Üç uğurlu insan taleyini bir ömrə sığışdıran alim
Ölçü:



Bu vəfasız ömür, bu coşğun dərə
Gərək boş-boşuna axıb getməsin!
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin!

Mikayıl Müşfiq


Bizim çox vaxt özümüzə bağışlaya bilmədiyimiz ən böyük nöqsanımız insanlara fərdi yanaşa bilməməyimizdir. Bəzən bir dahi ilə uzun illər yanaşı yaşayır, amma onun bu misilsiz özəllikləri barədə başqalarından eşidir, hətta buna təəccüblənirik. Bəzən isə həmin şəxsiyyətin parlaq dühasının fərqinə varanda çox gec olur...Bu məqamda mərhum şairimiz Cabir Novruzun dərin yanğı ilə dilə gətirdiyi -"Bir sözüm var ay adamlar, sağ olanda qiymət verin insanlara " şerindəki acı həqiqət yada düşür. Sevimli şairimizin bu çağırışı nə yaxşı ki, bəzən gec də olsa gerçəkləşir, sağlığında Azərbaycan mədəniyyətinə, elminə böyük töhvələr verən dəyərli insanlar haqqında kitablar yazılır, telekanallarda onlar barədə sanballı verilişlər təşkil edilir, onların xidmətləri xalqa tanıtdırılır. Bunlar dahilərimizin əməyinin tam şəkildə qarşılığının verilməsi anlamına gəlməsə də, insan sağ ikən fəaliyyətinə verilən qiymətə sevinir, daha yaxşı çalışmaq, yaşayıb yaratmağa ruhlanır. Şair Əbülfət Mədətoğlunun sözləri ilə desək, qələm əhlinin ərsəyə gətirdiyi hər əsər onun üçün bir təsəllidir. Bu təsəlli az da olsa ona stimul verir və unudulmayacağına, yaddaşlarda yaşayacağına inam təlqin edir.

Qarşımdakı yüksək zövqlə tərtib edilmiş, 6 il bundan əvvəl dərc edilmiş "Tanınmış filosof, ekoloq və sosioloq Sakit Hüseynov-65" adlanan kitabı vərəqlədikcə gözlərim önündə görkəmli alimin geridə qalan həyat yolu canlanır. Zəngin mənəvi dəyərləri bir insan ömrünə sığdıran görkəmli alimin çoxaspektli fəaliyyəti onun yaradıcılığının kamilliyindən, müdrik alimin Azərbaycan elminə verdiyi misilsiz töhvədən xəbər verir. Alim haqda illər əvvəl yazılmış bu kitab onun həyatını və elmi fəaliyyətini tam əhatə edir. Bu gün ömrünün 71-ci baharını yaşayan, şəxsiyyətinə dərin hörmət bəslədiyim Sakit müəllim haqda düşüncələrim kitabda əks olunan fikirlərlə demək olar ki, üst-üstə düşür. Bu nəşrdə Sakit müəllimə həsr olunmuş məqalələr, onun elmi əsərlərinə dair rəylər, müsahibələr verilib. Görkəmli alim Sakit Hüseynovu tanıyanlar, dostları, həmkarları, respublikanın məşhur alimləri, ziyalıları öz fərdi düşüncələrində , ürək sözlərində dostluq və həmkarlıq əlaqələrini dilə gətirərək Sakit müəllimin savadı, biliyi, intellekt üstünlüyünü vurğulamaqla yanaşı, onun sadəliyi, təvazökarlığı, dəqiqliyi, insanpərvərliyi, xeyirxahlığı və digər nəcib cəhətlərindən də geniş söz açıblar və bu insanı tanımaq, onunla dost olmaq onların şəxsində qürurverici hal kimi dəyərləndirilib. Həmkarlarından birinin yazısında qeyd elədiyi "alim olmaq asan, adam olmaq çətin " sözləri alimliyin də asan olmadığını, lakin insanlığın daha üstün tutulduğunu göstərir və hər zaman mənəvi zənginliyin alimlikdən öndə gələn dəyər kimi qəbul olunduğunu göstərir. Sakit Hüseynovla heç vaxt yolları kəsişməyən, onu görüb tanımayan sadə bir insan belə kitabı oxusa bu nəticəyə gələr ki, görkəmli alimin çoxaspektli fəaliyyəti ziyalı ömrünün kamilliyindən, onun Azərbaycan elminə verdiyi töhvələrdən xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyası -Fəlsəfə İnstitutu Davamlı İnkişafın fəlsəfə şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov bir neçə ağır yükü, çətin sənəti öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdandır: filosof, ekoloq və sosioloq.

