80 yaşlı filosofun həyat hekayəti: "Üç il o müəllimin dərsinə girmədim" - MÜSAHİBƏ
Ölçü:


Əmrəli Abbas oğlu İsmayılov. Bu ad hələ Azərbaycanda fəlsəfə elminin çox hörmətli olan dövrlərindən hər kəsə yaxşı tanışdır. O, Azərbaycanın ən məşhur, xüsusilə müasir dövrün barmaqla sayıla biləcək filosoflarından biridir. Bu gün 80 yaşı tamam olan Əmrəli İsmayılovu təkcə Azərbaycanda deyil, keçmiş Sovet İffifaqının bir çox respublikalarında yaxşı tanıyırdılar. 5 yanvar 1937-ci ildə Gədəbəy rayonunun Slavyanka kəndində kasıb bir ailədə dünyaya gələn Əmrəli İsmayılov yüksək təhsili, elmi bacarıqları və misilsiz nailiyyətləri ilə hələ sovet Rusiyasının qılıncının arxasının-qabağının kəsərli olduğu illərdə fəlsəfə elminin ən tanınmış nümayəndələri səviyyəsinə qalxmışdı.

Onun yerli-yataqlı, həlim söhbətlərindən adam, sözün həqiqi mənasında ləzzət alır, bu söhbətlərə qulaq asdıqca uzaq keçmişə qayıdırsan, indiki gənc nəslə əfsanə kimi görünən sovet elminin nə qədər böyük güc olduğuna bir daha inanırsan. Əmin olursan ki, sovet Rusiyası dövrünə xas olan ağır bir şəraitdə ucqar dağ kəndində təhsil alıb biliyi və savadı ilə SSRİ miqyasında tanınmaq, önə çıxmaq, fəlsəfə kimi çətin qavranılan mürəkkəb elmin bilicisi tək Moskvanın, Peterburqun və o dövrün digər nəhəng elmi mərkəzləri ilə işləmək, onların əməkdaşı olmaq...

Əmrəli müəllim danışdıqca hər şey sanki bir kino lenti kimi göz önündə canlanır. O isə indi çoxlarına əfsanə kimi görünən bu gerçəkliklərin hamısını yaşayıb. Özü də hələ gənc yaşlarında. Əmrəli İsmayılovun biliyi və savadı, həyat və elmi təcrübəsi hər kəsə, xüsusilə fəlsəfə elmi ilə məşğul olan yeni nəsil alimlər üçün bir örnəkdir. Təəssüf ki, Əmrəli müəllim xeyli müddətdir tədrisdən uzaq düşüb, tələbə və aspirantlar onun bilik və bacarıqlarından, mühazirələrindən bəhrələnə bilmir. Onun tədrisdən kənarda qalmasını Azərbaycan elmi üçün böyük itki saymaq olar. Əminliklə!

Koordinat.az-ın əməkdaşı 80 illik yubileyi ərəfəsində böyük alim, fəlsəfə elmləri namizədi Əmrəli İsmayılovla görüşərək onun elmi fəaliyyəti barədə geniş müsahibə hazırlayıb. “Qüvvət elmdədir, başqa cür heç kəs...” rubrikası üçün hazırlanmış müsahibəni oxuculara təqdim edirik. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetindəki Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi vəzifəsində çalışan  Əmralı İsmayılov söhbətə uşaqlıq və gənclik illəri ilə bağlı xatirələrindən başlayır:
 
