Azərbaycan hökumətinə təhlükə daxildəndirmi? - Təhlil
Ölçü:


Bu yaxınlarda Bakıda güc strukturlarında edilmiş yeni təyinatlar hələ də müzakirə edilməkdədir, bunun nə demək olduğu sual edilir. Güc strukturlarının rəhbərliyində bu cür gözlənilməz dəyişiklərin səbəbini məlumat qıtlığına görə anlamaq çətin olsa da, siyasətdəki prioritetlər və rəhbərliyin baxışları haqqında nəticə çıxarmağa kifayət qədər əsas var.

Yerdəyişmələrin təbiəti, elan olunmuş islahatlar kursunu da sınaqdan keçirmək imkanı verir.

Başlıca təhlükə daxildəndirmi?

Azərbaycanın başlıca təhlükəsizlik qayğısı qonşu Ermənistan tərəfindən pozulmuş ərazi bötüvlüyü ilə bağlıdır. Təhlükəsizliyə bu təhdidin həllini 25 il ərzində tapmaq mümkün olmayıb. Bundan əlavə, Gürcüstan və Türkiyə istisna olunmaqla, Azərbaycan heç də hər zaman dost olmayan və ambisiyalı dövlətlər - İran və Rusiya ilə əhatə olunub.

Güman etmək olardı ki, xarici düşmən və ya kəşfiyyatdan müdafiə sistemi təhlükəsizlik siyasətinin prioriteti və islahatların başlıca obyekti olmalıdır. Xüsislə də, ordudakı qalmaqalları - Tərtər casus qalmaqalını nəzərə almaqla. Lakin hələ Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri təyin olunduğu dövrdən bəri hakimiyyət daxili təhdid mənbələrinin özü üçün mühüm olmasına dair siqnallar göndərməkdədir.

Bu dəfəki təyinatların da hamısı və ilk növbədə, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində siyasi xadim Ramiz Mehdiyevi keçmiş Daxili İşlər naziri Ramil Usubovla əvəzləmək qərarı buna işarə edir. Etirazları güc işlədərək yatırtmaqla tanınan Vilayət Eyvazovu və penitensiar sistemin rəhbəri kimi bir keçmişi olmuş Mədət Quliyevi hakimiyyətə gətirmək ölkə rəhbərliyinin nəyi təhlükə saydığından xəbər verir.

Yeri gəlmişkən, Vilayət Eyvazov təyin olunan kimi, onun 2003-cü ildə etirazların dağıdılmasında həvəslə iştirak etdiyi göstərilən fotoları sosial mediada yayılmışdı. Müdafiə Sənayesi naziri vəzifəsinə rəhbər təyin olunuş Mədət Quliyev bundan əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri idi.

Yerdəyişmələr üçün daha bir səbəb oliqarxlaşmadan və hökümət üzvlərinə nəzarəti itirməkdən yayınmaqdır. Belə hallar keçmişdə bir neçə dəfə olub.

Vəzifədə eyni adamın uzun müddət qalması sistemdə sabitlik faktoru kimi qəbul olunsa da, Eldar Mahmudovun və Beynəlxalq bankın keçmiş rəhbəri Cahangir Hacıyevin əhvalatları göstərib ki, əsas təhlükə və risklərdən biri də patronajlıq sistemində "həddi" keçmək və hakimiyyətdaxili tarazlığa təhlükə yaradacaq dərəcədə güclənməkdir.

Bir çox müşahidəçilər hökümətin güc strukturlarına diqqət verməsinin mümkün səbəbi kimi getdikcə daha tez-tez baş verən ictimai etirazları göstərir. Hökumətin daha açıq şəkildə tənqid edilməsi ilə müşahidə edilən daxili vəziyyət, bəzilərinə görə, getdikcə mürəkkəbləşir.

İslahatların sınağı: təzyiq yoxsa qətiyyət?

Nazirlərin yerdəyişmələri, eləcə də, artan daxili problemlərin həlli yollarına da baxışları əks etdirir.

