Azərbaycan məmurunun oğlunun 2.5 milyonluq saatı oğurlanıb – London yenə şokda
Ölçü:


İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqliq dəyərində saatı oğurlanıb.

Koordinat.az xəbər verir ki, İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq (2.5 milyon AZN) dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Daily Mail” nəşri dərc edib. Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə sözügedən şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb.

Xatırladaq ki, Cavanşir Həsənli bundan əvvəl bəzi azərbaycanlı məmurların Avropadakı bahalı mülkləri barədə araşdırma materiallar təqdim edib. Və bu materiallar səs-küylü qalmaqallara səbəb olub.

Saleh Məmmədovun oğlunun bahalı saatının oğurlanması barədə  haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə qələti eləmirlər.

Bəs, 22 yaşlı azərbaycanlı kimdir?: “Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?

Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar.

22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb.  O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir.

2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir.

İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”.

27.06.2019 10:21:00
Oxuma sayı: 38626