Yerliçilik, regionçuluq kimi zərərli vərdişlərdən həmişə uzaq duran, köməyini heç kəsdən əsirgəməyən, insanlara təmənnasız yardım göstərən, istedadlı gənclərə dəstək olub onlara yol açan sadə bir insandır Sakit müəllim. Elmlər Akademiyasının uzun dəhlizlərində onunla gəzişərkən etdiyimiz söhbətlər o qədər maraqlı keçirdi ki, vaxtın necə ötdüyünü belə hiss etmirdik. Amma bu söhbətlər zamanı diqqətimdən bir məqam da yayınmadı. Belə ki, əksəriyyəti gənclərdən ibarət olan əməkdaşlar tez-tez ona yaxınlaşıb böyük ehtiramla salamlaşır, ona müxtəlif suallarla müraciət edirdilər. Bu, böyük şəxsiyyətə, dəyərli alimə olan sonsuz sevginin göstəricisi idi.

Sakit müəllim 1948-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində dünyaya göz açıb. Bu kəndin yetirmələri arasında xoş sorağı ölkə hüdudlarını aşan neçə-neçə görkəmli alim, tanınmış ictimai xadim, dövlət məmuru olub. Həmin məşhur şəxsiyyətlərdən ikisinin adını xüsusi qeyd etmək istəyirəm. Hüquq elmləri doktoru, polis polkovniki , ali məktəblər üçün nəzərdə tutulan bir neçə dərs kitabları müəllifi Etibar Əliyev və Sakit Hüseynovu daha yaxından tanıdığım üçün onlar haqda ətraflı söz açmaq istədim.

Qısa haşiyə:

Əsil-nəcabətli, qədim və böyük bir nəslin nümayəndəsi, qəlbimə yaxın bir insan olan Etibar Hacı Əli oğlu Əliyevi heç vaxt unutmuram. Adı həmişə yüksək hörmət və ehtiramla çəkilən, Qarabağ müharibəsi veteranı, dövlət təqaüdçüsü Etibar Əliyev vəzifədə işlədiyi illərdə yaradıcı insanlara maddi-mənəvi dəstəyini əsirgəməyən və sadəliyi ilə insanların sevgisini qazanan bir adam olub. Məni 2001-ci ildə Sakit müəllimlə tanış edən də məhz Etibar Əliyev olub. Ömrünün 62-ci baharını yaşayan əziz və hörmətli dostum Etibar müəllimə Allahın ona verdiyi ömrü sağlam başa vurmağı arzu edirəm. Yaxşı yadımdadır, 2004-cü ildə Etibar Əliyevin təşəbbüsü ilə Ocaqlı kəndinin keçmişi və bu günü haqqında yazdığım kitab dərc olunanda Sakit müəllimin necə ürəkdən sevindiyinin şahidi oldum. Kitab aramızdakı dostluq tellərini daha da möhkəmləndirdi. Sakit Hüseynov doğma yurda, doğulub böyüdüyü kəndə bağlı bir insandır. 18 ildir ki, bizim dostluğumuz davam edir. 2004-cü ilin soyuq dekabr günlərinin birində Sakit müəllimlə təsadüfən İmişli rayonunda qarşılaşdıq. O, "Azərbaycanda yoxsulluğun azaldılması" istiqamətində təşkil olunan tədbirin iştirakçısı, sosioloji təşkilat qrupunun rəhbəri kimi 3 nəfər elmi işçi ilə birlikdə rayona gəlmişdi. Hal-əhval tutandan sonra harda gecələyəcəyimlə maraqlandı. Mehmanxanada qalacağımı eşidən kimi etirazını bildirib dedi ki, orda təmir gedir və bu cür soyuq havada orda qala bilməzsən. Məni əməkdaşları ilə birgə kirayə tutduqları evə dəvət etdi. Restoranda rayon rəsmilərinin iştirakı ilə Sakit müəllimin şərəfinə verilən ziyafətdə onun mənə olan dostluq münasibətinin dərin hörmət üzərində qurulduğuna bir daha əmin oldum. Yemək süfrəsində ilk söhbətə də məndən başlayaraq istedadlı bir yazar olaraq məclis iştirakçılarına təqdim etdi. Doğma kəndi haqqında yazdığım kitabla bağlı ətraflı məlumat verəndən sonra mənə bir daha minnətdarlığını bildirdi.

