Nağıllarda qalan ömür -Saleh Mirzəyevin xatirəsinə
Ölçü:


Onun haqqında nağıllardakına bənzər “biri vardı, biri yox” şəklində düşünmək çox çətindir. Ağlımız kəsəndən bir yerdə olmuşuq. Yox, yenə yanıldım, lap düzü belə olar ki, dilimiz söz tutandan, uşaqlıqdan, ta onu bizdən ayırıb Haqq dünyasına qovuşduran o məşum tarixəcən həmişə qəlbən, ruhən bir yerdə olmuşuq...

Saleh Hacı oğlu Mirzəyev. Onun haqqında keçmiş zamanda danışmaq çox ağır və üzücüdür. Amma bu da taleyin bir yazısı imiş...
 
Kəskin polemikalarda, ciddi düşüncələrdə hərdən haçalanan baxışlarımız bir nöqtədə birləşib: Başlıbel, Kəlbəcər adına daimi bağlılıq, yurd sevgisi, dəyərlərimizə hörmət məsələsində heç bir fikir ayrılığımız olmayıb.

Ona alim kimi yanaşmağımızın kökündə babalarımızın “Alimlə beş qədəm yol yerimək savabdır” deyiminin birmənalı ciddi təsiri olub. İndi də xəyalən onunlayam, onunla bir neçə qədəm yol getmək istəyirəm.

Xəyalı ilə söhbətdən bir qədər ayrılmaq, şagird olduğumuz dövrlə xatirələrə baş vurmaq istəyirəm. Yadıma orta məktəb illərimiz düşür: ibtidai təhsilimiz tələbkar müəllimlər Əhəd Məmmədovun, 5-ci sinifdən sonrakı illər isə riyaziyyat müəllimi kimi nəinki Başlıbel kənd orta məktəbində, eləcə də Kəlbəcər rayonu səviyyəsində seçilənlərdən biri olan mərhum Məhiyəddin Əsədovun rəhbərliyi altında keçdi. (Sonralar sinif yoldaşlarımız arasında hər ikisi “Sevimli müəllimimiz’’ fəxri adına layiq görülmüşdülər).

Məktəbimizin ilk “A” literli sinfi idik, qarşımıza belə bir vəzifə qoyulmuşdu: təlim-tərbiyədə birinciliyi həmişə qorumalı idik. Sinfimizdəki bütün şagirdlər arasında yaxşı oxumaq uğrunda yarış gedirdi.Hamımız mehriban idik, ilk günlərdən bir-birimizə isinişmişdik və bu xüsusiyyətlər tam on il bizi tərk etmədi. Bu ənənə hazırda etibarsız dünyada ömür sürənlərin arasında da davam edir. Ancaq yuxarı siniflərə qalxdıqca Saleh riyaziyyat dərslərində çox vaxt müəllimin özünü belə heyrətləndirən xüsusi bacarıqlara malik olduğunu tez-tez nümayiş etdirirdi. Bizim ənənəvi üsullarla həll etdiyimiz bir çox məsələ və misalları başqa əlverişli yollarla, daha sadə və intensiv üsullarla həll edirdi. Demək olar ki, artıq 9-10-cu siniflərdə Salehlə riyaziyyat üzrə rəqib olacaq heç bir yaşıdı yox idi. Müəllimlərimiz onun ən çətin məsələ və misalları əlüstü həll etməsindən heyrətlərini gizlətmirdilər.
O isə heç vaxt lovğalanmaz, təriflənəndə qızarar, üzündə narın tər damcıları görünərdi.

Boş vaxtlarımızda “Çay məktəbin”(o vaxt Başlıbel kənd orta məktəbinin ikinci dördotaqlı korpusunu belə adlandırırdıq) həyətindəki meydançada futbol oynayar, turnikdə fırfıra kimi fırlanardıq. Bəzən axşama kimi birlikdə gəzib-dolanar, qaranlıq düşəndə ayrılardıq.

Ali təhsil arzularımız bizi müxtəlif institutlara çəkib apardı. Salehin qismətinə Azərbaycan Politexnik İnstitutu (AzPİ) yazılmışdı. O, 1974-1979-cu illərdə həmin İnstitutun mexanika fakültəsində “Avtomobillər və avtomobil təsərrüfatı” ixtisası üzrə təhsil aldı, institutu fərqlənmə diplomu ilə bitirdi.

Tələbəlik dövründə Bakıda təhsil alan yaşıdlarımızla tez-tez görüşər, kənddən xəbərləşər, problemlərimizi birlikdə həll edərdik. Vaxt tapıb kinoteatrlara, konsertlərə bərabər gedərdik. Başlıbeldən müalicə üçün Bakıya gələn xəstələrə baş çəkər, lazımi qayğı göstərərdik...

Saleh institutda əlaçı idi, qrup nümayəndəsi seçilmişdi. Tələbə yoldaşları içərisində böyük nüfuzu olduğunu hər kəs bilirdi...

