Azərbaycanda həbs olunan tələbələr universitetə bərpası problemi
Ölçü:


Azərbaycanda tələbəsənsə və etiraz aksiyalarına qoşulursansa, universitetdən xaric olunmaq riskini almış olursan. Bu, artıq bir neçə tələbənin başına gəlmiş və yayılmaqda olan haldır.

Bakı Dövlət Universiteti deyir ki, il ərzində bütün dərslərin 25 faizini buraxan tələbəni bu təhsil ocağından uzaqlaşdırmaq hüququ var.

Bəs, bu tələbə keçmiş məhbusdursa və dərsləri həbsxanada olduğu üçün buraxıbsa, onda necə?

Tural Abbaslı illər öncə icazəsiz aksiyalar zamanı həbs olunduqdan sonra ali təhsil aldığı Bakı Dövlət Universitetindən xaric edilib. O, sonradan təhsil hüququnun bərpası üçün məhkəməyə üz tutub. Müsavat partiyasının üzvü olmuş Tural Abbaslı 2011-ci ildə etirazlar zamanı həbs olunub, elə həmin il universtetdən çıxarılıb. Bir il sonra isə əfv fərmanı ilə azadlğa buraxılıb.

Bakı Dövlət Universiteti konkret olaraq, Tural Abbaslının məsələsi barədə suala cavab verməkdən imtina edib.

Tural Abbaslı deyir ki, universitetdən ona yeni qaydalarla təhsilinə "bərpa oluna biləcəyini" deyiblər.

Keçmiş məhbuslar hesab edir ki, universitetlər xaricetmədə hüquqi əsas kimi davamsızlığı və digər səbəbləri əsas gətirsələr də, bu, tələbələrin siyasi baxışları ilə də əlaqəlidir.

Həbsə düşdüyü üçün dərslərinə davam edə bilməyən, buna görə də oxuduğu universitetdən xaric edilən keçmiş müsavatçı Tural Abbaslı deyir ki, universitetdən ona yeni qaydalarla təhsilinə "bərpa oluna biləcəyini" deyiblər: "Mənə dedilər ki, rəhbərliyə müraciət edim. Ancaq müraciət yazmaq "günahımı qəbul edirəm" deməkdir, halbuki haqsız yerə xaric olunmuşam".

"İndi məsələ açıq qalıb. Onlar məni universitetdən xaric etdikləri kimi də universitetə bərpa etməlidirlər. Xaric olunanda magistraturanın ikinci kursundaydım. Üç imtahan verib, diplom işinə çıxacaqdım. Yəni, mən tədris prosesini bitirmişdim. Təkrar niyə başlamalıyam ki?", - Tural Abbaslı BBC News Azərbaycancaya deyir.

Ona BDU-dan qovulmasını müxtəlif səbəblərlə izah ediblər: "Gah dedilər imtahanı verməyib kəsirə qalmışam, gah dedilər təhsil haqqını ödəməmişəm. Düzdür, imtahanlarımı verməmişəm, çünki həbsdə olmuşam".

Bu ilin martında ölkə prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunmuş, "heykəl məhbusu" kimi tanınan Bayram Məmmədov da təhsil aldığı Bakı Slavyan Universitetindən xaric olunub. O, həbsdən çıxdıqdan sonra təhsilini davam etdirmək üçün universitetə müraciət edib. Müəssisə rəhbərliyindən ona yeni tədris ilindən dərsə başlaya biləcəyini bildiriblər.

Lakin həbsdən azad olduqdan 13 gün sonra Bayram Məmmədov yenidən həbs olunub. Bu dəfə inzibati qaydada. 30 gündən sonra azad olunan Məmmədov yenidən universitetə üz tutur və öyrənir ki, növbəti tədris ilindən təhsilinə "qaldığı yerdən davam edə bilər".

"Dedilər ki, 3 fəndən imtahanım qalıb, sentyabr ayından universitetin alt qruplarında dərslərdə oturmalı və semestr sonunda imtahanlarımı verməliyəm. Növbəti semestrin sonunda isə gedib diplom işini müdafiə etməliyəm.

Ancaq bir həftə sonra evə zəng edib bildiriblər ki, universitetdən xaric olunmuşam. Halbuki, 2016-cı ildə istintaq təcridxanasından universitet rəhbərliyinə müraciət etmişdik və bizə bildirmişdilər ki, istənilən vaxt universitetə qayıdıb təhsilimi davam etdirə bilərəm".

"Müraciət etsə, bərpa oluna bilər"


Bakı Slavyan Universitetinin əməkdaşı Səbinə Tarverdiyeva deyir ki, Bayram Məmmədov universitetdən xaric edilməyib, o təhsilini davam etdirə bilər. Lakin universitetin əsasnaməsinə əsasən, Bayram Məmmədov "yalnız 2020-ci ilin yanvarından universitetə bərpa oluna bilər".

