Sabir Rüstəmxanlı: “Xalq sabitlik istəyir, amma bu sabitlik...” – MÜSAHİBƏ
Ölçü:


Əslində çox gözlətmədi. Bilirdim ki, başı qarışıqdır. Partiyanın, DAK-ın işləri, bundan başqa yanvarın 14-də Moskva Yazıçılar Evində də oxucuları ilə görüş olacaq. Ruslar özləri çap ediblər kitabını. Cavad xanla bağlı kitabı. Özü də çapında tərəddüd edirmişlər. Amma Moskva nəşriyyatı əmin olub ki, kitab rus xalqına qarşı yazılmayıb, çar imperiyasının siyasəti tənqid edilib. Odu ki razılıq veriblər… və çox da bəyəniblər.

Həmişə olduğu kimi, iş masasının üstü kitab və vərəqlərlə doludur. İndi də dostu Nüsrət Kəsəmənli barədə yazı hazırlayır. Boynuna qoyuruq ki, yazını Lent.az-a versin. Söhbətə isə tamam başqa mövzudan başlayırıq. İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərindən. Bu İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərinə cavab idimi? Görək Sabir Rüstəmxanlı nə deyir:
- İran bütün parametrləri ilə ziddiyyətli və İslam adının çərçivələrinə sığmayan dövlətdir. Coğrafi cəhətdən İranın anormallığı odur ki, heç bir prinsipə söykənmədən yaranıb. İran 7-8 xalqın tarix boyu yaşadığı ərazini bölərək yaranıb. Türkmənləri, bəlucları, lorları, ərəbləri, kürdləri bölüb. Eləcə də Azərbaycan türklərini. Bu xalqların yarısı İranın içində qalıb, yarası kənarda. Ona görə də bu xalqların hamısı ilə münaqişədədir. Çoxuyla da silahlı. Bircə bizimlə siyasət dilində danışır. Digər xalqlara nisbətən coğrafi baxımdan azərbaycanlıların yayılma arealı daha genişdir İranda. Təkcə azərbaycanlılara yox, bütün başqa xalqlara qarşı bir düşmənçilik hissi var. Hamısından qorxur, ehtiyat edir. Və ən çox qorxub ehtiyat etdiyi də Azərbaycan türkləridir. Bunun ən barizi sübutu da İranın Ermənistana münasibətidir.

- Ermənistan İran üçün beləmi vacib dövlətdir?
- Bizim gördüyümüz və görmədiyimiz məsələlər var. Əvvəl düşmən olmaqlarına baxmayaraq, indi Rusiya ilə münasibətlərini bilirsiz. Eynilə Rusiya kimi İran da türk birliyinə qarşıdır, bu birliyi istəmir. Necə ki, Rusiya Ermənistanın sərhədlərini uzadıb İrana çatdırdı, İran da istəmir ki, Azərbaycanın Türkiyə ilə sərhədi olsun.

- Amma marlıdır ki, indi İran Türkiyə ilə necə deyərlər, bir ələ oynayır.
- Bu, bir oyundur. İndiki dönəmdə Avropaya, Amerikaya qarşı müvəqqəti oyundur. Amma içəridə, alt qatlarda İran özü üçün oynayır. Türkiyə oynayırmı, oynamırmı, bunu deyə bilmərəm. Yadımdadı, bir neçə il əvvəl İran jurnallarının birində o vaxtkı xarici işlər naziri Xərrazi yazırdı ki, ermənilər bizim qan qardaşlarımızdı. Nəinki qan qardaşı, hətta strateji müttəfiq kimi baxırlar ermənilərə. Bu gün İran Ermənistana Rusiyanın etdiyindən az olmayan yardım edir. İranın yardımı olmasaydı, Ermənistan heç vaxt Qarabağ müharibəsində uzun müddət müqavimət göstərə bilməzdi. Azərbaycan torpaqlarının üzərindən Ermənistana qazdan tutmuş, ərzaq yardımınadək, hər şeyi verir. Bunlar hansı islamdan, hansı şiəlikdən danışa bilərlər?! Bir fakt deyim. Bu il Səudiyyə Ərəbistanı İranı Məkkəyə buraxmadı. İranlılar əsasən Kərbəlaya getdi. Təsəvvür edin, Azərbaycan mollaları, Azərbaycan məscidlərində İranın havasıyla başqa şeylər oxuyurlar. Məsələn, oxuyurlar: “Ağlım deyir ki, İslamın gözü Məkkədir, amma eşqim deyir ki, Kərbəladır. Görün necə fırlayıb Kərbəlanı dini bir mərkəz kimi Məkkəyə qarşı qoyurlar. İran bütün siyasətini bu cür müəyyən edir. Düzdür, Azərbaycanla iqtisadi əlaqələri var, gün-gündən inkişaf edir. Amma böyük siyasətdə heç vaxt Azərbaycanın mənafeyini müdafiə etməzlər. Əksinə, Azərbaycandan ehtiyat edirlər. Qaldı İsrail məsələsinə, Azərbaycan müstəqil dövlətdir və İsrail məsələsində qətiyyən tərəddüd etməməlidir. İran bizə düşmən olan Ermənistanla əlaqə saxlayır. Nədən biz İsraillə əlaqə saxlamayaq?  Dünyanın ən böyük diasporu yəhudi diasporudur. Yəhudi diasporu təkcə Azərbaycanı yox, Türkiyəni də həmişə müdafiə edib. Amma mənim islam adına İran dövlətim Azərbaycan əleyhinə gecə-gündüz təxribat aparır. İçəridən dağıtmaq istəyir. Düzdür, bunu bacarmayacaqlar, amma bir an da dayanmırlar. 

