Alimlər qiyamət gününün 4 ssenarisi barədə: "Bir göz qırpımında məhv olacağıq”
Ölçü:


Yer sivilizasiyasının məhv edilməsi təhlükəsi həm Rusiyada, həm də Qərbdə düşüncələri yerindən oynatmaqdadır. Müxtəlif ölkələrin alimləri qiyamət günü ssenariləri haqda öz aralarında dartışınca heç bir beynəlxalq təşkilat və heç bir dövlət sivilizasiyanın özlüyündə təhlükəsizliyinin təminatı ilə belə də məşğul olmağa başlamayıb. Amma insanlığın həmişə, ən azı, bir qurtuluş yolu olacaq.

Britaniyanın “Blueclaw” agentliyi Yerdə həyatı məhv edə biləsi potensial fəlakətlərin siyahısını tərtib edib. Ekspertlərin işinin əsasında 50 müxtəlif qaynaqdan məlumatların iqtibası durur. Söhbət məhz hansı fəlakətlərdən gedir?

Kürəsəl istiləşmə təhlükəsi

İqlimin dəyişilməsi üzrə İdarələrarası Ekspertlər Qrupunun (IPCC) məlumatına görə, kürəsəl istilik 2055-ci ilə doğru sənayeöncəsi dövrlə müqayisədə Selsi üzrə 2 dərəcə yüksələ bilər. Planet indikinə oxşar templərlə isinməyi davam etdirərsə, onda 2136 ildən sonra Yerdə istilik 44 dərəcə qalxacaq, bu da insanlıq üçün böhranlı səviyyə sayılır. Ekspertlərin fikrincə, istiliyin belə yüksəlişi qurunun böyük qismini su altında qalmaq və müntəzəm təkrarlanan sunamilərə gətirər.

Ölümcül xəstəliklər təhlükəsi

Alimlər vərəm, qızdırma, Ebola və Lassa qızdırmaları, limfa vəzilərinin iltihabı və ağciyər taunu, vəba və başqa virusları da sivilizasiya üçün ən qorxulu təhlükələr siyahısına daxil edirlər. KİV-lərin məlumatına görə,  təkcə 2017-ci ildə 10 milyondan çox adam vərəmə yoluxub, bundan 12 milyona yaxın adam isə ölüb.

Özü də ölümcül xəstəliklər planetin hər şeydən qabaq Yer kürəsi əhalisinin yarıdan çoxunun yaşadığı hissəsini təhdid edir – söhbət Çin, Hindistan, İndoneziya və Asiya-Sakit okean bölgəsinin başqa ölkələrindən, habelə Afrikadan gedir.

Nüvə fəlakəti təhlükəsi

XX yüzilliyin ikinci yarısında insanları ABŞ və SSRİ arasında nüvə savaşı təhlükəsi qədər heç nə qorxutmayıb. Hərbi nüvə qarşıdurması təhlükəsi indi də qalır – xüsusən də getdikcə daha çox ölkə nüvə silahı hazırladığına görə.

İndiki anda ABŞ keçirilən nüvə sınaqlarının sayına görə birinci yeri tutur -1030. SSRİ və Rusiya bir qədər az keçirib – 715, amma bununla yanaşı Rusiyanın sərəncamında partlayışı, təxminən, 18,3 milyon adamın həyatını apara biləcək ən böyük “Çar-Bomba” var. RBK yazır ki, 4206 belə bombanın partlayışı bütün planetin məhv edilməsi üçün bəs edir.

Kosmosdan təhlükə

NASA-nın baxışınca, Yerin böyük səma cismilə toqquşmaq ehtimalı azdır, amma Amerikanın kosmik agentliyi diametri 5 km-ə yaxın “Florensiya” adlı ən böyük asteroid aşkarlayıb. Alimlərin məlumatına görə, “Florensiya” Yerlə toqquşsa, planetin 1,2 milyardan az olmayan əhalisinin məhvinə gətirər.

Hokinqin fikri

Britaniyanın məşhur alimi Stiven Hokinqin də daxil olduğu xeyli mütəxəssis sivilizasiyanın məhvi variantları problemi ilə məşğul olub. Onun ssenarisi qəribə şəkildə “Blueclaw” agentliyinin ssenarisi ilə 75% üst-üstə düşür, amma yenə də birində ayrılır: Hokinq kosmodan təhlükə gözləməyib, əvəzində süni intellektdən təhlükə görüb. O, 2014-cü ildə "BBC"yə müsahibədə bildirib: “Tamdəyərli süni intellektin inkişafı insan irqinin sonunu ifadə edə bilər”.

