Qulu Məhərrəmli Məmməd Aslandan danışır: "Hər kəsi ovsunlayan sözü idi"
Ölçü:


“Məmməd Aslan bənzərsiz şair, qüdrətli publisist olmaqla yanaşı, həm də qeyri-adi, heç bir çərçivəyə sığmayan, bənzərsiz teleaparıcı idi".

Koordinat.az xəbər verir ki, bunu "Moderator"a açıqlamasında tanınmış telejurnalist professor, media eksperti Qulu Məhərrəmli bildirib. O, sabah 76 illiyi tamam olacaq mərhum şair Məmməd Aslan və onun televiziya məkanına gətirdiyi yeniliklər barəsində danışarkən maraqlı məqamları vurğulayıb. Mərhum şairin "Dərədən, təpədən" verilişinin geniş auditoriyası olduğunu deyən professor  bölgələrdə yaşayan televiziya tamaşaçılarının bu proqram daha çox baxdığını xatırlayıb: "Məmməd müəllim daim forma axtarışları aparırdı, cazibədar mövzular, seyrçini cəlb edən qəhrəmanlar tapa bilirdi. Bir də əsas olan onun özü və hər kəsi ovsunlayan sözü idi. Bütün varlığı ilə xalqa bağlı olduğu üçün o, xalqın öz dilində danışırdı. Xalq təfəkküründən süzülüb gələn səmimi, sadə və parlaq, cana yağ kimi yayılan ifadələrlə danışırdı. Ümumiyyətlə, Məmməd Aslanın nitqi, təkcə onun fərdi üslubu deyildi, həm də bizə artıq "Bulaq"dan bəlli olan xalq dilinin ekrandakı ifadəsi idi. Onun həmin verilişdə qaldırdığı ictimai problemləri çox adam görürdü, amma heç kim başını ağrıdıb onun ardınca getmirdi, çünki yalnız Məmməd Aslan kimi böyük şəxsiyyət ağacları kəsdirmiş məmura qorxmadan "ağac qatili" deyə bilirdi. O verilişlərində də, məsələn, ekologiya, təhsil, xalq sənətinin taleyi barədə danışanda bəzən sərt olurdu, lakin bu vaxt tamaşaçı qarşısında iliyinə kimi səmimi bir aparıcı görürdü, onu hər hansı problemin həlli üçün çalışan böyük vətəndaş və şəxsiyyət kimi qəbul edirdi".

Qulu Məhərrəmli təəssüflə bildirir ki, televiziya yaradıcılığından uzaq adamlar taxta çıxan kimi "baxılmır" adı ilə "Dərədən, təpədən" verilişini bağladılar: "Amma nə yaxşı ki, dünya dəyərli insanlardan xali deyil. Və nə yaxşı ki, vaxtilə "Xəzər" TV-yə rəhbərlik etmiş belə dəyərli adamlardan biri olan Hüseyn Dinləməz telekanalda Məmməd Aslan kimi söz dahisinə qucaq açdı. Arada mənim də redaktorluq etdiyim "Sözün özü" verilişində Məmməd müəllim Günəş kimi yenə parıldadı. Bir az tədqiqatçılıq tələb edən bu verilişdə Məmməd Aslan dilimizin şirəli qatlarını, çox az adamın bildiyi incəlikləri üzə çıxarmaqla bir aparıcı kimi minlərlə tamaşaçını ovsunlaya bildi".

Telejurnalist hesab edir ki, Məmməd Aslan çoxlarının yaddaşında, həm də bu bənzərsiz proqramları ilə qalıb. Onun sözlərinə görə, hər bir televiziya aparıcısı Məmməd Aslan kimi tamaşaçı ilə səmimi danışmağı, müsahiblə yaxşı ünsiyyət qurmağı, kamera qarşısına hazırlıqlı çıxmağı, ictimai problemləri necə qaldıra bilməyi, daim məsuliyyətli olmağı bacarmalıdır.

Xatırladaq ki, Məmməd Aslan 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Nənzərsiz söz sərrafı ötən ilin sentyabrında dünyasını dəyişib. O, folklorun və ana dilinin dərin qatlarını şeirlərinə ən çox yansıdan şairlərdən biri  kimi yaddaşlarda qalıb.

23.12.2016 21:59:00
Oxuma sayı: 650