-Bizim əslimiz Türkiyənin İqdır vilayətindədir. XVIII əsrin sonu - XIX əsrin əvvəlində babamgil köçüb gəliblər Gürcüstana və bir neçə il burada yaşadıqdan sonra gəliblər indi ermənilərin “Sisiyan” adlandırdıqları Kəvərə rayonuna. Bir qədər də bura yaşayıblar, sonra oradan gediblər. Atam 1900-cü ildə Sisiyanda anadan olmuşdu, oradan gəliblər Krasnoselskiyə və bir qədər də burada yaşayandan sonra 1918-ci il ermənilər azərbaycanlıları qırıblar. Ona görə də atamgil gəlib Gədəbəy rayonun Şınıx bölgəsində məskunlaşıblar.  Atamın yaxın qohumlarından biri Şınıxda polis məmuru imiş, onun tövsiyəsi ilə atamgil gəlib Slavyanka kəndində məskən salmışdı. Bu kəndin əhalisinin demək olar ki, hamısı ruslar idi, onları 1847-ci ildə rus çarı Slavyankaya köçürmüşdü. Məqsəd rus çarizminin əyalətdə, sərhədlərdə mövqeyini möhkəmləndirmək idi. O vaxt rus çarizmi əyalətlərdə mövqelərini möhkəmləndirmək üçün Rusiyanın müxtəlif bölgələrində yaşayan rusların bir hissəsini Gürcüstana, Azərbayacana, Krıma , Orta Asiyaya və digər ərazilərə köçürüblər. Gədəbəydə 5 rus kəndi vardı – Slavyanka, Saratovka, İvanovka, Spasovka  və Qarelovka. İranovka ilə Satovka malakannlar, Slavyanka, Spasovka və Qarelovka isə duxoborlar idi.  Amma ruslar çoxvarlı idi, çünki onlar bütün vergilərdən azad idilər, ən yaxşı torpaqları da onlara vermişdilər. Eləsi vardı ki, 1500-2000 qoyunu olub.  Ümumilikdə Slavyanka varlı, torpağı bərəkətli kənd idi. Sovet vaxtında da Slavyanka ən yaxşı kolxozlardan biri idi. Kolxozun 25 min qoyunu, 400 inəyi vardı. Kənd əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu – maldarlıq və qoyunçuluq. Həyətyanı torpaqlar isə hər bir ev təsərrüfatına 30 sot idi. Sovet hökumətindən əvvəl isə bizimkilərin həyətyanı torpaq sahələri yox idi, əksəriyyəti ruslara çobanlıq edirdilər. Beləliklə, bizimkilər 1918-ci ildə gəlib Slavyankada yerləşdilər. Onda atamın 18 yaşı vardı. Biz 11 əmiuşağı idik. Amma heç birimiz baba görməmişdik, nə ata tərəf, nə ana tərəf...

-Orta məktəbə Slavyankada getdiniz, eləmi?

