Surət Hüseynovun 4 iyun çevrilişi - 26 il tamam oldu
Ölçü:


Bu gün 1993-cü ildə baş vermiş “4 iyun Sürət Hüseynov qiyamı”nın 26 ili tamam olur.

Koordinat.az xatırladır ki, tarixə “4 iyun qiyamı" kimi düşmüş bu hadisələr illər keçdikcə, yenə də müzakirə obyektidir. 1993-cü ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zamankı korpus komandiri Surət Hüseynovun nəzarətində olan  709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi  əməliyyat uğursuzluqla nəticələndi. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə  35 nəfər həlak olub.

Dörd iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib. Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi. O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi.

Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…

Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…

Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama - yəni bir sözlə qiyam adlandırılırdı.

Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi, sonradan bir müddət Azərbaycanın baş naziri olan Surət Hüseynov bir neçə rayonumuzun işğal edilməsində günahkar bilinir.
04.06.2019 11:26:00
Oxuma sayı: 25