Polşada qadın rəssamlarımızın sərgisi keçiriləcək
Ölçü:


“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan rənglərinin ahəngi. Polşada gənc qadın rəssamlarımızın əsərlərindən ibarət sərginin təşkili” layihəsinin icrasına başlayıb.

Koordinat.az
xəbər verir ki, layihə çərçivəsində Polşanın Pruşkuv şəhərindəki “CKİS Pruszkow” qalareyasında  Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin təşkili edilməsi nəzərdə tutulur.

 İctimai Brilikdən verilən məlumata görə, artıq Polşaya aparılacaq rəsm əsərləri seçilib, bu əsərlərin ölkədən müvəqqəti çıxarılması üçün qanunvericiliyin tələblərinə uyğun icazə prosedurları həyata keçirilir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, layihə Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” adlı qeyri-hökumət təşkilatının köməyi ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Polşadakı səfirliyi sərginin təşkili ilə bağlı lazımi təşkilati dəstək verir. Bu barədə səfirliklə müvafiq danışıqlar aparılıb.

Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin iyul ayının əvvəllərində keçiriləcəyi planlaşdırılır.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Polşadakı səfirliyinin nümayəndələrinin, Pruşkuv şəhər rəhbərliyindən Pavel Məkuç və Kriştof  Ryumzanın, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın iştirakı gözlənilir.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan və s. kimi ölkələrdə də təşkil edib.

13.06.2019 10:54:00
Oxuma sayı: 26