Bəzi siyasi partiyalar köklü islahatlar istəyinə görə toplandı - FOTO
Ölçü:


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə “Köklü islahatlarla dəyişikliklərə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Koordinat.az xəbər verir ki, toplantıda Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ağ Partiyanın sədri Tural Abbaslı və digər şəxslər iştirak ediblər.

AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyaların sədrlərinin və üzvlərinin iştirakı ilə hazırlanan layihənin müzakirəsi və orada təkliflərin yer almasıdır.

Qüdrət Həsənquliyev çıxışında bildirib ki, ölkədə bəzi müxalifət partiyaları var ki, inqilabi dəyişikliklər istəyir, bu istiqamətdə fəaliyyət göstərməyi təklif edirlər: “Son vaxtlar bəzi insanlar bizim mənəvi dəyərlərə sığmayan söyüşlər söyür, iqtidar nümayəndələrini, onlar kimi düşünməyən insanları təhqir edirlər. Düşünmürlər ki, söyüş söyməklə, başqalarını aşağılamaqla hakimiyyət dəyişikliyi mümkün olsaydı, dünyadakı bütün əxlaqsızlar hakimiyyətə gələrdi. Çox təəssüf ki, bunlar reallıqdır. Biz Dağlıq Qarabağ məsələsinə görə elə bir bataqlığa düşmüşük ki, dünyada güclü erməni lobbisi və islamafob qüvvələr Azərbaycanda islahatların dərinləşməsində, hüquqi dövlət olmasında maraqlı deyillər. Mən əminəm ki, ölkədə islahatların dərinləşəcəyi təqdirdə çalışacaqlar ki, sabitliyi pozsunlar. Özünüz də görürsünüz ki, bugünkü toplantıya bəzi partiyalar qatılmayıb. Hesab edirəm ki, cəmiyyətdəki sağlam qüvvələr bir araya gəlməli və biz iqtidara, Prezidentə sivil qaydada müraciət etməliyik”.

Sabir Rüstəmxanlı isə deyib ki, son 30 ildə Azərbaycanda gedən proseslər narahatlıq doğurur: “İstənilən döyüşdə, yarışda məğlub olanlar qüvvələrini toplayır, küsülüləri barışdırır. Biz birlikdə düşməndən qisasımızı almalıyıq, milli probleminizi həll etməliyik. Biz məğlubiyyətdən nəticə çıxarıb birləşmək əvəzinə bir-birimizi ittiham etməklə uçurumu dərinləşdiririk. Yəqin, bu görüş haqqında da deyəcəklər ki, iqtidarın sifarişidir. Biz bu məsələləri çoxdan unutmalıyıq. Bizim o yaşımız deyil axı, kiminsə sifarişi ilə bir araya gələk. Ona görə də bununla bağlı heç kim bizi ittiham edə bilməz”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, bu görüşü iqtidarın sifarişi kimi qələmə verməyə çalışırlar var: “Kaş, iqtidarın belə bir sifarişi olardı, Azərbaycandakı müxalif qüvvələr bir araya gəlib iqtidarla birlikdə ölkədə ciddi islahatların aparılmasında iştirak edərdi. Amma belə bir sifariş yoxdur. Bu gün reallıq odur ki, Azərbaycan iqtidarı ölkədə ciddi iqtisadi, siyasi islahatlar apardığını ortaya qoyur, bəyan edir, islahatların dərinləşəcəyini bildirir. Bura yığışan insanlar isə bu prosesin dərinləşməsinə hansı mümkün variantlarla yardım edə biləcəkləri barədə fikirlərini ortaya qoysalar, yaxşı olar”.

Tədbirin digər iştirakçıları da mövzu ətrafında fikirlər səsləndiriblər.

Sonda qərar qəbul edilib ki, siyasi partiyaların üzlərinin iştirakı ilə işçi qrup yaradılsın, səsləndirilən fikirlər əsasında təkliflər hazırlansın.

21.06.2019 13:39:00
Oxuma sayı: 56