-O vaxt orta məkətəbə 8 yaşında gedirdilər, amma mən 9 yaşımda getmişəm. Mən müharibə vaxtı olduğundan məktəbə getmədim, sonra atam müharibədən gəldi və 1945-ci ildə məni məktəbə apardı. Uşaqların çoxu müharibə dövründə məktəbə getmirdi. Mən 10-cu sinfi Slavyankadakı rus məktəbində bitirmişəm. Azərbaycan dilində mənim heç bir təhsilim olmayıb. Ancaq məktəb yaxşı məktəb idi. Müəllimlərin də çoxu müharibdən sonra qayıdıb gəldilər. Onlar çox yaxşı müəllimlər idi, indi heç müasir məktəblərdə belə müəllimlər yoxdur. V sinfə qədər bütün fınlərdən “5” almışam. İbtidai sinfi bitirəndən sonra Ukraynadan Beykub adlı ucaboy bir müəllim gəlmişdi. “Matematika”nı deyirdi. Yazı taxtasında məsələni həll edib başa çatdırandan sonra dedim ki, müəllim, düz həll etməmisən. Mənə bir sillə vurub oturtdu yerimdə. Növbəti dərsdə yenə həmin səhvi təkrarlandı və yenə dedim ki, məsələni düzgün həll etməmisiniz. Ondan sonra hər dəfə məni döyməyə başlayırdı. Kənd yeridir də, atam rəhmətə getmişdi, anam isə savadsız bir evdar qadın idi. Kənddə müəllimin məni döyüdyn eşidənlər deyirdilər yəqin nəsə suçun var ki, müəllim səni döyür, suçun olmasa döyməz. Çünki müəllimin hörməti böyük idi və hamı başa düşürdü ki, hansı müəllim uşağı döyürsə, deməli, o uşağın günahı var. Axırda belə qərara gəldim ki, həmin müəllimin dərsinə getməyim. O biri müəllimlər mənim məsələmi Pedaqoji Şuraya çıxarmışlar ki, bu şagird bizim ən yaxşı şagirdimizdir, Beykub müəllim onu niyə döyür?! Amma müəllimlər də, hətta direktor da ondan qorxurdu. Beləliklə də mən 5, 6 və 7-ci siniflərdə Beykub müəllimin dərsinə getmədim. Amma rübün axırında mənə qiymət yazırdı ki, sinifdən sinfə keçim. Yadımdadır, Pedaqoji Şuranın yanavar iclası ərəfəsində o zamankı MTN şefi Beriyanın adamları gəlmişdilər həmin müəllimin qollarını bağlayıb Slavyankadan aparmışdılar. Bu hadisədən sonra bizə məlum oldu ki, həmin Beykub müəllim İkinci Dünya Müharibəsi dövründə çoxlu sovet adamlarını qırıb. Müharibədən sonra saxta pasportla Qərbi Ukraynadan qaçaraq gəlib Azərbaycanın bir dağ kəndində müəllimlik eləyib. Lakin “KQB” onunla bağlı apardığı araşdırmaların izi ilə gəlib Gədəbəyin Slavyanka kəndində onu tutub aparmışdılar. Beykub müəllimi həbs edib aparandan sonra onun yerinə gələn Pyotr Alekseyeviç  elə birinci dərsdəcə dedi ki, mən bu sinfə dərs keçə bilmərəm, uşaqlar heç nə bilmir. Amma digər dərslərin vaxtını “Matematika”ya verməklə uşaqların hamısı fənni mənimsəyə  bildi. Sinifdə azərbaycanlı uşaqlar cəmi 3-4 nəfər idi. 10-cu sinifdə oxuyan zaman kəndimizin uşaqları arasında yeganə azərbayanlı idim. Bir-iki nəfər də rayondan və digər kəndlərdən gəlirdi. Yerdə qalanların hamısı ruslar, bir az da erməni vardı. Nəhayət, 10-ci sinfi bitirəndən sonra sənədlərimi ali məktəbə hazırladım. O vaxt heç kimə pasport vermirdilər. Şəhərə oxumağa gələndə 1-2 aylıq pasport verirdilər. Qəbul oldunsa bəxtin gətirdi, olmadınsa onsuz da səni şəhərdə heç kim işə götürməyəcək, kəndə qayıtmalı olacaqsan. Amma mən bir qədər aktiv dim, məktəbin Komsomol Komitəsinin katibi idim. Ona görə də pasport şöbəsinin rəisi məni tanıyırdı. Pasport almaq üçün onun yanına gələndə dedi ki, Əmralı, mən sənə 3 illik pasport verəcəyəm. Qəbul imtahanı zamanı 3 “beş”, 1 “üç” alaraq ali məktəbə daxil oldum. Bizim qrupda hamısı bakılı idi, əksəriyyəti də böyük adamların övladları. Beləliklə, qrupda rayondan gələn təkcə mən idim, amma mənə lazım idi ki, yaxşı oxuyub təqaüd alam. Təqaüd cəmi 20 manat idi. Lakin bu da az pul deyildi, ehtiyacların bir qismini ödəmək olurdu.  Ona görə də çalışırdım ki, yaxşı oxuyum. İkinci kursda məni sinif nümayəndəsi, 3-cü kursda isə fakültənin Komsomol Komitəsinə sədr seçdilər. Yeganə tələbə idim ki, fakültədə məni partiyaya qəbul elədilər. Özü də o vaxt Azərbaycan Dövlət Universiteti indiki “Narxoz” olan yerdə idi. Həmin ərazi o vaxt Stalin rayonuna aidi idi (sonra Voroşenko, bir qədər sonra “26 Bakı Komissarları” adlandırıldı), bu rayonda fəhlə az idi, əhalinin hamısı ziyalılar idi.

