Hərbçilərin maaşı niyə yubanır? - Samir Şərifova müraciət
Ölçü:


Son günlər Azərbaycanda hərbçilərin əməhaqqı ödənişlərinin yubanması barədə narahatlıq dolu məlumatlar yayılmaqdadır. Bildirilir ki, əməkhaqqının gecikdirilməsi xidməti fəaliyyətləri ilə əlaqədar kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalan hərbçiləri ciddi çətinliklər qarşısında qoyub.

Koordinat.az
xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bununla bağlı "Facebook" vasitəsilə maıiyyə naziri Samir Şərifova müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:

"Bu müraciəti sizə Silahlı Qüvvələrin bütün şəxsi heyəti adından yazıram. Ola bilsin ki, müraciətim bir qədər qəribə görünə bilər, amma məcburam ki, bu məsələni ictimailəşdirəm. Mən bilmirəm, Azərbaycanın maliyyə naziri cənab Samir Şərifov hərbi xidmətdə olub, ya yox, amma hiss edirəm ki, deyəsən bu cənabla Ali Baş Komandanın ciddi məşğul olmağının tam vaxtı-zamanı çatıb. Əgər Samir Şərifov və komandasının üzvləri hərbi xidmətin necə ağır və vacib iş olduğunun mahiyyətini dərindən dərk etsəydilər, onlar belə boşluğa yol verməzdilər.

Məsələnin məğzi ondan ibarətdir ki, maliyyə naziri və komandası, açıq şəkildə başqa güc strukturlarını deyə bilmərəm, amma müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovu yavaş-yavaş şəxsi heyətin gözündən salmaqla məşğuldur. Nəyisini və necəsini mən çox da xırdalıqlara qədər açıqlamaq istəmirəm, yəqin ki, hörmətli maliyyə nazirinin yaxın ətrafı ona səhər bu haqda məruzə edərlər. Və o də başını qaldırıb həm xidməti otağındakı ilin təqvimi olan varağa baxıb üzərinə düşən vəzifənin nədən ibarət olmasını xatırlayacaq. Qısaca onu deyim ki, cənab maliyyə naziri və onun komandasında təmsil olunanlar artıq Silahlı Qüvvələrinin əsəbləri və heysiyyatı ilə oynayırlar. Mən elə-belə demədim ki, maliyyə naziri və ətrafı öz vəzifə borclarını layiqincə yerinə yetirmək istəmirlər. Ortada çox ciddi faktlar var və o faktlarla hüquq-mühafizə orqanları məşğul olmağa başlasalar, vallah kimlərsə həm vəzifəsini, həm də azadlığını itirə bilərlər. Bəzi vəzifəli şəxslərin səhlənkarlığı çox böyük gərgin bir vəziyyət yaradıb. Bu isə Silahlı Qüvvələrin yüz minlərlə şəxsi heyətində böyük narahatçılıq və narazılıq yaradır. İnanmaq istərdim ki, günü sabah maliyyə naziri təcili olaraq zabit və gizirlər, əsgər və çavuşlar qarşısında olan bütün borclarını TƏCİLİ həll edəcək. Görünən odur ki, ayın 15-də yerinə yetirməli olan vəzifə borcu maliyyə nazirliyi tərəfindən artıq 7 gündür ki, heç bir tutarlı əsas olmadan gecikdirilir. Bəlkə də, maliyyə nazirliyi bunu ilin sonu olması ilə əlaqələndirə bilər. Amma, bunun ordunun əhval-ruhiyyəsinə əsla təsiri olmamalıdır, hörmətli Samir Şərifov!

Ölkənin maliyyə nazirinin və komandasının səhlənkarlığı və özbaşınalığı, Silahlı Qüvvələrdə bəzi neqativ hallara da yol açmağa şərait yaradır. Necə deyrələr, bizdən demək, əlaqədar qurumlardan isə təcili və təsirli tədbirlər görmək qalır.

Tanrı Silahlı Qüvvələrimizi qorusun!!!"

22.12.2016 23:14:00
Oxuma sayı: 65759