Bu gün vergi amnistiyası olacaq
Ölçü:


Bu gün Milli Məclisin bu ilin son plenar iclasında 97 faizdən çoxu özəl sektorda çalışan 44 mindən çox vergi ödəyicisini əhatə edəcək vergi amnitsiyası aktının qəbulu gözlənilir. Bu qanun layihəsi vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğini deyil, faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, bir dəfəyə silinmə 1 yanvar 2017-ci il tarixə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərə (1) və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış borclara (2) tətbiq olunacaq.

Ekspert bu məsələnin ikinci hissəsini izah edərək bildirib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsi nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 400 manatdan 6000 min manata qədər cərimələr nəzərdə tutur. Bu hal baş verdikdə yüksək cərimələr (2000-dən 6000 manatadək)vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunur. Digər maliyyə sanksiyaları üzrə borclar isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinəcək. Belə ki, 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, yanvar-fevral ayları ərzində yarısı ödənildikdə yerdə qalan borcların digər yarısı, yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.

Qubad İbadoğlu bildirib ki, bu ilin əvvəlində büdcə mədaxilinin formalaşmasına gərginliyin gözləndiyi müddətdə maliyyə sanksiyaları üzrə borclara və vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərə amnitsiyasının verilməsini təqdir olunmalıdır: "Hesablamalara görə, bu tədbir 600 milyon manatdan çox borcun büdcəyə qayıtmasına imkan yaradır. Odur ki, bu tip borclular kateqoriyasına düşən vergi ödəyiciləri gələn ilin ilk 3 ayında onlara verilmiş belə fürsətdən yararlanmaya çalışmalıdırlar. Qanun layihəsinin bu gün müzakirə və qəbul ediləcəyini nəzərə alaraq qeyd etmək istərdim ki, amnistiya üçün ayrımış 3 aylıq müddət çərçivəsi də adekvat hesab edilə bilməz. Çünki, iqtisadi böhran şəraitində maliyyə resursların səfərbər edilməsi üçün daha çox zaman tələb olunur. Odur ki, Milli Məclis üzvləri bu müddətin artırılmasına nail olarsa sahibkarlara onların bu gün qəbul etdiyi qanun daha çox fayda verə bilər".

İqtisadçı alim hesab edir ki, əsassız maliyyə sanksiyalarına məruz qalan vergi ödəyiciləri mübarizəsini məhkəmə müstəvisində davam etdirməlidir. Onun fikrincə, hazırda məhkəmə və hüquq sistemində islahatların aparılması və məhkəmlələrin qərar qəbulunda müstəqilliyinin təmin edilməsi vergi ödəyiciləri üçün amnistiya qərarından da önəmlidir.
30.12.2016 10:09:00
Oxuma sayı: 371