Postneft dövrünə qədəm qoyan ölkə kimi Azərbaycanda rəhbərlik getdikcə qalaqlanan sosial problemlərlə üzləşməyə başlayıb. Bu yaxınlarda maaşların və pensiyaların artırılması belə, iqtisadiyyatda inhisarçılıqdan doğan inflyasiyanı və qiymət artımını tarazlaşdıra bilmir. Bunun üzərinə yerli səviyyədə vəzifəli şəxslərin özbaşınalığı, məhkəmə sistemində korrupsiya və əsas hüquqların pozulması da gəlir.

Bundan başqa, neft dollarlarının həcminin azalması hökumətin müəyyən əhali qruplarını sakitləşdirmək, patronajlıq sistemini dəstəkləmək və elita təbəqəsini ələ almaq və parçalamaq qabiliyyətini məhdudlaşdırır. Elan olunmuş islahatlara həqiqi sadiqlik idarəetmədəki çatışmazlıqlar və ya daxildə özünü göstərən qeyri-sabitliyin köklü səbəblərinə çarə ola bilər.

Lakin bunun üçün lider, vəziyyətdən çıxış yolunu necə görməlidir? Qərarların qəbulunda daha çox şəffaflıq yaradaraq, idarəçiliyə QHT və elmi dairələrin ekspertlərini cəlb və təyin edərək, narazılıq küçə etirazlarına çevrilənədək idarəçiliyin bütün aspektlərini təkmilləşdirərək, əhaliylə dialoqa gedərək. Bunun əvəzində isə güc strukturlarında son təyinatlar ictimai etirazları və fəalları boğmaqda təcrübə toplamış funksionerləri vəzifədə yüksəldib. Bu isə rəhbərliyin təhlükəsizlik sahəsində prioritetlərini və onları ünvanlamaq yollarına baxışlarını aşkarlayır.

Xarici düşmən

Lakin regiondakı bir çox liderlərlə bağlı problem ondadır ki, onlar ictimai etirazların və ya adətən "daxili qeyri-sabitlik" adlandırdıqları hadisələrin səbəbini onların yürütdüyü siyasət və ya idarəçilikdə deyil, "xarici düşmənlər"in vəziyyəti qızışdırmasında görürlər.

Türkiyədə Gezi parkı nümayişlərində və sonradan elm adamlarının xarici dövlətlərin agentləri kimi təqib olunmasında və ya Ərəb baharı, 2011-ci ilin Bolotnaya etirazları və Kiyevdə Avromaydandan sonra Rusiyada xarici casus ovu və 2013-2014-cü illərdə rəsmi Bakının "qabaqlayıcı ölçü" kimi vətəndaş cəmiyyətinə basqısı zamanı belə hallar müşahidə edilib.

Hazırkı vəziyyət bu liderlər üçün daha da mürəkkəbdir.

2018-ci ildə Rusiyadan ölkə kimi asılı olan Ermənistanda da məxməri inqilab oldu, ötən həftə Tbilisidə Gürcüstan parlamentində Rusiya deputatlarının əyləşməsi əleyhinə etirazlar baş verdi. Türkiyədə isə İstanbul meri seçkisinin nəticələrinin ləğv olunmasına baxmayaraq müxalifət liderinin yenidən mer seçilməsi hazırki Erdoğan hakimiyyətinə böyük zərbə oldu. ABŞ-İran münasibətləri regionu yenidən onun xaricindəki aparıcı dövlətlərin diqqət mərkəzinə çəkdi.

Qarşılıqlı görüşlərdə və bir-birilərinə zənglərdə (misal üçün, Mehdiyev-Patruşev görüşü və ya Erdoğanın Əliyevə zəngi) ifadə edildiyi kimi "xaricdən qaynaqlanaraq daxili sabitliyə təhlükə" qəbul edilən bu region boyu baş vermiş etirazlar və istefalar region liderləri üçün təhlükəsizlik sahəsində yeni təhdidlər dalğasından xəbər verir.

Azərbaycanın güc strukturlarında bu yerdəyişmələr idarəçiliyin mahiyyətini dəyişmir və islahatların göstəricisi deyil. Sadəcə, hakimiyyətə təhlükənin artan prioritet olmasının və eyni zamanda artan sosial fəallığın əvvəlki köhnə üsullarla yatırılmasına üstünlük verilməsinin mühüm göstəricisidir.

Leyla Əliyeva,
 Siyasi təhlilçi, Oxford Universiteti


27.06.2019 14:07:00
Oxuma sayı: 99