Prezident təqaüdü alan tələbə niyə məhz BANM-i seçdiyini açıqladı - MÜSAHİBƏ
Ölçü:


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Elçin Aslanlı cavablandırır.

Koordinat.az xəbər verir ki, Aslanlı Elçin əslən Qubadlı rayonundandır. 1999-cu ildə Bakıda anadan olan Elçin 2005-ci ildə Nizami rayonu Kamil Əyyubov adına 12 saylı məktəbə daxil olub. O, qırmızı şəhadətnamə sahibidir, məktəbdə bütün qiymətləri “əla” olub. BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olan Elçin Prezident təqaüdçüsüdür.

Onunla müsahibəni oxuculara təqdim edirik:

-İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
-Açığı, bu dövr mənim üçün çox yorucu idi. Bitmək bilməyən hazırlıq yolları, yuxusuz gecələr bu dövrü daha da dözülməz edirdi. Əgər uğurlarım, yəni sınaqlardakı nailiyyətlərim olmasa idi, bu çətinliklərin öhdəsindən gəlmək çox çətin olardı. Xoşbəxtlikdən, əziyyətim nəticə verdi və bu məni xeyli ruhlandırdı.

-Nə qədər bal topladınız?
- 685 bal toplamışam.

-Niyə məhz BANM-ı seçdiniz?
-  Son zamanlar  BANM-in tez bir zamanda yüksələn reytinqi bu universiteti mənə daha cəlbedici edirdi. Üstəlik bu ali təhsil ocağında yalnız yüksək ballı tələbələrin təhsil alması və təhsil rəqabətinin yüksək  səviyyədə olması seçimimdə əsas faktorlardan biri oldu.

-Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Valideynlərimin hazırlıq dövründə həm maddi, həm də mənəvi olaraq rolu çox böyük olub. Əlavə olaraq, qardaş və bacımın qəbul imtahanında göstərdiyi yüksək nəticələr məni motivasiya edib və bu uğurun mümkünsüz olmadığını göstərib.

Ən böyük arzunuz?
- Ən böyük arzum Prezident təqaüdçüsü adını qazanmağım olub və bu uğura çatmışam.

İxtisasınız haqqında nə demək istərdiniz?
- Kompüter və texnologiyaya olan marağım mənə bu ixtisası seçməkdə kömək etdi. Fikrimcə,  bu ixtisası seçməyim təkmilləşmiş və Vətənə xeyirli bir mühəndis olmaq yolunda mənə ən böyük dəstək olacaq.

- Hobbiniz nədir?
-
Ən böyük hobbilərim musiqi və futboldur. Gündə ən az 3 saat musiqiyə qulaq asıram və vacib futbol matçlarını mütəmadi olaraq izləyirəm. Gələcəkdə Barcelona klubunun stadionuna getmək ən böyük arzularımdan biridir.

-Başqa hansı maraqlarınız var?
-
Boulinq, konsol oyunları (əsasən futbol), kinoya baxmaq da maraq dairəmə daxildir.

 

-Hansı janrda kitabları oxuyursunuz?
-Bədii kitablar oxumağa çox vaxtım olmadığı üçün film izləyərək kitabların xülasəsini anlamağa daha çox üstünlük verirəm. Daha çox elmi kinoları sevirəm.
21.12.2016 12:07:00
Oxuma sayı: 475