Bank sektoru çökür - daha bir neçə bank bağlana bilər
Ölçü:


"Ötən 2 il  ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda da bankların hər 3-dən 1-i ziyanla işləyir".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu söyləyib. O deyib ki, ötən il 13, bu ilin ilk 9 ayında isə 12  bankın maliyyə nəticəsi zərərlə ifadə olunub: "Beləliklə də, son 1 il 9 ayda  ən çox ziyan "Accessbank"da (127,5 milyon manat), "Bank of Baku"da (69,6 milyon manat), "Unibank"da (39,2 milyon manat), "Bank  Respublika"da (37 milyon manat), "AGbank"da (24,2 milyon manat) və "Dəmirbank"da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan "Dəmirbank"ın lisenziyası geri alınıb".

İqtisadçı bildirib ki, bu ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri "Amrahbank"da 10,3, "Muğanbank"da 12,5, "Unibank"da 16,9, "Accessbank"da 19,2, "Bank of Baku"da 21,1, "Bank Respublika"da 22,1, "Nikoil Bank"da 23,5, "Azər Türk Bank"da 63,4 faiz azalıb. Hesabat dövründə bank kapitalının dəyərini "AccessBank" 6,8, "Azər Türk Bank" 7,5, "Amrahbank" 15,3, "Bank of Baku" 19,9, "AFB Bank" 21,4, "AGBank" 21,9, "Unibank" 37,8 faiz itirib.

"Azərbaycan Beynəlxalq Bank"ı, "Günay Bank" və "Naxçıvanbank" dövr ərzində məlumat açıqlamayıb: "Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır".

Qubad İbadoğlu deyir ki, qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlamayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar: "Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar".

Mərkəzi Bank dekabrın 29-da gələn ilin planları ilə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, gələn il radikal islahatlar həyata keçiriləcək. “Ortamüddətli dövrdə bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək kreditlər probleminin həlli əsas məsələlərdir. Bu istiqamətdə işlər davam etdiriləcək. Bank sektorunun yenidən strukturlaşması proqramı qeyri-işlək kreditlərin tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməli, bu istiqamətdə xüsusi mexanizm hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi", – deyə bank vurğulayıb. 
29.12.2017 15:42:00
Oxuma sayı: 2822