“New York Times”: İmamoğlu Ərdoğanın bacara bilmədiyini edib
Ölçü:


İstanbul bələdiyyə başçılığı seçkilərində müxalifətin namizədi olan Əkrəm İmamoğlu Bazar günü Rəcəb Tayyib Ərdoğan, habelə Ədalət və İnkişaf Partiyasından olan rəqibini 806 min səs çoxluğu ilə (54%) məğlub edib. Bu, yaxın iki onillikdə hakim partiyanın ən böyük məğlubiyyət idi.

İmamoğlu Türkiyəni demokratik birgə yaşayışa imkan verən siyasətə yönəldərək İstanbulda qalib gəlib. O, siyasi hakimiyyətə yenilik gətirə biləcəyini isbatlayıb, bununla da bütün populistlərə anlaşılan ismarış verib. CHP namizədi qütbləşməni daha da dərinləşdirmədən, onu aradan qaldıraraq bunu bacarıb.

Türkiyədə mart bələdiyyə seçkiləri iqtisadi tənəzzül dövründə reallaşdırılıb və Ərdoğan, Ankara və İstanbul da daxil olmaqla, demək olar ki, bütün böyük şəhərləri müxalif Cümhuriyyət Xalq Partiyasına təhvil verib.

Türk siyasətinin lideri hesab edilən Ərdoğan və hökuməti böyük gəlir və nüfuz qaynağı olan İstanbulun itkisi ilə barışa bilməyib. AKP Ali Seçki Qurumunu (YSK) yeni seçki keçirməyə çağırıb. O, seçki saxtakarlığını iddia edərək, seçici qeydlərində kiçik pozuntulara yol verilməsi və seçki qutularına nəzarət edən vəzifəli şəxslərin etimadsızlığı ilə əlaqədar sübut təqdim etmədən bu tələbi irəli sürüb.

Türk seçki qurumu buna məcbur olub və 23 İyuna İstanbulda yeni seçki təyin edilib. İnsanlar, ehtimal ki haqlı olaraq, Ərdoğanın bu qərara təzyiq etdiyi gümanına gəlib. Yalnız özünə səs verməyən əhalinin təxminən yarısı deyil, həm də öz tərəfdarlarının çoxunda bu hal narahatlıq doğurub. Türklər məğlubiyyətindən sonra hökumətin yeni seçki təşkil etməsini həzm edə bilməyib.

Ərdoğanın partiyası özünün xarakterik mənfi təşəbbüsünü tərk edərək, namizədi olan Binəli Yıldırımın köhnə baş nazir və Türkiyə parlamentinin spikeri vəzifələrinə vurğu ilə seçicinin gözündə cazibədar olmağa çalışıb.

Yıldırımın ən əhəmiyyətli keyfiyyəti prezident Ərdoğana sadiqliyidir və kampaniya boyu özü haqda seçkiyə zorən qatılma təəssüratı yaradıb. O, darıxdırıcı, mikrofona pıçıldama taqəti və söz tapmaqda çətinlik çəkən adam kimi görünüb.

Bunun əksinə, cənab İmamoğlu müxalifətin çeşidli yönlərini birləşdirib: təmsil etdiyi CHP, millətçi tərəfdaşı İyi Partiya, kürdpərəst Xalqların Demokratik Partiyası (HDP). Onun mitinqləri fərqi siyasi simvollardan ibarət idi: göy qurşağı rəngli bayraqlar, pantürkist plakatlar, Xalqların Demokratik Partiyasının bayraqları, hicablı qadınlar və s.

Seçki kampaniyasının son günlərində aparılan rəy sorğuları İmamoğlunun üstün mövqedə olduğunu göstərib. Buna görə də, Ərdoğan müxalif namizədin üstünə atılıb. O, İmamoğlunu əvvəllər Ərdoğanın müttəfiqi olan və 2016-cı ildə (251 nəfərin öldüyü və 2 min nəfərin yaralandığı) Türkiyədə dövlət çevrilişi təşəbbüsünə görə cavabdeh sayılan vaiz Fətullah Gülənlə əlaqədə ittiham edib. “CHP namizədinin bütün ritorikası yalan və təqiyyə üzərinə qurulub”, – deyən Ərdoğan bəzi İslam məzhəblərinin tətbiq etdiyi strateji aldatmalara, qurumlara sızmaya toxunub.

Türkiyə prezidenti və ona sadiq KİV-lər, həmçinin İmamoğlunu Kürdüstan İşçi Partiyası – və ya Türkiyə dövlətinin 30 ildir mübarizə apardığı PKK – ilə əlaqə qurmaqda suçlayıb.

Bununla yanaşı, Ərdoğan PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın yazdığı məktubun açıqlanmasına icazə verib. Öcalanın məktubu HDP seçicilərini “neytral qalmağa”, İmamoğluna səs verməməyə çağırıb. Sosial mediada Öcalandan mədəd umduğu üçün Ərdoğan lağa qoyulub. Çünki Öcalan, ümumiyyətlə, Türk mətbuatında ən qatı düşmən olaraq səciyyələndirilir.

Ərdoğan mart zəfərini İmamoğlundan oğurlamaqdan və yeni seçkiyə məcbur etmədən çox uzağa gedib. 2000-ci illərin əvvəllərində hakimiyyətə yüksələn dindar müsəlmanlar partiyası kimi qələmə verilən AKP məğlub statusu ilə barışa bilmir. Hakimiyyətdə iki onilliyində AKP Türkiyəni cib dövlətinə çevirib. Amma müxalifətin seçki zəfəri buna son qoyub.

Türklərin Ərdoğana əleyhdarlığı onun görünən ümumi nəzarətinə qarşıdır. Müxalifətin istənilən kampaniyası ədalət çağırışına əsaslanır, amma Türkiyədə bu cür çağırışlar intiqam qorxusu doğurur. Dünyəvi elitaya məxsus köşə yazarı və yazıçı Mine Kirikkanat ötən il ictimai bir tədbirdə açıqlamaları da bu əhval-ruhiyyəni yaratmışdı.

Amma mühafizəkar müsəlmanların əksəriyyət təşkil etdiyi İstanbulun Fatih, Eyüp və Üsküdar kimi rayonlarında revanşist impulslara qarşı çıxan İmamoğlu bu məhəllələrdə də səs çoxluğunu təmin edib.

Kampaniyasına başlamazdan əvvəl İmamoğlu özünü insanları tanıtmaq və nüfuzuna hörmət etdiyini göstərmək üçün prezident Ərdoğanla görüşüb. O, böyük şəhərin mühafizəkar rayonlarında ağır mübarizə aparıb, Ramazan ayı boyunca sıravi vətəndaşların evlərin gedərək onlarla birlikdə orucunu açıb və AKP-li seçicilərin düşüncələrini dinləyib. O, Ərdoğanın, həqiqətən də, bacara bilmədiyi şeyi edib: inşaların bir-birini qucaqlaması və qanun qarşısında bərabər yaşaya bilməsi mühiti yaradıb. Zəfər mitinqdə İmamoğlu deyib: “Bu, qələbə deyil, bu yeni bir başlanğıcdır”.

Səlim Koru (The New York Times)
Tərcümə: Strateq.az

25.06.2019 15:44:00
Oxuma sayı: 116