Rəşad Məmmədovun həbsinin sirri açıldı - yuxarıdan gələn sifariş, hazır şikayət ərizələri...
Ölçü:



Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generallarının və onların əməkdaşlarının cinayət əməlləri üzrə davam edən məhkəmə prosesi iş adamlarından hədə-qorxu gəlinməsi, onların daim təhdid altında saxlanılmasına dair sensaylı faktlar üzə çıxarıb. Hətta məlum olur ki, MTN generallarının, o cümlədən MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun davamlı təhdidləri nəticəsində onlarla tanınmış şəxs günahsız olaraq həbsə atılıb. Ləğv edilmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun qondarma ittihamlarla həbs edilərək 1 ildən artıq hənsxanada saxıanılması da belə səs-küylü hadisələrindən biridir.

Koordinat.az xatırladır ki, vaxtilə "Azİmport” şirkətinin təsisçilərindən olmuş Rəşad Məmmədov 2015-ci ilin mayında dələduzluqda və vətəndaşa külli miqdarda zərər vurmaqda təqsirləndirilən Rəşad Məmmədov 1 ildən artıq həbsdə saxlanılıb. Ancaq ona qarşı irəli sürülən ittihamlar təsdiqini tapmadığından ötən ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsindən azadlığa buraxılıb. Rəşad Məmmədov “VİB” MMC-nin təsisçisi və rəhbəri Zabil Salmanov şikayəti əsasında həbs edilmişdi. Lakin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar bandasının əməllərinin ifşa olunmasından sonra Zabil Salmanov hüquq-mühafizə oraqnlarına və Baş Prokurorluğa müracət edərək Rəşad Məmmədova qarşı iddiasından geri çəkilmiş və onun azadlığa buraxılmasını xahiş etmişdi.

Saxta həbsə hazırlıq...

"MTN işi"nin istintaqı və hazırda davam edən məhkəmə prosesi isə keçmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinə qarşı ittihamların qurama olduğunu və onun MTN-də yüksək vəzifə tutmuş generallarının talançılıq cinayətlərinin qurbanı kimi həbsə atıldığını bir daha təsdiq edib. Bunu vaxtilə Rəşad Məmmədovdan şikayətçi olan və onun məhkəmə prosesində zərərçəkmiş şəxs kimi tanınan “VİB” MMC-nin təsisçisi və rəhbəri Zabil Salmanovun  “MTN işi” ilə bağlı istintaqa ifadəsi prosesin necə baş verdiyini aydın şəkildə göstərir.

Məsələ burasındadır ki, Rəşad Məmmədovdan şikayətçi olan Zabil Salmanov MTN generalı Sübahir Qurbanov tərəfindən də zərərçəkmiş kimi tanınıb. İndi məlum olur ki, Zabil Salmanovu bir il əvvəl Rəşad Məmmədovdan şikayətçi olmağa Sübahir Qurbanov məcbur edibmiş. Zabil Salmanov MTN generallarının cinayət işi üzrə aparılan istintaq zamanı ifadə verərək bildirib ki, İtaliya, Almaniya və Türkiyədən geyim əşyaları gətirərək “Euromoda”, “Ramsey”, “Faiq Sönməz”, “Enjoyment” mağazaları şəbəkələrinə satıb. Şirkətin ircaçı direktoru Azər Zakirov 2015-ci il martın 1-də Türkiyədə geyim sərgisində iştirak edib qayıtdıqdan sonra MTN-ə aparılıb. Zabil Salmanov onu axtarmaq üçün yola çıxıb. H.Cavid prospektində avtomobili saxlayıb telefonla danışarkın “Aurdi Q7” markalı avtomobil qarşısını kəsib və Füzuli Əliyev, Natiq Alıyev, Hacıağa və Zaur Məmmədov ona yaxınlaşıblar. Füzuli Əliyev “narahat olma Azər bizimlədir, gedək çay içib söhbət edək” deyiblər və birlikdə MTN-nin yaxınlığındakı “Sultan” kafesinə gediblər. Orada Zabil Salmanov Füzuli Əliyevə “qardaşın Elşənlə dostam” deyib. Füzuli Əliyev isə bu dostluğa görə onu maskalılar vasitəsilə aparmadıqlarını bildirib: “Səni tanıdığımızdan başqa cür hərəkət etmirik, əslində biz bu əməliyyatı maskalı xususi təyinatlıların iştirakı ilə qəfləti keçirilməli idik. MTN-nin rəhbərliyinin tapşığı belə idi”.

