Başlıbeldə mühasirədə qalanlar Göygöldə görüşdülər - 26 ildə ilk dəfə- FOTOLAR
Ölçü:


Kəlbəcər rayonunun işğalı zamanı 4 aya qədər Başlıbel kəndində mühasirədə qalmış hərbçilər və mülki sakinlər 26 ildən sonra ilk dəfə yenidən görüşüblər. Görüşdə 1993-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi bitirməli olan, lakin rayonun işğalı ilə əlaqədar "son zəng"i çalınmayan məzunları da iştirak edib.

Koordinat.az xəbər verir ki, görüşə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində düşmən ordunun mühasirəsində qalan və 113 gün davam edən mühasirədən sağ çıxanların yalnız kişi nümayəndələri qatılıb.  Əvvəlcədən müəyyən edilmiş səfər proqramına uyğun olaraq, iştirakçılar Göygöl rayonuun Toğanalı kəndindəki istirahət mərkəzlərinin birində toplanıb. Hazırda respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan mühasirə yoldaşlarının 26 ildən sonra yenidən bir araya gəlməsi böyük ruh yüksəkliyi ilə qarşılanıb.

İki gün davam edən görüşdə mühasirə iştirakçıları Kəlbəcərin işğalı ilə bağlı xatirələrini danışıblar. İşğal zamanı 65 min nəfərlik əhalisi olan rayonun ermənilər tərəfindən necə talan-qarət edildiyini gözləri ilə görən şahidlər Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-dən 19-a keçən gecə Başlıbel kəndində törətdiyi faciə və bu faciədən sonra şəhidlərin gizli şəkildə dəfn edilməsi, ac və köməksiz vəziyyətdə kahalarda sığınmış insanların ərzaq axtarışları, ayrı-ayrı kəndlərdən topladıqları ərazağı sığınacaqlara çatdırarkən üzləşdikləri çətinliklər və nəhayət, 113 gündən sonra mühasirədən necə çıxdıqları barədə ətraflı məlumat veriblər.  

Görüşün ikinci günü Göygöl Milli Parkına və dəniz səviyyəsindən 1910 metr hündürlükdə yerləşən Maralgöl Dövlət Qoruğuna gəzinti təşkil olunub.     

Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində mühasirədə qalan 76 nəfərdən 14 nəfəri aprelin 2-də mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər kəndin ərazisindəki kahalara sığınaraq mühasirə həyatını davam etdirib. 113 gün davam edən mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Ermənistan ordusunun Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi Qarabağ müharibəsi dövrünün ən dəhşətli hadisələrindədir.

Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun bu  ilin əvvəlində çapdan çıxmış “Qanlı kaha” kitabı məhz həmin hadisələrdən bəhs edir. Sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.





11.06.2019 16:39:00
Oxuma sayı: 174