Şəhid övladları şəhid ataları barədə şagirdləri məlumatlandırıb
Ölçü:


İyunun 7-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yevlax şəhidləri şəhid övladlarının gözü ilə" adlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.

Koordinat.az xəbər verir ki, Yevlax şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Yevlax şəhidləri Kənan İbrahimov və Muxar Şahgəldiyevin övladları, ailə üzvləri iştirak edib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov tədbirdə  layihə barədə məlumat verib. O, deyib ki, torpaqlarımız işğal altında olduğu üçün gənc nəsil hər an torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmalıdır. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri dövlətin şəhid ailələrinə qayğısından danışıb, şəhid ailələrinə cəmiyyətin hər zaman diqqətli yanaşmasını vacib sayıb.

Yevlax şəhər 1 saylı tam orta məktəbin direktor müavini Avtandil Mikayılov məktəbdə hər zaman şəhid övladlarına həssas yanaşıldığını söyləyib.

Tədbirdə çıxış edən Fidan İbrahimova atası Kənan İbrahimovla hər zaman fəxr etdiyini, Vətən torpağı uğrunda canlarından keçənlərin hər zaman insanların qəlbində yaşadığını bildirib. O, təhsildə, həyatda qazandığı uğurlarla atasının ruhunu şad etməyə çalışdığını söyləyib, bu il ali məktəbə qəbul imtahanında 533 bal topladığını nəzərə çatdırıb.

Şəhidin həyat yoldaşı Elmira İbrahimova övladlarını vətənpərvər ruhda tərbiyə etməyə çalışdığını söyləyib. O bildirib ki, Kənan İbrahimov 1972-ci ildə aprelin 1-də Ağcabədi rayonunda anadan olub, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Hələ ali məktəbdə oxuduğu illərdə 1992-1993-cü illərdə Qarabağ savaşında, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. AVli təhsilini başa vurduqdan sonra isə ehtiyata olan zabit kimi yenidən ordu sıralarına qayıdıb. 2006-cı ildə Tərtər rayonunun Əlibəyli kəndində hərbi xidmət zamanı həyatını itirib.
Kənan İbrahimov 2000-ci ildə Elmira xanımla ailə qurub. 2002-ci ildə qızları Fidan, 2003-cü ildə Aynaz, 2005-ci ildə oğlu Elbəy dünyaya gəlib.  

Şəhid Muxtar Şahgəldiyevin oğlu Knyaz Knyazlı atasının həyat və döyüş yolundan söz açıb. K. Knyazlı deyib ki, atası Muxtar Şahgəldiyev 1972-ci ildə Ermənistanın Ararat rayonunda anadan olub. 1988-ci ildə Yevlax rayonunun Qarməmmədli kəndində məskunlaşıb. 1990-cı ildə Rusiyada hərbi xidmətdə olub. Qarabağ savaşı başladığı üçün Vətənə qayıdıb, hərbi qulluğunu Azərbaycanda davam etdirib. 1993-cü ilin aprel ayında ailə qurub. 1994-cü ildə yenidən ordu sıralarına qayıdıb, Kəlbəcər uğrunda Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevralın 12-də döyüşlərdə itkin düşüb, 1997-ci ildə şəhid statusu verilib.

Tədbir müzakirələrlə davam edib.
10.06.2019 19:49:00
Oxuma sayı: 38