Zərərçəkən bildirib ki, bundan sonra Azər Zakirovu ona göstəriblər: “Azər çox qorxmuşdu, ona narahat olmamasını dedim. Füzuli mənə dedi ki, hay-küy salmadan ofisdə axtarış aparılmasına şərait yaradım. Razılaşdım, ofisdən sənədləri, noutbukları və kassadan 248.950 avro, 23.000 ABŞ dolları və 20.000 AZN apardılar. Heç birini sənədləşdirmədilər. Məni və işçiləri nazirliyə apardılar, orada şirkətin maliyyə dövriyyəsi ilə bağlı izahat aldılar, sonra isə yenidən “Sultan” kafesinə apardılar. Mənim xahişimlə 1 qadın, 2 kişi əməkdaşı buraxdılar. Biz gecəni MTN-nin dəhlizində keçirdik, bir nəfər əməkdaşlarını nəzarətçi qoydular. Gecə qardaşım Rabil mənə zəng edib saxlanılmağımızın qanunsuz olduğunu dedi, dərhal nazirlikdən gəlib artıq-əskik danışmamaq barədə xəbərdarlıq etdilər və telefon danışıqlarını dinlədiklərini anladım. Martın 3-də bizi yenidən kafeyə apardılar. Füzuli mənə dedi ki, rəhbərliyin göstərişi ilə həbs olunmalıyam. Telefonları dinlədiyini dedi. Ona bu işdən başqa bir çıxış yolu olub-olmadığını soruşdum, nazirliyə gedib qayıtdıqdan sonra bir söz deyəcəyini bildirdi. Bir saatdan sonra Füzuli gəlib çox çətinliklə rəhbərliyi 3 milyon manata razı saldığını dedi. Mən bu qədər pulun olmadığını dedim, Füzuli yenidən MTN-ə qayıtdı”.

"“Azİmport”un əleyhinə yazılmış ərizəyə imza atdım"

