Şimal-Cənub Nəqliyyat Dəhlizi reallaşmaq üzrədir
Ölçü:


İranda nəhəng dəmiryol körpüsünün tikintisi iki həftəyə başa çatacaq.

Koordinat.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, bu barədə İranın yol və şəhərin inkişafı nazirinin müavini Kheirollah Khademi məlumat verib. O, yerli mühəndislər tərəfindən reallaşdırılan layihənin artıq yanvarın 19-da başa çatdırılacağını bildirib.

Manjil şəhərindən keçən “Sefid Rud” çayının üstündəki 1,43 kilometrlik bu körpü, Qəzvin-Rəşt dəmiryol xəttinin bir hissəsidir. Artıq tamamlanmaq üzrə olan bu xətt, Rəştdən liman şəhəri Astaraya, ordan isə Azərbaycana keçəcək.

Qeyd edək ki, bu hissə beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsidir. Bu xətt Azərbaycan, İran və Rusiya vasitəsi ilə Şimali Avropa ilə Cənubi Asiyanı birləşdirəcək. Yəni İrandan Rusiya və Baltik limanllarına uzanan bu nəqliyyat dəhlizi ümumilikdə Fars körfəzi ilə Hindistanı birləşdirəcək.

Dəqiq desək Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanları, həmçinin Bakı, Astraxan, Moskva, Sankt Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

Dəhliz istifadəyə verildikdən sonra İranla Azərbaycan arasında yükdaşıma və ikitərəfli ticarət əlaqəsi dramatik şəkildə artacaq. Belə ki, hazırda İranla Azərbaycan arasındakı 600 min tonluq illik mal dövriyyəsinin, 5 milyon tona qaldırılacağı gözlənilir.

Hazırda İranla Azərbaycan arasında illik ticarət dövriyyəsi 500 milyon dollardır ki, bunun da kəskin artacağı gözlənilir.
05.01.2017 13:52:00
Oxuma sayı: 498