1979-cu ildə ali təhsili bitirdikdən sonra Saleh istehsalata getməyə, təcrübə toplamağa üstünlük verdi. Əvvəlcə “Azneft” İstehsalat Birliyində əmək fəaliyyətinə başladı, 1979-1987-ci illərdə çilingər, baş usta, mexanik, mühəndis-texnoloq və digər vəzifələrdə çalışdı. İşlədiyi müəssisənin kollektivi arasında təvazökarlığı, işgüzarlığı və dərin səmimiyyəti ilə böyük hörmət qazandı. Bəlkə, daha böyük uğurlar lap yaxında idi, lakin elmə olan hədsiz marağı onu rahat buraxmırdı, qətiyyətlə özünə çəkirdi. Ola bilsin ki, həyatının ata-baba ənənələrinə söykənən istiqaməti də bu yolun onun taleyində rolunu müəyyənləşdirmişdi. Odur ki, istehsalatdan ayrılmadan AzPİ-nin aspiranturasının qiyabi şöbəsində “Deformasiya olunan bərk cisimlərin mexanikası” ixtisası üzrə təhsilini artıraraq, institutda pedaqoji fəaliyyətə başladı və ömrünün sonunadək səmərəli pedaqoji fəaliyyət göstərdi.

Saleh Mirzəyev 1990-cı ildə “Qeyri-xətti materialdan hazırlanmış, tor formalı nazik divarlı qabların hesablanması” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdı. O, ömrünün sonunadək yazıb-yaratmaqdan yorulmadı, yaradıcı və məhsuldar bir alim kimi tanındı.

S.Mirzəyev bu gün də aktuallığını saxlayan 85 elmi-metodiki əsərin, o cümlədən, 3 dərslik, 16 dərs vəsaiti, 12 metodiki göstəriş və 10 dərs proqramının müəllifidir. 2005-ci ildə ali məktəb tələbələri üçün yazılmış “Tərsimi həndəsə” dərsliyinin həmmüəllifi kimi “Humay” Milli Mükafatına layiq görülmüşdü. O, 1987-ci ildən “Mühəndis qrafikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir.2011-ci ildən isə həmin kafedranın müdiri vəzifəsində çalışırdı.

Saleh müəllimin ixtisas sahəsində xüsusi nüfuzu var idi. Təhsil Nazirliyi Elmi-metodik Şurasının “Mühəndis qrafikası” bölməsinin və Universitet Elmi Şurasının üzvü kimi fəal çalışırdı.

Onun elmə olan həvəsi soykökdən qaynaqlanırdı. Babası Məhəmməd Mirzə oğlu - Molla Məhəmməd nəinki Kəlbəcərdə, bütün Qarabağda böyük hörmət qazanmış ruhani və el ağsaqqalı kimi tanınırdı. Atası Hacı Mirzəyev Başlıbel kənd orta məktəbinin ən nüfuzlu müəllimlərindən biri idi, 10 il həmin məktəbin direktoru vəzifəsində işləmişdi.

Salehin ömür-gün yoldaşı, məktəb illərindən sevib-seçdiyi Zərnişan müəllimə də ziyalı ailədən idi. Qardaşlarının hamısı, həmçinin yeganə bacısı öz ixtisas sahələrində tanınmış mütəxəssislər kimi hörmət qazanmışlar.

Ailənin sonbeşiyi və sevimlisi, tibb elmləri üzrə fəlsəfə doktoru dosent Mahir (Sabir) Mirzəyevin 14 ay əvvəl qəfil ölümü çox sarsıdıcı oldu. Bu amansız ölümlə böyük bir nəslin sütunları sarsıldı. Saleh müəllim bu gözlənilməz itkinin qarşısında dayana bilmədi, ağır ürək və beyin travmasından məhz Mahir həkimin dostlarının köməyi ilə salamat qurtardı, ölümdən xilas oldu...

Aradan cəmi 7-8 ay ötdü. Yeganə övladı Eminin dediyi kimi, ölümün son həmləsi qarşısında hamı aciz qaldı: bütünlüklə ziyalı, nur misallı dostumuzu, əzizimizi itirdik...

Saleh müəllimin itkisi təkcə bir ailənin, Başlıbelin deyil, Kəlbəcərin, Azərbaycan elminin itkisidir. Azərbaycan jurnalistikasının sayılan nümayəndələrindən Əlövsət Ağalarov Saleh müəllim haqqında danışarkən ürəkağrısı ilə Kəlbəcərin işğalı ərəfəsində onun fəaliyyətindən, “Murovdağ Cəmiyyəti”nin Kəlbəcərin və kəlbəcərlilərin mühasirədən çıxması, ümumən xilası üçün göstərdiyi fədakarlıqlardan söz açmış, 1993-cü ilin mart-aprel aylarında bəzən neçə-neçə gecələri evinə gedə bilməməsini öz elinə, camaatına sədaqət timsalı adlandırmışdı...

Ömür sonludur, əvvəli olduğu kimi, sonu da var. Amma...

Ömür tükənsə də, arzular tükənmir. Aşağıdakı arzumuz kimi...
İllər keçəcək, torpaqlarımız işğaldan azad olunacaq. Bir vaxtlar Caleh müəllimin uşaqlığı, gəncliyi keçən Başlıbeldə, Dəlidağın qoynunda yenidən ocaqlarımızın tüstüsü ərşə yüksələcək, Yurd yerlərimizdən nigaran ruhlarımız şadlanıb baş qaldıracaq, Saleh müəllimin və bütün həsrət ruhlarımızın arzuları yenidən çiçəkləcək...

Ruhun şad olsun, əziz dostum!

Hüseyn Şahbəndəyev,
əməkdar müəllim
14.06.2019 11:19:00
Oxuma sayı: 200