Mənzil bazarında böyük ucuzlaşma gözlənilir - ilin ikinci yarısında
Ölçü:


Ötən il paytaxtın mənzil bazarı həm aktivlik, həm qiymət baxımından çətin keçdi. Mütəxəssislərin gəldiyi qənaətdən də belə nəticə çıxarmaq olur ki, 2016-cı il daşınmaz əmlak bazarında durum o qədər də ürəkaçan olmayıb”.

Koordinat.az xəbər verir ki, APA TV-nin əməkdaşı Bakının mənzil bazarında son vəziyyətlə bağlı kiçik bir araşdırma aparıb. Daşınmaz əmlak bazarının  üzrə mütəxəssis Bahadur İbrahimov bildirib ki, bir vaxtlar ən qazanclı peşələrdən sayılan “makler” işinə indi heç kim gəlirli biznes kimi baxmır. Onun sözlərinə görə, 2016-cı il daşınmaz əmlak bazarı üçün ən ağır illərdən biri olub: "2016-cı ilin son üç ayına - oktyabr-dekabr aylarına nəzər salsaq, alqı-satqı tamamilə azalıb. Amma ötən ilin sonlarında ipoteka kreditlərinin verilməyə başlanması ilə az da olsa, canlanma yaranıb. Bunu kiçik həcmli evlərə aid etmək olar. Yəni daha çox böyük ev almaq istəyində olanların sayı azalıb".

Bəzi ekspertlər 2017-ci ilin birinci yarısından etibarən qiymətlərdə ucuzlaşma olacağını proqnozlaşdırsalar da, bu məsələdə onlar arasında fikir ayrılığı var: "Daşınmaz əmlak bazarında alqı-satqı çox zəif gedir. Ona görə də kirayə mənzil istəyənlərin sayı daha çoxdur. Əhalinin əksər hissəsi ev almaq üçün imkan əldə edə bilmir. Əvvəllər Rusiyada yaşayan həmyerlilərimiz bayramqabağı gəlib mənzil alıb gedirdilər. Amma indi onlar da aldıqları evləri dəyər-dəyməzinə satıb gedirlər”.

Hazırda Bakıda iki otaqlı mənzillər 55-65 min manata, 3 otaqlılar isə 70-90 min manata satılır. Söhbət birinci mərtəbədə yerləşən köhnə bina evlərindən gedir. Mərtəbələrdən asılı olaraq mənzillərin qiymətində müəyyən fərqlər ola bilər.

Şəhərin ən bahalı mənzilləri isə əsasən Nizami küçəsində və metronun “Elmlər Akademiyası” stansiyasının ətrafındadır. "Elmlər Akademiyası" metrostansiyası ətrafında "Xruşşovka" evlərdə 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir. 2 otaqlılar 85-130 min manata, 3 otaqlılar isə 100-180 min manata satılır.

Yasamal rayonunda 1 otaqlı mənzillər 60-70 min manat, “Xruşşovka” binalarda 2 otaqlı mənzillər 60-90 min manata, 3 otaqlı mənzillər isə 100-160 min manata təklif olunur.

Nizami rayonunda 1 otaqlı köhnə binada olan mənzillər 33 min manatdan başlayır. 2 otaqlı mənzillər 55-68 min manata, 3 otaqlı mənzillər isə 100-130 min manata satılır.

Nərimanov rayonunda 1 otaqlı mənzillər 55-75 min manat, 2 otaqlı mənzillər 75-100 min manat, 3 otaqlı mənzillər isə 100-160 min manatdır.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin açıqladığı son rəqəmlərə görə, ötən ilin noyabrında ilkin yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzillər Səbail (2412 AZN), Nəsimi (1806 AZN) və Nərimanov (1724 AZN) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Sabunçu (951 AZN) və Suraxanı (923 AZN) rayonlarında yerləşir. Qaradağ, Xəzər və Pirallahı rayonlarında ilk mənzil bazarında təklif yoxdur.

İqtisadçı Vüqar Bayramlının fikrincə, 2017-ci ildə də mənzil bazarında ilin birinci yarısında qiymətlərin azalması müşahidə ediləcək: "Çünki həm manat, həm dollar ifadəsində qiymət azalmasının olması planlaşdırılır. Bu da birbaşa onunla bağlıdır ki, əmlak bazarında tələb yenə aşağıdır, amma təklif yüksəkdir. Tələbin aşağı olması, vətəndaşların daha çox qənaətə üstünlük verməsi, Rusiyada olan azərbaycanlıların Bakıda və bölgələrdə mənzillərə olan tələbinin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır".

Vüqar Bayramlının sözlərinə görə, liberal məzənnəyə keçilərsə, manatın bazar dəyəri müəyyənləşərsə, o zaman 2017-ci ilin ikinci yarısında mənzil bazarında  qiymətlərinin stabilləşməsi və aktivliyin artmasını gözləmək olar.
12.01.2017 14:21:06
Oxuma sayı: 340