"Qaydalara görə, Bayram Məmmədov müəssisə rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Kollegial şəkildə həmin müraciətə baxılmalıdır. Qanunauyğun olaraq, onun bərpası müzakirə olunmalı, əgər uyğundursa, əmr imzalanmalıdır. Bərpa olunma müddəti isə 2020-ci ilin yanvarında mümkündür".

Universitet rəsmisi deyir ki, mövcud əsasnaməyə görə, tələbənin xaric və ya bərpa olma müddəti yayda və qışda mümkündür. O, Bayram Məmmədovun yay semesterində bərpa olunmamasını onun keçəcəyi fənlərlə əlaqələndirir.

"Həmin tələbə ancaq qış semestrində təhsilə bərpa oluna bilər. Müraciət etsə, qanuna görə onun bərpasında heç bir problem olmamalıdır", - Səbinə Tarverdiyeva vurğulayır.

"Vaxt itirdim"

Keçmiş "siyasi məhbus" Cabbar Savalanlı da bir neçə il öncə oxşar hadisə ilə üzləşib: universitetdən qovulmasının hüquqi əsası kimi onun "dərsə davamiyyətinin olmamasını" göstəriblər.

O vurğulayır ki, həbsdən çıxdıqdan sonra ona "dərsə davam edə bilərsən" desələr də, təhsilə bərpa olunması ilə bağlı "xeyli çətinliklə" üzləşib.

Cabbar Savalamlı xatırlayır ki, ona universitetə bərpa olunmasına dair order verilməyib. O özü isə proseduru bilmədiyi üçün order almadan dərslərə getməyə davam edib: "Bərpa olunmadığımı bir neçə gün sonra universitetdən əsgəri xidmətdən möhlət almaq üçün arayış almaq istəyəndə öyrəndim. Dekan mənə dedi ki, sən bizim tələbəmiz deyilsən. Beləliklə də məni əsgərliyə göndərdilər".

Cabbar Savalanlı deyir ki, əsgərlikdən qayıtdıqdan sonra təhsilinə davam edib, diplomunu da alıb, bu işdə əsas itirdiyi vaxt olub.

"Törədilmiş cinayət ağır deyilsə…"


Deputat Asim Mollazadə hesab edr ki, ağır, kriminal cinayət həyata keçirmiş tələbə sosial təhlükəli olduğuna görə onu universitetdə saxlayıb-saxlamamaq müzakirə mövzusu ola bilər: "Bildiyimə görə, Britaniya və ABŞ universitetlərində ağır cinayət törətmiş şəxslər universitetə buraxılmırlar. Törədilmiş cinayət ağır deyilsə, bu şəxslər təhlükə vəd etmirsə, universitetin qərarı ilə bu tələbələr xaric olunduqları müəssisəyə bərpa oluna bilərlər. Ona görə də hər bir hal ciddi araşdırılmalıdır. Təkrar edirəm, ancaq ağır cinayətlər törətmiş şəxslərin bir sıra universitetlərdə təhsilini davam etdirməsi çətin olur".

 Tələbələrin qovulub, daha sonra təkrar universitetə bərpa olunmasına gəlincə, Asim Mollazadə ehtimal edir ki, bu, universitetlərin daxili qərarıdır.

"Universitetlər özləri ənənələrinə uyğun olaraq hansısa tələbəni bərpa edə bilərlər. Bu, universitetdə gedən proseslərlə bilavasitə bağlı olur", - o əlavə edib.

"Təhsil ən yaxşı reabilitasiya ola bilər"


Təhsil məsələləri üzrə təhlilçi Şahlar Əsgərov bildirir ki, "tələbələr fərdi hallarda universitetdən müxtəlif səbəblərə görə qovula bilərlər".

"Lakin gənclərə təhsil vermək normal dövlətlərin prioritet vəzifələrindən biridir, çünki həbsə düşmüş tələbələr üçün də ən yaxşı reabilitasiya təhsil ola bilər. Mən illərdir bu məsələ ilə bağlı çalışıram, deyirəm ki, həbsxanalarda mütləq məktəb və təhsil olmalıdır: ordakı gənclərə təhsil vermək üçün və ya təhsillərini davam etdirmək üçün".

Şahlar Əsgərov vurğulayır ki, "universitetlər giriş qapılarını çox geniş açmalı və çıxış qapılarını daraltmalıdırlar".

Azərbaycanda 2017-ci ilin statistikasına görə, əhalinin hər 10 min nəfərinə 171 nəfər ali təhsil alan şəxs düşür. Dövlət Statistika Komitəsindən bildiriblər ki, hər il ölkədə nə qədər tələbənin hansı səbəblərdən ali məktəb müəssisələrindən xaric edilməsi ilə bağlı statistika aparılmır. 
07.06.2019 11:19:00
Oxuma sayı: 94