26 ildə tələbə qəbulu planı 2.66 dəfə, abituriyentlərin sayı 2.06 dəfə artıb
Ölçü:


“1992–2018-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir”.

Koordinat.az
xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. Jurnalda qeyd olunub ki, 1992–2018-ci illər üzrə plan yerləri və abituriyent ərizələrinin dinamikasının müqayisəli təhlilinə əsasən, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2.66 dəfə, abituriyent ərizələrinin sayı isə 2.06 dəfə artıb. İllər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planları tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2018-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, demək olar ki, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, ixtisaslar üzrə keçid balları xeyli aşağı düşüb.

 
 
21.06.2019 13:47:00
Oxuma sayı: 93