-Əmək fəaliyyətinə harada başladınız?

1961-ci il iyulun 2-də ali məktəbi bititməyim haqqında diplomumu almışam. Əvvəlcə göndərişimi Şamaxıya yazmışdılar, sonra Mərkəzi Komitədə komsomola çağırdılar ki, səni instrukor vəzifəsində işə götürəcəyik. Dedim ki, məni Təhsil Nazirliyinin sərəncamlına göndəriblər. Məkub yazdılar, getdim təhsil naziri Mehdi Mehdizadənin yanına, dərhal da sənədimi yazdılar. Çünki o vaxt Komsomol Komitəsinin böyük hörməti vardı.  Bulvarda gəzirdim, nə iş-güc var idi, nə də yatmağa yerim. Bulvarda Azərbaycan Dövlət Universitetində müəllimim olmuş Abuzər Cahangirovla rastlaşdım. Soruşdu ki, nə edirsən, nə işə baxırsan? Dedim ki, göndərişimi Şamaxıya yazmışdılar. Amma sonradan çağırdılar Komsomola, hələ ki, boşam. Dedi “AZİ”də dərs demək istəyərsənmi? Dedim istəyərəm. Dedi kafedra müdiri məndən soruşdu, sənin adını verdim, get onun yanına. Gəldim fəlsəfə kafedrasının müdirinin yanına, diplomuma və qiymətlərimə  baxdı, ərizə yazdırdı, avqustun 15-dən başladım işə. Sentyabrın 7-də auditoriyaya girib ilk mühazirəmi demişəm. 1962-ci il yanvarın əvvəlindən isə  Azərbaycan Tibb İnstitunda (indiki ATU-red.) da saathesabı dərs dedim. Eyni zamanda “AZİ”də də gecə məktəbində oxuyanlara dərs keçirdim. Tibb Universitetində saathesabı dərs deyən vaxtı mənə çağırdılar Mərkəzi Komitəyə. Dedilər ki, “Vışka” qəzetində - o vaxt bu qəzetin 40-dan çox işçisi vardı, amma bir nəfəri də azərbaycanlı deyildi, hamısı ruslar, ermənilər və yəhudilər idi – məni göndərdilər redaktor Nikolayevin yanına. Nikolayev Qarabağda ikinci katib olmuşdu, ermənilər onu azərbaycanlılara qarşı elə hazırlamışdılar ki, heç bir azərbaycanlını o qəzetdə işləməyə göndərmirdilər. Amma məni göndərəndə əvvəlcədən onun özünə zəng eləyib demişdilər. Buna baxmayaraq, onun yanına gedəndə dedi ki, bizdə sənə görə iş yoxdur. Amma bir qədər sorğu-sual eləyəndən sonra katibəsini çağırıb dedi ki, bu adamın sənədlərini götür qəbul ulə, qəzetdə işləyəcək. Məni ordan-burdan reportaj yazmağa göndərirdilər.  Zavod və ya fabriklərə, yaxud da harada bir sərgi açılıbsa, gedib oradan reportaj hazırlayırdım. Mən ixtisasca filosofam, universitetin fəlsəfəsini oxudum, universiteti tarixçi kimi bitirdim. Amma qəzetdə ictimai-siyasi şöbənin əməkdaşı kimi reportajlar yazırdım.