Sakit Hüseynov fəal bir ziyalı kimi cəmiyyət həyatında baş verən hadisələr, proseslər, ölkənin qarşısında duran problemlər, əldə olunmuş nailliyyətlər barədə vaxtaşırı öz sözünü deməyi, prinsipial mövqe ortaya qoymağı bacarır. 2018-ci ilin sentyabrında Çeçenistanın paytaxtı Qroznı şəhərində təşkil olunan beynəlxalq konfransda "Qafqaz xalqlarının etnik tarixi və etnogenzi" mövzusunda çeçen etnosunun formalaşması prosesində mədəniyyətin rolundan danışan Sakit Hüseynov Qafqaz xalqları arasında multikultural dəyərləri, Azərbaycan və Çeçenistan arasında elmi əməkdaşlığın zəruriliyini də diqqətə çatdırmışdı.

2018-ci iln noyabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərində "İnkişaf dövründə təhsil və idman" mövzusunda keçirilən beynəlxalq konfransda Sakit Hüseynovun "Təhsil islahatları davamlı inkişaf konteksində" adlı məruzəsi də iştirakçılar tərəfindən maraqla qarşılanmışdı. Bütün elmi fəaliyyəti dövründə Sakit Hüseynov xaricə ölkələrə etdiyi coxsaylı səfərlərində elmi məsələlərlə bağlı fikirlərini çatdırmaqla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin tanıdılması təbliği istiqəmətində də davamlı səylərini əsirgəməyib.

S. Hüseynov həyatı boyu bir sahədə deyil, bir neçə istiqamətdə səmərəli fəaliyyət göstərərək, məhsuldar yaradıcılıq ortaya qoyub.1970-c ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra AMEA-nın Fəsəfə və Hüquq İnstitutunda sosiologiya ixtisası üzrə aspiranturanın əyani bölməsinə qəbul olunub. Aspiranturanı başa vurandan sonra AMEA-da elmi işçi kimi fəaliyyətə başlayıb. Sakit müəllim 1978-80-ci illərdə Rusiyanın Yekatirinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru. professor L.N.Koqanın yanında təkmilləşmə prosesi keçib. Sakit müəllim 5 monoqrafiya, ali məktəblər üçün 1 dərslik, 150 -dən çox elmi məqalənin müəllifidir. Sevimli və əziz dostum Sakit Yəhya oğlu Hüseynov ömür yolçuluğunun 71 ilini arxada qoysa belə, əslində yaradıcı insan üçün yaş amili heç bir əhəmiyyət daşımır. Bu mənada Sakit müəllimi hələ qarşıda daha böyük yaradıcı fəaliyyətin gözlədiyi şübhəsizdir. Çünki onun buna həm həvəsi, həm də enerjisi var.

Mirzəağa Məmmədli 
24.05.2019 11:31:00
Oxuma sayı: 53