Prezident təqaüdü alan tələbə: “Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib”
Ölçü:


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinli cavablandırır.

Koordinat.az həmin müsahibəni oxuculara təqdim edir. Prezident təqaüdçüsü əvvəlcə özü barədə danışıb:
-Mən 1997-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəb illərində əla qiymətlərlə oxumuşam. Bu ilki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım kimya mühəndisliyidir.

-İmtahanla bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
-İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün, bəzən asan olmasa da, çox çalışmışam. İmtahanda 695 bal toplamışam.

-Niyə məhz BANM-i seçdiniz?
-Azərbaycanda nömrə bir olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğu üçün mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.

-Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
-
Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.

-Ən böyük arzunuz nədir?
-Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.

-İxtisasınız haqqında nə demək istərdiniz?
-Ixtisasım kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.

-Hobbiniz nədir?
-Dərsdən kənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.

-Başqa hansı maraqlarınız var?
-Futbol ilə maraqlanıram.

-Hansı janrda kitabları oxuyursunuz?
Detektiv janrında olan kitabları oxumağı sevirəm.
06.01.2017 11:25:32
Oxuma sayı: 402