12 gün əvvəl itikin düşən alpinistlərin Qəbələdə izinə rast gəlinməyib
Ölçü:


Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı fikirlər səsləndirilir.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlara görə, dağçılar icazəsiz gedib, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməyiblər. “Gilavar” Hava-Ekstremal İdman klubundan məsələyə aydınlıq gətirilib və bildirilib ki, səsləndirilən fikirlər doğru deyil: “Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər”.

“Gilavar” ekstrim və idman klubu axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlərin tirajlanmasından da narazıdır: "Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir. Reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayırlar. Bəli, Qəbələdə axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs belə informasiya verməyib ki, Qəbələdə izlər var. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün vaxtlarla bağlı müvafiq tədbirlər görüləcək".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.
04.01.2018 11:34:00
Oxuma sayı: 12591