- Sabir bəy, indi parlament üzvü deyilsiz, ona görə cəmiyyətdə baş verənlərə münasibətinizi ancaq mediadan oxuyuruq. Son qiymət artımı və bundan doğan narahatlıqlara bir müxalifət partiyası olaraq münasibətiniz necə oldu?
- Milli Məclisin son iclaslarında kəskin çıxışlar oldu. VHP olaraq biz də bəyanat verdik. Şəxsən özüm bir yazı yazdım, az qala yarım milyon oxundu. Yazdım ki, nə haqla deyirsiz işığın, qazın qiymətinin artmasının aztəminatlı ailələrə təsiri olmayacaq? Elektrik elə şeydi ki, onun qiymətinin qalxması anındaca hər şeyə təsir edir. Bu ölkənin qurulmasında iştirak etmiş adamam, saxtakarlıq edə bilmərəm. Əlbəttə, sosial vəziyyətə böyük təsir etdi. Azərbaycan xalqının bu məsələlərə dözümlü olmasının səbəbləri var. Müharibə şəraitindəyik. Xalq nə narıncı, nə yaşıl, nə də başqa rəngli inqilablar istəyir. Xalq sabitlik istəyir. Qarşıdurma istəmir. Amma bu sabitlik xalqın tam müflisləşməsinə, yaşamaq imkanını əlindən alınmasına gətirib çıxarmamalıdır.

- Sabir bəy, gəlin mövzunu bir qədər dəyişək. Heç kimə sirr deyil ki, VHP deyəndə Sabir Rüstəmxanlı yada düşür. Deməyim odur ki, bu gün Azərbaycanda heç bir partiya ideoloji əsaslarla formalaşmayıb. Yəni tutaq ki, Türkiyədəki kimi sağçı-solçu-mərkəzçi mübarizəsi yoxdur. Bəs nədən şəxsiyyətlər və liderlər üzərində formalaşmış partiyalar arasında bir konsolidasiya yoxdur?
- Maraqlı və hamımızı düşündürən sualdır. Yadınızdadırsa, xalq hərəkatı Ermənistanın işğalçılıq siyasətinə qarşı və müstəqilliyimizə nail olmaq üçün yaranmış bir hərəkat idi. Əslində mən o vaxt da demişdim ki, Azərbaycan xalq hərəkatı torpaqlarımızın tam azad olunması və tam müstəqillik əldə olunanadək saxlanmalıdır, klassik partiyalaşmaya sonradan keçməliyik. Amma bütün hallarda partiyalar yarandı. Və bəlli ideologiyalar vardı ki, partiyalar meydana çıxdı. Məsələn, müsavatçılıq, sosial-demokratiya, milli demokratiya. Təxmin 5-6 ideoloji xətt vardı. Eyni ideoloji partiyanın bir yerdə olması və ya yaxınlaşması mümkündür. Amma bizdə iddialar da böyükdür. Zaman elə gəldi ki, bizdə partiyalar bir-birini silməyə başladı sanki. Məmmədəmin Rəsulzadənin 30-cu illərdə gəldiyi bir fikir, nəzəriyə var, Milli Təsanüd, yəni milli birlik nəzəriyyəsi. Açığı, mənim partiya yaratmaq fikrim də olmayıb. Amma hərəkatdan sonra müəyyən parçalanmaları görəndən sonra qərara gəldim ki, mili birlik naminə Vətəndaş Həmrəyliyi Partiyasını yaradım. Baxmayaraq ki, sağ mərkəzçi partiyayıq, çalışdım ki, Azərbaycan üçün ideoloji bir xətt yaradaq.

- Heç kimə sirr deyil ki, tutaq sizin keçirdiyiniz hansısa tədbirə radikal müxalifətdən tutmuş bütün spektrlərə kimi hər kəs gəlir. Mən təsəvvür edə bilmirəm ki, Müsavat başqanı Arif Hacılının iştirak etdiyi hansısa tədbirə Əli Kərimli təşrif buyursun. Ətrafınızda bir koalisiyamı deyim, birlikmi deyim, bir qurum yaratmaq fikri keçirmi könlünüzdən?
- Mənə bəzən sual verirlər ki, nədən həmin adamları bir yerə yığmaq üçün təşəbbüs göstərmirsiniz? Açığı, elə bir məqsədim olmayıb. Çünki xalq çox belə birliklər görüb. Demkonqres, SİDSUH, DUBB və sairə. Yarandı və parçalandı. Hər dəfə yarananda da yeni vədlər, parçalanandan sonra xəyal qırıqlığı. Xalqın heysiyyatıyla oynamaq olmaz. Onda mən qərara gəldim ki, nə seçkilərdə, nə də başqa proseslərdə heç bir hərəkata qoşulmayaq.

- Sabir bəy, sabah Milli Məclisin iş günüdür. Səmimi deyin, darıxmırsınızmı? Baxmayın da, ömrünüzün 25 ili parlamentdə keçib.
- Qətiyyən. Düzdür, mənim orada dostlarım var, hərdən deyirlər ki, yeriniz görünür. Amma mən hazırda orada, o tərkibdə öz yerimi görmürəm.

Səbuhi Məmmədli,
(Lent.az)

 
23.12.2016 10:05:10
Oxuma sayı: 362