Dövlət sahibkarlara 20 min manatlıq dəstək verəcək
Ölçü:


Prezidentin 2019-cu il 29 may tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası” təsdiq edilib.

Koordinat.az
-ın məlumatına görə, Qaydanın əsas məqsədləri KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcəkdir.

Qaydalarda qeyd olunub ki, daxili bazar araşdırmaları – rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya və icazələr, marketinq, reklam və digər sahələrdə KOB subyektlərinin xərclərinin azaldılması məqsədilə, habelə yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir.

Dəstək tədbiri dedikdə isə - daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif əlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Dəstək məbləği isə dəstək tədbirinin həyata keçirilməsi üçün ödənilən maliyyə vəsaitidir. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış, müəyyən edilmiş meyarlara cavab verən KOB subyektləri dəstəkdən yararlana biləcəklər.

Daxili bazar araşdırmalarının aparılmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb ediləcəkdir.

Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20000 (iyirmi min) manatdan artıq ola bilməz. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 (səksən) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyəcəkdir.

Kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 50 (əlli) faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyəcədir.

Orta sahibkarlıq subyektinin müraciəti əsasında ona dəstək tədbiri təlimlərin və seminarların ödənişsiz qaydada keçirilməsi və təlim prosesində müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyinin göstərilməsi şəkilində həyata keçiriləcəkdir.

Daxili bazar araşdırması üçün tələb olunan dəstək məbləğinin miqdarını Agentlik müəyyən edəcəkdir.

Dəstək alması üçün müraciət edənlər KOB subyektləri meyarlarına uyğun gəlməlidirlər
30.05.2019 09:54:00
Oxuma sayı: 21