Polşada qadın rəssamlarımızın sərgisi keçirilib
Ölçü:



Polşa Respublikasının Pruşkuv şəhərində Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

Koordinat.az xəbər verir ki, sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində təşkil olunub.

İyunun 30-dan iyulun 3-dək  Pruşkuv Şəhər Mədəniyyət və İdman sarayının rəsm qalareyasında təşkil edilən sərgidə Nərminə Vəliyeva, Səidə Kəbirlinskaya, Nurgül Əliyeva, Zəhra Məmmədzadə, Əzizə Sadıqova, Leyla Babayeva, Şura Zeynal, Zəhra İldırımzadə və Leyli Musayevanın əsərləri nümayiş olunub.

İyulun 1-də isə sərginin rəsmi açılış mərasimi keçirilib.

Mərasimi Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski açıb, sərginin məramı barədə qonaqlara məlumat verib.

Azərbaycan Respublikasının Polşadakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrindən söhbət açıb, belə bir mədəniyyət tədbirinin Pruşkuv şəhərində keçirilməsinin təsadüfi olmadığını xatırladıb. Səfir bildirib ki, Bakının Xəzər rayonu ilə Polşanın bu rayonu qardaşlaşmış şəhərlər kimi sıx əlaqə saxlayır. Bu günkü tədbir də həmin əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Həsən Həsənov Azərbaycanda rənggarlıq sənətinin qədim tarixə malik olduğunu xatırladıb, bu sərgidə isə müasir Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmaq imkanı yaradıldığını bildirib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva tədbirdə çıxış edərək sərginin təşkilinə Azərbaycan dövlətinin verdiyi dəstəyi xüsusi vurğulayıb, belə mədəniyyət tədbirlərinin xalqlar arasında körpü rolunu oynadığını diqqətə çatdırıb.

Tanınmış rəssam Nərminə Vəliyeva nümayiş edilən rəsm əsərlərinin məziyyətləri barədə danışıb, Polşada Azərbaycan rəssamlarının əsərlərinə göstərilən diqqət və marağa görə özünü xoşbəxt hiss etdiyini bildirib.

Tədbirdə çıxış edən Pruşkuv şəhərinin prezidenti Pavel Məkux və Pruşkuv rayonunun starostası Kriştof  Ryumuza da bu cür mədəniyyət tədbirlərinin mühüm əhəmiyyət daşıdığından bəhs ediblər.

Sonra tədbir iştirakçıları - yerli rəssam və mədəniyyət xadimləri, şəhər sakinləri Azərbaycanın qadın rəssamlarının əsərləri ilə yaxından tanış olublar.

Sərgiyə gələn qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kitab və broşurlar paylanıb, onlar Bakıda polyak memarların inşa etdiyi binalara həsr edilmiş xüsusi stendə, eləcə də bu mövzuda kitablara böyük maraq göstəriblər.

Qonaqlar həmçinin ölkəmizin Polşadakı səfirliyi tərəfindən təqdim edilən Azərbaycan paxlavası və nar şirəsinə qonaq edilib.
09.07.2019 09:50:52
Oxuma sayı: 243