaşayır. Bu işğala qarşı daim mübarizə aparan oğul və qızlarımız olub və olmaqda da davam edir. Biz bu işğalla barışmadıq . 90 cı illərdən bugünkü günə qədər 20 minə yaxın şəhid vermişik, sağ qalan qazilər və müharibə veteranlarımız da var. Elə ixtisaslaşmış qeyri-hökümət  təşkilatları var ki, bu sahədə əllərindən gələni əsirgəmirlər. Mən bu illərdə o təşkilatlardan çox şey öyrəndim. Bu istiqamətdə fəaliyyət göstərən  bir çox təşkilatları - Qarabağ Qaziləri, Əlillər Cəmiyyəti, Şəhid Ailələri və Veteranlar Cəmiyyətini misal gətirə bilərəm”.

Sevinc Orucova “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin aprel döyüşlərindən sonra yarandığını və uzun yol keçdiyini bildirir.

“Bizim əsas məqsədimiz döyüşdə həlak olan qəhrəmanların xatirələrin yaşatmaq, eyni zamanda onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır. Sosial, psixolojı baxımdan da yanaşaraq istəyirik ki, şəhid ailələri özlərini tək hiss etməsinlər . Mənə elə gəlir ki, müharibə şəraitində yaşayan bir dövlət üçün bu cür təşkilatların yaranması bir zərurətdir. Bir həqiqət var o da Dağlıq Qarabağ məsələsidir. Hər bir vətəndaşın  da istəyi odur ki, doğma torpaqlarımız azad olunsun.  Çünki Qarabağa gedən yol şəhidlərimizin qanı üzərində qurulub. Mən özüm də şəhid ailəsiyəm.  Qarabağ müharibəsində  həyat yoldaşım Raquf Orucovun əvvəlcə anası, sonra dayısı, özü isə Aprel döyüşləri zamanı  əsgərinin gözü önündə qəhrəmancasına şəhid oldu. Biz bu ağrını və itkini daha yaxşı anlayırıq.  Biz bir -birimizə kömək etməyi özümüzə vətəndaşlıq borcu hesab edirik. Şəhid olmaq da Raqufun  vətən qarşısında borcu idi verdi və getdi.  Adətən insanlar şəhid ailəsinin adını eşidəndə  ailə başçılarını itirdiyi üçün kövrəlir. Ancaq bir şeyi unutmamaq lazımdır ki, şəhid ailələri hərəsi bir qəhrəman yetişdirib. Təşkilatın əsas idea xətti , gənclər arasında tanıdılmasıdır. 2016 ci ildə Aprel döyüşlərində şəhid olanların əksəriyyəti yüksək rütbəli zabitlər, əsgərlər idi. Bunların hər biri gəncliyimiz üçün bir örnəkdir.  Mənə elə gəlir ki, bunları təbliğ etmək, şəhidlərin həyat yolunu göstərmək  gənclərə bir stimuldur”.

Şəhid Raquf Orucovun xanımı “Zəfər” Birliyinin gördüyü işlərdən müfəssəl məlumat verir.

“Universitetlərdə, orta məktəblərdə anım tədbirləri həyata keçirilir. Bu işdə əlbəttə ki, gənclərimiz ,Asan könüllülər, Gənclər Fondu bizə çox böyük köməklik göstərir. Hər bir şəhid ailələsinin qapısına baş çəkir, onlara maddi və mənəvi dəstək göstərir. Mən sevinirəm ki, gənclərimiz düzgün qapını döyməyi bacarırlar. Bu özü vətənpərvərlik ruhunu aşılamaq  üçün bir siyasətdir. Həmçinin qəhrəmanlar haqqında kitablar çap edilir, filmlər çəkilir.  Bu sevindirici bir haldır ki, dövlət bu sahədə atılan hər bir addıma dəstəkdir. Biz çalışırıq ki, şəhid övladları diqqətdən kənar qalmasın. Çünki onların aldığı zərbəni, itkini heçbir şeylə əvəz edə bilmərik . Aldıqları yaraya cüzi də olsa məlhəm olmağa çalışırıq.  Ata itkisini heç bir maddiyatla geri almaq olmur”.

Sevinc Orucova Heydər Əliyev Fondunun təşkilata xüsusi diqqətindən söz açır.

“Rabitə və Yüksək Texnologiyalar nazırliyinin təşkilatçılığı ilə tədbirlər həyata keçiririk. Bu il  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə şəhid övladları üçün İsmayıllı rayonunda  yay düşərgəsi təşkil edəcəyik.  Tədbirlər və layihələrimiz çoxdur. Bu işdə isə bizə ən böyük dəstək verən Heydər Əliyev fondudur. Fondun dəstəyi ilə biz xəstə olanlara, yaralı qazilərə və şəhid uşaqlarına  köməklik göstərmişik. Nə zaman müraciət ediriksə tez bir zamanda məsələyə baxılır. Fondun prezidenti Mehriban xanımın  bu mövzuya çox həssas yanaşır, nə qədər xəstə yaralı zabitlərimiz fondun sayəsində xaricə müalicəyə göndərilib. Bu qayğı bizə daha da qol qanad verir”.

11.07.2019 15:02:00
Oxuma sayı: 17