-Bəs, elmi fəaliyyətə nə vaxt başladınız?
-Mən “Vışka”da 1962-ci ilin marından 1963-cü ilin noyabrına qədər işlədim. Ancaq jurnalistika mənlik deyildi, bunu müvəqqəti iş hesab edirdim. Marağım aspiranturaya qəbul olmaq olmaq idi, ona görə də qəzetdən getdim. 1963-cü ildə Elmlər Akademiyasının Fəlsəfə İnstitutu aspiranturaya qəbul elanını açıqladı. Aspiraturaya 6 vakant yer vardı, namizədlərin sayı isə 13-14 nəfər idi. Məni ona görə qəbul elədilər ki, həm fəlsəfədən dərs demişdim, həm də yaxşı oxumuşdum. Sonra elə oldu ki, Moskva Fəlsəfə İnstitutu aspiranturaya qəbul elanı verdi, 15 respublika üzrə cəmi 5 yer ayırmışdılar ki, İnstitut üçün fəlsəfə üzrə elmlər namizədi hazırlasınlar. Müsabiqədə 5 yerdən 1-ni Azərbaycana ayırmışdılar. Azərbaycandan isə həmin 1 yerə qarşı iddiaçı namizədlərin sayı 4-5 nəfər idi. 1963-cü ilin dekabrında hamımız bir yerdə getdik Moskvaya, yarım saat bizimlə söhbət elədilər və aparılan sorğu-sualların yekununda məni seçdilər, mən qalıb aspiranturanı Moskvada oxudum. Digər yoldaşlar isə onsuz da Bakıda aspiranturaya qəbul olunmuşdular, sadəcə mövzularını, elmi rəhbərlərini təsdiqlədib geri qayıtdılar. Bundan sonra 3 ay müddətində mənə verilən mövzu üzərində işlədim. Elmi rəhbərim isə Gürcüstan ermənisi di, amma  çox beynəlmiləlçi adam idi. O qədər beynəlmiləlçi di ki, hətta erməni dlində  də danışa bilmirdi. Ona dedim 3 ay müddətində bu mövzunu işləyib başa çatdırmaq çox çətindir. Mövzumun adı  belə idi - “Eşyosorki problemıy istorii nauçno sosializmi”.  Ondan sonra mövzumu dəyişdilər və Karl Marksdan bir mövzu götürdüm. Aspiranturaya daxil olnadan sonra 3 il ərzində müdafiə elədərək fəlsəfə üzrə elmlər namizədi oldum.  Müdafiə edəndən sonra bir-iki il orada qalıb işlədim. Hələ aspiranturada oxuyarkən həm də Moskva Dövlət Universitetində dərs demişəm. Sonra gəldim Bakıda Elmlər Akademiyasının Fəlsəfə-Hüquq İnstitutunda çalışdım. Burada baş laborantdan sosial fəlsəfə və sosial psixologiya şöbəsinin müdiri vəzifəsinədək yüksəldim. Düz 17 il şöbə müdiri olmuşam, 10 nəfər elmlər namizədi hazırlamışam. Baxmayaraq ki, psixoloqlarla işləmək çox çətindir. SSRİ miqyasında yeganə sahədir ki, Moskva Dövlət Universitetində psixologiya fakültəsinə qəbul zamanı tələbənin psixatordan arayış alması tələb olunurdu. Çünki psixoloqların 50 faizi xəstədir, onlarla işləmək mümkün deyil. Amma 17 ildə mənim şöbəmdən 10 nəfər elmlər namizədi oldu. Mənim şöbəm ən yaxşı şöbə idi, çünki o aspirantları Moskavada, Leninqradda təhsil almış uşaqların arasından seçmişdim. SSRi-nin süquta uğraması ilə əlaqədar baş verən proseslər zamanı birinci mənim şöbəm dağıldı. Şöbənin işçilərindən bir getdi BMT-nin nümayəndəliyində işlədi və dərhal 1000 dollar əməkhaqqı aldı. İki əməkdaşımız İsrailə, 2-si Amerikaya, 1-i Moskvaya  getdi. Beləliklə də, o boyda elmi mərkəz tamamilə dağıldı. Amma harada ki, savadsızlar işləyirdi, pulun hesabına , yaxud da qohumluq, dost-tanışlıq əlaqəsinə görə işə götürülmüşdü, onlar qalıb işlədi və yenə də işləyirlər, üstəlik daha yüksək vəzifələrdə. Çünki onlar başqa ölkələrdə elmlə məşğul ola, elmi institutlarda çalışa bilməzdi, onları heç harda işə götürmürdülər. Nəticədə Elmlər Akademiyasında düşünən beyinlər ölkədən çıxıb getdi.