Zabil Salmanov ifadəsində deyib ki, general Sübahir Qurbanovun müavini Füzuli Əliyevlə "Sultan" kafesində növbəti görüş zamanı ona həbs sifarişinin kimdən gəldiyi də açıqlanıb. 2015-ci il mayın əvvəlində general Sübahir Qurbanovun müavini Füzuli Əliyev Zabil Salmanovu “Sultan” kafesinə çağırarkən deyib ki, onun həbsi barədə sifarişi yuxarı dairələrdən gəlib. Hətta Füzuli Əliyev hakimiyyətdə yüksək vəzifə tutan həmin sifarişçinin adını da söyləyib və deyib ki, həmin şəxs nazir Eldar Mahmudovun çox yaxın dostudur: "Sifarişin səbəbi isə mənim Bakı şəhəri Nizami küçəsi 44 saylı ünvanda yerləşən sahəsi 266 kvadrat metr olan ticarət obyektini "Azİmport" MMC-yə satmaqdan imtina etməyim olub. Mən bunla bağlı həmin şirkətin rəhbəri ilə də görüşdüm, o, mənim həbsimdə maraqlı olmadıqlarını dedi. Bir müddət sonra Sübahir Qurbanovun müavini Füzuli Əliyev mənə “Azimport” şirkətinə qarşı şikayət ərizəsi yazmağı təklif etdi. Amma mən bu təklifdən imtina etdim. Bunun ardınca Füzuli Əliyev məni MTN-ə dəvət etdi, getdim. Orada general Sübahir Qurbanov xidməti otağında məni qəbul edib “Sən Rəşad və Azər barəsində şikayət ərizəsi yazmalısan. Əks halda sən ya tələb olunan məbləği çatdırmalısan, ya da həbs olunacaqsan, bütün əmlakın əlindən alınacaq, mağazalarınız bağlanacaq, yazıq olacaqsan, bütün həyatın məhv ediləcək” dedi. Mən yenə təkliflə razılaşmadım. Sübahir Qurbanov məni otaqdan çıxarıb nazir Eldar Mahmudovla danışacağını dedi. Həmin gün məni bir neçə dəfə Sübahir Qurbanovun otağına aparsalar da, razılaşmadım. Axırda o, “bunu podvala salın ağlı başına gəlsin” deyərək kiməsə zəng edib bütün mağazalarımın bağlanması haqqında göstəriş verdi. MTN əməkdaşları məni aparanda general da hədələyirdi, “podval”a çatmamış fikrimi dəyişdim, “Azimport”un əleyhinə yazılmış ərizəyə imza atdım. Bundan sonra Sübahir Qurbanov mənə “artıq sənin bizə heç bir borcun yoxdur. Heç kim səndən pul vəsaiti tələb edə bilməz” dedi".

MTN generalları Zabil Salmanovdan “Azimport”un əleyhinə yazılmış ərizəyə imza atdırdıqdan sonra əvvəl həmin şirkətin təsisçilərindən olan, bu hadisələrin baş verdiyi dövrdə isə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsində çalışan Rəşad Məmmədov həbs edilir. Halbuki “MTN işi” ilə bağlı ortaya çıxan həqiqətlər göstərir ki, bütün bu işlərin hamısı qurama imiş. Belə ki, hədə-qorxu yolu ilə iş adamlarını soymaqla məşğul olan MTN generalları Zabil Salmanovdan da istifadə ediblər. Zabil Salmanovu məcburiyyət və təzyiqlər yolu ilə Rəşad Məmmədova qarşı qoyan generallar hətta keçmiş Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin əleyhinə yazılmış hazır ərizəyə də imza atdırmağa nail olublar. Beləliklə, Zabil Salmanovun "şikayəti" əsasında 2015-ci il mayın 14-də həbs edilən Rəşad Məmmədov  düz 1 il 1 ay həbsdə yatdıqdan sonra - 2016-cı il mayın 20-də məhkəmə zalından azadlığa buraxılıb.

Rəşad Məmmədov niyə susur?

Məsələnin ən maraqlı və diqqət çəkən bir mühüm məqamı da var: Rəşad Məmmədov həbsdə olduğu 1 il 1 ay 8 günün hamısını MTN-in istintaq təcridxanasında saxlanılıb. Amma o, nə istintaq dövründə, nə məhkəmə prosesləri zamanı, nə də azadlığa çıxandan sonra həbsinin səbəbləri və sifarişçilər barədə bir kəlmə də olsun, danışmayıb. Onun bu susqunluğunun səbəbi həbsi barədə sifarişin yuxarı dairələrdən gəldiyinə əminliyinin və artıq öz taleyi ilə barışdığının göstəricisi də sayıla bilər.

Xatırladaq ki, Rəşad Məmmədovun 2011-ci il aprel ayında Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. 2015-ci il mayın 4-də prezident İlham Əliyevin sərəncamı ilə həmin vəzifədən azad edilən Rəşad Məmmədov mayın 14-də həbs edilib. Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi vəzifəsindən azad edildikdən cəmi 10 gün sonra həbs edilməsi təsadüfdürmü?

Koordinat.az

09.01.2017 11:49:23
Oxuma sayı: 1301