Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
Ölçü:


Mal dövriyyələrinin rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ilk 5 ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft sektorunda 6,3 faiz artım qeydə alınıb. Malların elektron qaimə-fakturalarla rəsmiləşdirilməsi nəticəsində baş verən artımlar isə daha yüksək rəqəmlərlə müşahidə olunub.

Koordinat.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, ötən ilin ilk 5 ayında elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin xüsisi çəkisi 59 faiz idisə, bu ilin müvafiq dövründə daha 10 faiz artım qeydə alınıb ki, bu da ölkə üzrə dəyər zəncirinin qurulmasına və dövriyyələrin şəffaflaşmasına imkan verib: “Elektron qaimə-fakturaların tətbiqi 2017-ci ilin aprelindən ƏDV ödəyiciləri, 2018-ci ilin yanvarından isə digər vergi ödəyiciləri ilə interaktiv norma qaydaları əsasında tətbiq olunur. Bununla da Azərbaycanda kağız qaimələrin tətbiqi tam şəkildə dayandırılıb”.

Natiq Şirinov deyib ki, elektron qaimə-fakturaların tətbiqi həm idxal olunan mallar üzrə, həm də ölkə daxilində istehsal edilən malların satış dövriyyələrinin əhəmiyyətlişəkildə “ağarmasına” gətirib çıxarıb: “Elektron qaimə-fakturalar birmənalı şəkildə bütün sahibkarlıq subyektlərində tətbiq edilir. İaşə, pərakəndə ticarət – haradakı kassa aparatlarının tətbiqi məcburidir, o sahələrdə istehlakçılara mallar, işlər, xidmətlər təqdimn olunarkən orada qaimə-fakturaların tətbiqi nəzərdə tutulmur. Yəni elektron qaimə-fakturalar sahibkarlıq subyektləri arasındakı əməliyyatlara aiddir və bu, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə tənzimlənir”.

Baş direktor elektron qaimə-fakturaların sahibkarlar üçün çox mühüm üstünlüklər yaratdığını da diqqətə çatdırıb. Natiq Şirinov deyib ki, kağız daşıyıcıda olan qaimə-fakturaların tamamilə aradan qaldırılması və əməliyyatların rəsmiləşdirilməsinin elektron qaydada aparılması sahibkarların işini daha da asanlaşdırıb: “Əvvəllətr sahibkarlar kağız qaimələri sifariş etmək üçün mətbəələrə müraciət edirdi ki, bu da həm vaxt itisinə, həm də maliyyə məsrəflərinə səbəb olurdu. Artıq belə bir elektron xidmətin istifadəyə verilməsi, elektron qaimə-fakturaların bütün ölkə üzrə tətbiqi həm sahibkarlar tərəfindən məmnunluqla qarşılanır, həm də Vergilər Nazirliyi tərəfindən dövriyyələrin distant formada izlənilməsinə imkan yaradır”.
13.06.2019 17:36:00
Oxuma sayı: 65