Tələbə qəbulunda nisbi bal məhdudiyyəti yoxdur - yenilik
Ölçü:


Bu il abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minimal balın toplanılması şərti qoyulmayıb. Qəbul qaydalarına əsasən, abituriyentin imtahanın birinci (buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır".

Koordinat.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov bildirib.   O, qeyd edib ki, imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır.: "Yəni, imtahanın birinci mərhələsində maksimum bal 300, hər fənn üzrə 100, minimum bal isə 0 baldır. Birinci mərhələdə toplanan baldan asılı olmayaraq, hər kəs ikinci mərhələyə buraxılır".

Ekspert buraxılış imtahanında az bal yığan abituriyentlərin qəbul imtahanında iştirak etmək hüququnun olub-olmamasına da aydınlıqgətirib. O, qeyd edib ki, belə abituriyentlər qəbul imtahanında iştirak edə bilər: "Yeni qaydalara əsasən, abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabiqədə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda, nisbi bal sıfır olduqda, müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur".

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal isə 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə, nisbi bal məhdudiyyəti qoyulmayacaq.

Qeyd edək ki, bu il ilk dəfə olaraq ali məktəblərə qəbul olmaq istəyən məzunlar iki mərhələli – buraxılış və qəbul imtahanlarında iştirak edirlər.
24.05.2019 17:16:00
Oxuma sayı: 223