Əkrəm İmamoğlu 23 iyun seçkisində qalib gəlsə...
Ölçü:

 
"Əgər Əkrəm İmamoğlu iyunun 23-də Türkiyədə keçiriləcək təkrar seçkilərdə də qələbə qazanıb, İstanbulun bələdiyyə sədri olsa, onun siyasi ulduzu parlayacaq".

Koordinat.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, İmamoğlu böyük iddialar ortaya qoya bilər: "Çünki onun taktikası da maraqlıdır. Türkiyədə bu cür gərgin mübarizə çərçivəsində onun ortaya qoyduğu barış taktikası diqqəti cəlb edir. İmamoğlu sanki barışdırıcı bir qüvvə kimi ortaya çıxıb. Əgər bələdiyyə seçkilərini qazansa, gələcəkdə öz partiyasının liderliyinə iddia edə bilər. Belə baxanda Türkiyənin indiki Prezidenti Rəcəp Tayyib Ərdoğanın da siyasi ulduzu İstanbul bələdiyyəliyindən başlamışdı. 1994-cü ildə seçkilərdə qələbə qazanaraq İstanbul bələdiyyə sədri olub populyarlaşdı. İstanbulda böyük islahatlar həyata keçirdi, 6 ay həbsdə oldu, o da onun reytinqini bir az qaldırdı. İndi də ölkənin Prezidentidir və dünyada kifayət qədər tanınır”.

Politoloq İmamoğlunun məğlub olacağı təqdirdə siyasi iddiasını ortaya qoymaqda çətinlik çəkəcəyini düşünür: "Çünki Türkiyədə siyasi partiyalar arasında mübarizə sisteminin təməli İkinci Dünya Müharibəsindən sonra qoyulub. 1946-cı ildən bu yana Türkiyənin siyasi tarixində dəfələrlə olub ki, partiyalar parçalanıb, hətta iki dost bir-birindən ayrılıb başqa-başqa partiyalar qurublar. İndiki siyasi təcrübə də ondan xəbər verir. İmamoğlunun nə zamansa partiyasından ayrılması istisna deyil. Amma birgə addımlaması da mümkündür. Əgər ayrılsa belə, İmamoğluna ciddi bir siyasi struktur lazım olacaq ki, sıfırdan bir partiya yaratsın. O da nə dərəcədə uğurlu olacaq, bunun özü böyük sual altındadır. Elə parçalamaqdan, uzaqlaşmaqdansa bələdiyyə seçkilərində qələbə çalıb, öz partiyasında liderliyi ələ almaqla siyasi fəaliyyətini davam etdirə bilər”.
24.05.2019 12:55:00
Oxuma sayı: 69