Ötən il 83 tələbə oxuduğu universiteti dəyişib
Ölçü:


Ötən il 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Koordinat.az xəbər verir ki, bu, 2016-cı ilin təhsil xronikasında qeyd edilib. Məlumatda qeyd edilib ki, ötən il Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Bundan başqa, 2016-cı ildə Çin Xalq Respublikasının ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi də başa çatıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə bu ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, ötən il təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində Transfer.edu.az elektron portalı yaradılıb. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.

 

05.01.2017 14:14:14
Oxuma sayı: 414