Mikayıl Cabbarov: "600 bal toplayanların sayı artıb"
Ölçü:


“1990-cı illərlə müqayisədə Azərbaycanda hazırda ali təhsil alan tələbələrin sayı iki dəfəyə yaxın artıb”.

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib. Onun  sözlərinə görə, 1990-cı illərdə Azərbaycanda 17 universitet fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 51-ə çatıb: “Hazırda qarşıda duran əsas məqsədlərdən biri də ali təhsil müəssisələrimizin xarici ali təhsil müəssisələri ilə rəqabətə davamlı olmasını təmin etməkdir”.

Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağına ümidini ifadə edən nazir deyib ki, Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir: “1990-cı illərlə müqayisədə aspirantura və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur.  Bundan başqa, universitet gənclərinin də  elmi tədqiqatlarla məşğul olmasına, xarici dil biliklərinin öyrənməsinə, elmi texnologiyalardan istifadə etmələri üçün imkanlar yaradıılmalıdır”

Ümumi təhsilin keyfiyyət göstəricilərində son 3 ildə yüksək dinamikanın müşahidə olunduğunu vurğulayan M.Cabbarov bildirib ki, bunun nəticəsi  ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib: “Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb”.

 
 
21.12.2016 13:27:00
Oxuma sayı: 612