Müəllimlər üçün onlayn kalkulyator xidməti yaradıldı
Ölçü:


Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.

Koordinat.az xəbər verir ki, bu xidmətdən istifadə etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməlidir. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər.

Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.

Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.

Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.
28.12.2016 18:07:28
Oxuma sayı: 259