Ayaz Mütəllibov: "Tam olaraq müstəqilliyimizə nail olmaq üçün..." - Azərbaycanı ağır sınaq gözləyir
Ölçü:


“Azərbaycan 28-ci ildir müstəqilliyini qoruya bilsə də, hələ problemlərimiz çoxdur...”

Koordinat.az xəbər verir ki, bunu "Moderator"a açıqlamasında 28 May Respublika günü münasibəti ilə xalqımızı və dövlət rəhbərliyini təbrik edən  1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı ilk Prezidenti Ayaz Mütəllibov söyləyib. O, 1991-ci ilin mayında hələ Azərbaycanın Moskvanın tabeliyində olduğu bir dövrdə 28 Mayla bağlı görə bildiyi mümkün tədbirlər barədə belə deyib: “Doğrusu, həmin vaxtlar çox ziddiyyətli və gərgin dövr idi. Artıq hərbi əməliyyatlara keçməkdə olan ermənilərlə münaqişə hər hansı bir tədbir, bayram barədə düşünməyə imkan vermirdi. Amma səhv etmirəmsə, Ali Sovetdə də biz 28 May Respublika gününü qeyd edib bu  münasibətlə  xalqa təbrik ünvanladıq. Lakin o dəqiq yadımdadır ki, Mərkəzi Komitədən bütün şəhər, rayon, idarə, müəssisə və təşkilat rəhbərlərinə 28 May barədə yığıncaqlar keçirmək barədə  daxili göstəriş vermişdik. Və buna əsasən bayramla bağlı kiçik də olsa, tədbirlər keçirildi. Lakin təbii ki, hələ müstəqillik əldə etmədiyimiz bir vaxtda Respublika gününü geniş şəkildə qeyd etmək mümkün deyildi...”

Azərbaycan dövlətinə və xalqına bundan sonra da uğurlar diləyən A.Mütəllibov nailiyyətlərlə yanaşı, problemlərimizin də mövcudluğunu və ən böyük vəzifəmizin torpaqlarımızın azadlığı olduğunu vurğulayıb: “İndiki mürəkkəb geo-siyasi vəziyyətdə müstəqilliyi qorumaq çox çətindir. Xüsusən xarici siyasətdə balansı qorumaq barədə düşünmək gərəkdir. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyətinin  böyük zəhmətlər, qəhrəmanlıqlar hesabına qurduğu təməllər üzərində müstəqilliyini bərpa etdiyimiz Azərbaycan dövləti, xalqı qarşısında duran ən vacib vəzifə isə torpaqlarımızın, Qarabağın işğaldan azad edilməsi və  ərazi bütövlüyümüzün bərpasıdır. Və bu ağır sınaq bizi gözləyir. Tam olaraq müstəqilliyimizə nail olmaq üçün bu sınaqdan mütləq keçməliyik. Amma bu problemin həlli yolunu göstərmək  mövcud durumda çox çətindir. Sülh yolu, danışıqlar, göründüyü kimi, heç bir nəticə vermir. Müharibə yolunu isə seçməmişdən öncə xaricdən, daxildən gələ biləcək mümkün təzyiq və təhlükələri dəqiq hesablamaq gərəkdir. Bütün hallarda xalqımız və dövlətimiz 28 May bayramını qeyd etməyə layiqdir. Xalqımıza da, dövlətimizə də yeni-yeni uğurlar diləyirik...”  

27.05.2019 17:18:00
Oxuma sayı: 272