Hokinq hesab edib: “O (süni intellekt) müstəqil şəkildə inkişaf etməyə başlayar və özünü getdikcə artan sürətlə təzədən qayıra bilər. Bioloji təkamülün sürətilə məhdudlaşdırılan adamlar isə onunla yarışa bilməz və tezliklə onlarla əvəz olunacaq”.

Rusiya alimlərinin fikri

Futuroloqlar Birliyinin üzvü, Rusiya EA Sistemli Analiz İnstitutunun baş elmi işçsi Aleksandr Kononov “Vzqlyad” qəzetinə bildirib: “Qiyamət ssenarisini dərc edən KİV-lərdəki bütün bu gurultulu xəbərlər bunun nəticəsidir ki, bizdə heç bir beynəlxalq təşkilat və heç bir dövlət sivilizasiyaya təhlükəni modelləşdirmək kimi problemin ciddi səviyyədə qayğısına qalmayıb. Amma bu məsələ ilə ayrı-ayrı alimlər məşğul olurlar – o cümlədən mən”.

Futuroloq izah edib: “Mənim təhlükələr modelimə görə, bunların sayı sonsuzdur. O qədər böyükdür ki, Britaniya alimlərinin təhlükənin 4-5 növü haqda irəli sürdükləri fərziyyələr idraki təhrif görünür – təhlükələrin bir bölümünə məhəl qoyulmur və diqqqət başqa bölümə yönəldilir”.

Onun fikrincə, Britaniya ekspertlərinin və Hokinqin dediyi təhlükələr, doğrudan da, göz qabağındadır. Özü də bunlardan bəziləri bir-birini tamamlayır. Məsələn, süni intellekt nüvə təhlükəsi və sivilizasiyanın özünü məhv etməsilə sıx bağlıdır.

Alim hesab edir: “Çünki nüvə silahı işlətmək sahəsində getdikcə daha çox qərar bura tətbiq edilən kompüter sistemləri və süni intellektin öhdəsinə buraxılır. Və Allah eləməsin, bu sistemlərdə yanlışlıq olsa, biz bunu nəzarətə götürməyə macal tapa bilmərik”.

Kononov gileylənib: “Amma sivilizasiya üçün ən təhlükəlisi budur ki, onun təhlükəsizliyi məsələsilə heç kim ciddi məşğul olmur. Amma axı üç kriteriyanı birləşdirən klassik yanaşma var: birincisi – təhlükələrin modeli; ikincisi – müdafiə modeli; üçüncüsü – təhlükənin qabağını almağa xeyli dərəcədə imkan verən qərarların qəbuludur. Sivilizasiyaya münasibətdə heç nə edilmir. Adamı hər şeydən çox bu, mat qoyur”.

Ekspert davam edir: “Nəzərə alınmayan təhlükələrə gəlincə, bunlar, hər şeydən qabaq, əsla nəzarət etmədiyimiz geofiziki və geokosmik təhlükələrdir. Məsələn, vulkanlar və Yer qabığının sabitsizləşməsi birinciyə aiddir. Yerdə vulkan fəallığı başlasa və bütün planet boyu partlasa, bizi həlak olmaqla təhdid edər. Həm də belə təhlükələr saysız-hesabsızdır”.

Kononovun sözlərinə görə, amma, bax, təkcə ayrı-ayrı asteroidlər deyil, həm də bir yığın başqa təhlükə geokosmik təhlükələrə aiddir. Həmsöhbətimiz əlavə edir: “Burada, ümumiyyətlə, onları öyrənmək planında görüləcək işlərin sayı-hesabı yoxdur. Oort buludunun, Koyper qurşağının istənilən sabitsizliyi, fövqəlyeni planetlərin partlayışı, azmış Qara deşiklər və qara materiyanın gözlənilməz davranışı bizi bir anda məhv edə bilər”.

Kononov yekunlaşdırır: “Amma bu təhlükələrin çoxu kosmik ekspansiya – yaşayış üçün yeni məkanları məskunlaşdırmaq və təxliyyə proramları vasitəsilə dəf edilir”.

Aleksey Neçayev (vzqlyad.ru)
Tərcümə Strateq.az-ındır. 

10.06.2019 13:07:00
Oxuma sayı: 24