Qarabağda vəziyyəti Rusiya gərginləşdirir? - ŞƏRH
Ölçü:


“Ağdam, Tərtər istiqamətində mayor Aqil Ömərova qədər bir ildən artıq idi itki vermirdik. İyunun ilk ongünlüyündə bu istiqamətdə iki Şəhid verdik. Bir düşmən əsgəri öldürülüb".

Koordinat.az-ın məlumatına görə, bunu keçmiş hərbçi Nazim Bayram son günlər cəbhə xəttində gərginləşmiş vəziyyəti şərh edərkəb bildirib. O, qeyd edib ki, ATƏT-in MQ həmsədrləri regiona səfəri Bakıda başa vurarkən, işğalçı erməni ordusu Azərbaycan ordusunun üst zabitini təmas xəttindən snayper üçün maksimal məsafədən qəsdən öldürmüşdü: "Adətən, elədiyini rəsmən susmaqla etiraf edən düşmənin mətbuat mərkəzi, bu dəfə Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçusunun Şəhid olması haqqında rəsmi məlumatı dezinformasiya adlandırdı və Azərbaycanı qəsdən dezinformasiya yaymaqda ittiham etdi”.

Nazim Bayram deyir ki, cəbhə xəttində vəziyət kortəbii kəskinləşməyib, vəziyəti düşmən planlı şəkildə gərginləşdirir və bunu danır. Belə davranış hansı niyətlə ya məqsədlə bağlı ola bilər?

“2016-cı aprelindən sonra Vyana və Sankt-Peterburq görüşlərində və Sarkisyandan sonrakı dövrdə erməni tərəfi təmas xəttində atəşkəs rejiminin monitorinqinin güclənməsini daim danışıqlar gündəminin mərkəzi predmeti etmişdi. Paşinyan gələndən gündəm dəyişdi, Dağlıq Qarabağın danışıq tərəfi kimi iştirakı erməni xarici siyasətinin prioriteti elan olundu. Kaspşik Bakıda ola-ola ermənilərin atəşkəsi pozub, inkar etmələrini monitorinq məsələsinin gündəmə qaytarılması istəkləri ilə bağlı ola bilər. Erməni tərəfdə əvvəlki nizam-intizamlı siyasəti görsəydik, bu məqsədi əsas götürmək olardı.
Ancaq Paşinyanın, "Qarabağda bir təxribatçı qrup müharibə məqsədilə təxribat törədib, torpaq verib, sonra bunun təqsirini Ermənistan hökümətinin üstünə atmaq istəyir" sözləri mətbuatda hələ müzakirə olunan zaman ermənilərin cəbhədə vəziyəti gərginləşdirməsi hətta ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən "monitorinqin gücləndirilməsi" kontekstində anlaşılmayacaq. Dolayısıyla bunu, ermənilərin son bəyanatlarında "təmas xəttində monitorinqi gücləndirmək" tələbinin olmaması göstərir”.

Rusiya Qarabağdakı gərginləşmədə maraqlı ola bilərmi?

