Baş redaktor Zakir Qaralova müraciət etdi - onu qəbula buraxmayıblar
Ölçü:


“Gununsesi” xəbər portalının rəhbəri, keçmiş vicdan məhbusu  Pərviz Həşimli Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib.

Koordinat.az xəbər verir ki,  Baş redaktorun müraciətinə səbəb məlum Gəncə olayları zamanı saytda gedən yazılara görə  portalın ölkə daxilində bloklanması və özünün ölkədən çıxışına qoyulan qadağadır.

Pərviz Həşimlinin Zakir Qaralova müraciətini təqdim edirik:

Hörmətli Baş Prokuror!

Sizə dəfələrlə ətraflı ərizə və şikayətlər yazdığımdan üzləşdiyim ədalətsizliklə bağlı vəziyyəti bir daha qısa da olsa nəzərinizə çatdırmaq qərarına gəldim. Sizin Mayın 24-də Gəncə şəhərində vətəndaşların qəbulu zamanı əvvəlcədən elan olunan əlaqə vasitələrinə qeydiyyat olunmağıma baxmayaraq, məlum görüşə buraxılmadım. Odur ki, Sİzə media vasitəsi ilə müraciət edərək, pozulmuş hüquqlarımın bərpasını xahiş edirəm.

Bildirirəm ki, ötən ilin məlum Gəncə olayları zamanı rəhbəri olduğum Gununsesi.info xəbər saytı KİV haqqında qanunun tələblərinə uyğun olaraq, ölkədə böyük rezonansa səbəb olan bu hadisə haqqında xəbərlər yayıb. Həmin xəbərlərdə əsas yük rəsmi dövlət orqanlarının rəsmi məlumatlarından ibarət olsa da heç bir xəbərdarlıq edilmədən saytımız ölkə daxilində bloklandı. Saytın rəhbəri olaraq, Bakı Şəhər Prokurorluğunda CM-nin 313-cü maddəsi ilə açılmış iş üzrə şahid qismində dindirildim. Nə qədər qəribə də olsa mənim qarşıma qoyulan yazıların 90 faizi Baş Prokurorluğun və digər dövlət orqanlarının rəsmi məlumatlarından ibarət olub.

Bu dönəm ərzində heç bir məhkəmə qərarı olamdan ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbuki, qanunvercilik bunu birmənalı qadağan etsə də 1 ilə yaxındır ki, şahid qismində dindirilən şəxs olaraq, ölkədən çıxa bilmirəm.

Bundan başqa Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirinin müavini sorğumuza cavab olaraq, Gununsesi.info saytının ölkə daxilində bloklanması üçün hər hansı tədbir görülmədiyinə dair rəsmi məktub yazıb.

Eyni məzmunlu məktubu ölkədə internet yayımının mənbəy olan “Delta Telekom”dan da almışıq.

Odur ki, yaranmış bu situasiyada hüquqlarımın bərpa olunmasına, ölkədən çıxışıma qoyulan məhdudiyyətin aradan qaldırılmasına yardımçı olmağınızı xahiş edirəm. Ümid edirəm ki, Meydan TV-nin əməkdaşları ilə bağlı son günlər verilən müsbət qərar mənə də münasibətdə qəbul olunacaq.

 
31.05.2019 09:56:00
Oxuma sayı: 76