Hafiz Hacıyev: “Müxalifətçilərin həbsi prezidentə qarşı təxribatdır”
Ölçü:


“Rəsulzadənin abidəsini ziyarət edən zaman bəzi müxalifətçilərin tutulmasına görə hüquq-mühafizə orqanlarını qınayıram. Bu, ölkə prezidentinə qarşı təxribatdır”.

Koordinat.az
xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, bu cür qarşıdurmaya, həbslərə ehtiyac yoxdur:

“AXC-nin 101-ci il dönümüdür, onlar nə edirlər ki? Heç kimə ziyanları yoxdur. Sadəcə olaraq bu insanlar qaşınmayan yerdən qan çıxarırlar. Müxalifət dediyiniz qüvvələrin əlinə fakt verirlər ki, “Görürsünüz, Azərbaycanda insan hüquqları pozulur, sərbəst toplaşmaq azadlığı yoxdur, bayram mitinqi etməyimizə baxmayaraq bizi həbs edirlər” kimi fikirlərlə dünyaya car çəksinlər.

Bununla da ölkə prezidentini fakt qarşısında qoyurlar. Mən həmişə demişəm, Azərbaycan prezidentinin apardığı islahatlara kölgə salmaq istəyən qüvvələr var. Bilirəm bunu düzüb-qoşanlar kimlərdir. Onlar bu yoldan çəkinməlidirlər, əks təqdirdə ölkədə böyük qarışıqlıq yaranacaq. Orda nə olub ki? Hamı Məhəmməd Əmin Rəsulzadənin anım mərasiminə toplanmışdı, onu qeyd edirdilər. Ondan bir gün qabaq prezident böyük tədbir keçirdi. Heç olmasa buna hörmət etməlidirlər.

Ora 5 nəfər,1000 nəfər və ya daha çox adam gedirsə, bir neçəsini həbs etməklə nə qazanırlar? Əksinə, o biri qüvvələrə şans yaradırlar ki, ölkənin əleyhinə fikirlər səsləndirsinlər. Açığı, onların əlinə ciddi fakt verirlər ki, bizi dünyada biabır etsinlər. Ona görə də bu cür həbslərə pis baxıram.

Belə haqsızlığın, ədalətsizliyin olmasına əsas görmürəm. Nəticədə onlar Amerika, Avropaya gedib, birinin üstünə beşinə də qoyub Azərbaycandakı vəziyyətlə bağlı məlumat verirlər. Buna ehtiyac yox idi. Halbuki İlham Əliyev bir gün öncə dediyim kimi tədbir keçirdi, xalqla gəzintidə iştirak etdi. Bu nə deməkdi, o nə deməkdi? Ölkədə böyük qüvvələr fəaliyyət göstərir, bu da pis sonluqla nəticələnəcək. Millətin hissiyyatı ilə oynayırlar. Gedib gedib də, orda nə var ki? İstəyir 1000 yox, 10 min nəfər getsin abidəni ziyarətə. Nəsə etmirlər ki? Həbslərə nə gərək var?”.

H.Hacıyev baş verənləri prezindetin apardığı islahatlara kölgə salmaq kimi dəyərləndirir: “Hakimiyyət daxilindəki müəyyən qüvvələr prezidenti nüfuzdan salmaq üçün əlindən nə gəlirsə, edirlər. Müxalifətçilərin yürüşdə iştirakında hansı təhlükə var? Onlar kəndin o başına gedib yığışırlar, yarım saat söz deyib qayıdırlar. Orda kimi öldürəsidirlər? Və ya kimə daş atasıdılar? Bunlar boş məfhumdur.  Bəzi qüvvələr özünü işlək, canıyanan obrazında göstərir. Orda elə bir problem yox idi. Onlardan sonra biz də getmişdik. Gedirsən, abidə önünə əkil qoyursan. Biz tarixi unuda bilmərik. Axı ordan birbaşa canlı yayımlar da olur, Avropa dövlətləri izləyir, bu haqda qarşımıza tələblər qoyulub. Ona görə də mənasız bir şeydir. Orda nə təxribat olacaqdı? Özləri özlərini döyüb öldürəsi deyillər ki... Ölkə prezidenti demir ki, əkil qoyan insanları tutun. Ölkə başçısı demir ki, Azərbaycan tarixini yadınızdan çıxarın. Təxribat yaradanlara qarşı mübarizə aparmaq lazımdır. Orda təxribat yox idi axı… Bunların arxasında kimlərin dayandığını xalqımız və prezidentimiz çox gözəl bilir”.

Qeyd edək ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar Milli Şura Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib. Bu zaman polislə yürüş iştirakçıları arasında qarşıdurma yaranıb. Bir neçə müxalifətçi polis tərəfindən saxlanılıb.
30.05.2019 12:39:00
Oxuma sayı: 56