Rəsulzadə 100 il əvvəl söyləmişdi: "Ruhaniləri siyasətə qarışdırmayın!"
Ölçü:


"Tarixi simaları bütləşdirməyin əleyhinəyəm, amma belə şəxsiyyətlər yetişdirmək hər millətə nəsib olmur".

Koordinat.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. O qeyd edib ki, hazırda İranda, Türkiyədə baş verən hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının öz dövrlərini ən azı 1 əsr qabaqlayan dühalar olduğunu bir daha təsdiqləyir: "Onların irsini ən qiymətli xəzinə kimi möhkəm-möhkəm sahiblənməliyik".

Politoloq Azərbaycanın qonşuluğunda baş verən ictimai-siyasi hadisələrdən bəhs edərkən Məmmədə Əmin Rəsulzadənin hələ 100 il əvvəl din-dövlət münasibətləri barədə söylədiyi fikirləri də xatırladıb: "Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan, müqəddəsdir. Deyirlər ki, seçki də müqəddəsdir və belə bir müqəddəs işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər başqa, dünya işləri isə bambaşqadır. Əgər diqqətli olsanız, görərsiniz ki, dünyəvi məsələlərdə dini məsələlərə xas olan müqəddəslik qətiyyən yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda müqəddəslik aramaq əbəsdir. Üləmanın vəzifəsi bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın…"

Şahin Cəfərli xatırladır ki, Türkiyə dövlətinin dini işlər idarəsinin 9 yaşlı qızları həddi-buluğa çatmış sayması və onların ərə verilə biləcəyini bəyan etməsi, "Yetenek sizsiniz" proqramında şort geymiş 7-11 yaş arası qız uşaqlarından ibarət qrupun çıxışının "kişiləri təhrik etməsi" səbəbilə Acunun telekanalına 1 milyon lirə cəza kəsilməsi bu ölkənin başındakı adamın bölgədə baş verənlərdən hələ də dərs çıxarmadığını göstərir: "Özləri bilər. Biz dünyəvi dövlətimizə sahib çıxaq. Demokratiya defisiti, korrupsiya, pis idarəçilik sonrakı mərhələdə həll olunası problemlərdir".
04.01.2018 11:28:38
Oxuma sayı: 483