-Şöbə dağılandan sonra sizin özünüzün taleyiniz necə oldu?
-Bizim şöbə dağılandan sonra kiçik bir qrup qalmışdı, onlara rəhbərlik edirdim. Amma mənə dedilər ki, sən Heydər Əliyevin adamısan, sən burda işləməyəcəksən. Hakimiyyət cəbhəçilərin əlində idi, məni işdən çıxartdılar. Məni Akademiyadan çıxarmadılar, keçirdilər Rəyasət Heyətinə və burada 7 il işlədim. Eyni zamanda tam ştatda Dövlət İdarəçilik Akademiyasında işlədim. Elmlər Akademiyasında aspirantlara dərs deyirdim. Həmçinin Azərbaycan Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyasında  dərs demişəm. Sovet vaxtı 35 beynəlxalq, ümumittifaq, regional və respublika konfranslarında iştirak etmişəm. Mən 17 il Elmlər Akademiyasında şöbə müdiri olmuşam, fəlsəfə tarixindən dərs demişəm. Aspiratruaya qəbul zamanı bütün rəhbərləri şöbə müdirlərini, laboratoriya müdirlərini çağırırdılar. Milli qeyrətli alim Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti olarkən qəbula gələn aspirantları bir-bir çağırıb şəxsi işlərini yoxlayırdılar. Tofiq İsmayılovun  rəhbərlik etdiyi Kosmik Tədqiqatlar İnstititutu böyük institut idi, 3000-dən artıq adam işləyirdi. Aspirantları bir-bir çağıranda gördülər ki, çoxu başqa millətlərin nümayəndələridir, aralarında ermənilər də çoxdur, azərbaycanlılar isə azdır. Bu zaman bir balaca, arıq və çəlimsiz oğlan qorxa-qorxa girdi içəri, kasıb geyimdə. Həsən Abdullayev amiranə səslə “Niyə elə yeriyirsən, bəri gəl” deyə, səsini qaldırdı. Oğlan yaxınlaşanda soruşdu ki, haradansan? Cavab verdi ki, Ermənistandan. Dedi "orada qoymurlar səni yeriməyə, a kişi, ayağını yerə möhkəm bas, bura sənin ana torpağındır. Görürəm ki, sənin kimilərini burada da sıxışdırırlar. Nə problemin olsa, gəl mənim yanıma". Belə sözlər demək o vaxt çox qorxulu idi. Amma Həsən Abdullayev milli düşüncəli alim kimi çox çəsarətlə azərbaycanıları müdafiə edirdi.

P.S. Bu, Azərbaycanın çox dəyərli almlərindən olan Əmralı İsmayılovla söhbətimizin çox az hissəsidir. Bu gün görkəmli filosofun 80 yaşı tamam olmasını nəzərə alaraq, onunla söhbətin yalnız şəxsi həyatı ilə bağlı olan hissəsini təqdim etdik. Yaxın günlərdə Əmralı İsmayılovun müsahibəsi əsasında bir-birindən maraqlı daha bir neçə yazını oxuculara təqdim edəcəyik. Əminik ki, onunla söhbətin davamı ən müxtəlif peşə sahiblərinə -  təhsil işçilərinə, alimlərə, siyasətçilərə, məmurlara, sadə insanlara gərəkli olacaq.

Hələlik isə redaksiyamızın kollektivi adından 80 illik yubileyi münasibətilə görkəmli alimimizi təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq. Yüz yaşayın, Əmralı müəllim!

05.01.2017 13:17:00
Oxuma sayı: 1557