Keçmiş hərbçi deyir ki, Rusiya o zaman separatçı müttəfiqlərinə cəbhədə vəziyəti gərginləşdirmək göstərişini verər ki, Ermənistan artıq əldən gedir (Qərbə), Rusiya artıq hərbi bazasını çıxarmaq həddinə gəlsin: “Bu isə hələ ki müşahidə olunmur və yaxın perspektivdə görünmür. Həm də Rusiya Paşinyanı cəzalandırmaq üçün Qarabağa zərbə endirməyə çoxdan razılıq almaq istəyən Azərbaycana da birbaşa işarə edə bilər- Qarabağ ermənilərini təhrik etməyə ehtiyac yaranmaz. Lakin Rusiyanın hazırki dövrdə Cənubi Qafqazda müharibə alovlandırması istəyi inandırıcı deyil. Əksinə, neftin qiymətinin düşdüyü, vilayətlərdə "yedinorosların" idarəetməsinə qarşı artan sosial etirazlar kortəbii sinxronlaşan daxili ictimai-siyasi şəraitdə, Suriya və Ukrayna, İran problematikası, Qərb və ABŞ-la sonluğu məlum olmayan münaqişələrə və problemlərə daha bir ciddi müharibənin əlavə olunmasında Rusiyanın maraqlı olması heç ağlabatan deyil, çünki daha bir həmsərhəd regionuna xarici müdaxilələrə yol açacaq, buna təhrik edəcək. Rusiyanın isə buna gücü qalmayıb. Rusiyanın maraqları Ermənistanı hərfi mənada satın alması ilə tam təmin olunur. Ermənilərin Qarabağ qorxusu isə Rusiya üçün rıçaq olaraq, kifayət edir, "qorxutmaq, tətbiq etməkdən qorxuludur", qaydası ilə. Qlobal olaraq, Rusiyanın regionda hegemonluğu barədə nə Avropa, nə ABŞ, nə İran, nə Türkiyə mübahisə edir. Eyni zamanda, onlara da regionda közərən müharibənin alovlanması hazırkı dövrdə lazım deyil. Dağlıq Qarabağ dünyada yeganə məsələdir ki, nizamlanması yollarına ABŞ-la Rusiyada fikir ayrılığı yoxdur - "münaqişə tərəfləri özləri gələcək razılaşmanı dəstəkləyəcəklər, ancaq məsələnin həllində güc variantı yolverilməzdir" deyirlər. Yanaşmanın dəyişməsi üçün şərtlər dəyişməyib. Həm də Trampın İranı vurmaq avantyurası bitmədiyi zaman Qarabağda Rusiya müharibə qızışdırmaq arzusunun aydın rasional izahı yoxdur”.

Nazim Bayramın fikrincə, Ermənistanla son danışıqların da ruhu və humanitar sahədə razılaşmalar "snayper müharibəsinin" fəallaşması ilə uzlaşmır: “Beləliklə, cəbhədə vəziyətin ermənilər tərəfindən gərginləşdirməsi ermənidaxili "inqlabçılar- "Qarabağ klanı" qarşıdurması ilə izah oluna bilər. Azərbaycanın bu şəraitdə siyasi-diplomatik və hərbi təşəbbüsü ələ almaq məqamı gəlib. Eyni zamanda bizim vəzifəmiz ermənidaxili münaqişəni dönməz nöqtəyə gətirməkdə yardım etməkdir. 2020-ci ildə qondarma "Artsax"da “prezident seçkiləri” olacaq. "Müharibə partiyasının" əsas namizədi, Xocalı soyqırımında iştirak etmiş Əsgəran alayının komandiri, dinc əhalimizə qarşı insanlığa qarşı cinayətlər törətdiyinə görə Azərbaycan Respublikasında Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən barəsində cinayət işi açılan, hazırda Dağlıq Qarabağda "təhlükəsizlik şurasının katibi" general-leytenant Vitaliy Balasanyandı. O, Paşinyanın dəstəkləyəcəyi namizəddən fərqli, Daşnaksütun və "Qarabağ klanı" tərəfindən dəstəklənir. Cəbhədə gərginləşmə ilk növbədə Qarabağda erməni əhalisini müharibə ilə qorxutmaqla V.Balasanyanın seçilmə şanslarını yüksəltmək və bütün erməni "müharibə şahinlərinin" mövqelərini bərkitmək məqsədinə xidmət edir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Azərbaycan bu terrorçunu havadan yüksəkdəqiqli raket zərbəsi ilə məhv edə bilər. Buna görə Rusiya "inciməz" (Cövhər Dudayevin vurulmasını yadına salarıq). Və o cümlədən, Qarabağda olan digər separatçı liderlər "nöqtə" zərbələri ilə məhv edilməlidilər. Bu əməliyatlar torpaqlarımızın azad olunmasına şəraitin yaradılmasına yuxarıda dediyim yardım olardı. Bu tamamilə real və dünya praktikasında qəbul olunmuş terrorçularla və separatçılarla mübarizə metodudur. Bunun üçün bütün avadanlıqlara malikik, mütəxəssislər hazırlanıb. Bunlar nəhayət işə salınmalıdır. Genişmiqyaslı müharibə ilə dərhal torpaqları azad edə bilmiriksə, düşmənə "aprel" kimi, digər vasitələrlə ciddi nəticələrə səbəb olacaq zərbələr endirməliyik”.

10.06.2019 09:43:00
Oxuma sayı: 76