QHT Şurası və KİVDF-nin ləğvi məsələsi gündəmə gətirildi
Ölçü:


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT) ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) ləğv edilməsi barədə səslənən təkliflər adı çəkilan qurumların nümayəndələrinin tənqidinə məruz qalıb.

Koordinat.az
xatırladır ki, əməkdar jurnalist Azər Həsrət "Facebook"  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi ilə bağlı fikirlərini paylaşıb. Bunun ardınca tanınmış jurnalist Rey Kərimoğlu KİVDF-nin də ləğv edilməsi təklifini irəli sürüb.

QHT Şurasının üzvü Sahib Məmmədov Modern.az-a bildirib ki, Azər Həsrət bunu zarafat mənasında yazıb: “Azər Həsrət QHT Şurasının əhəmiyyətini bilən şəxsdir. Özü də zaman-zaman həmin  şuradan səfər etmək üçün gah maliyyə dəstəyi alıb, gah da layihələri icra edib. İndi də QHT üzvü kimi səfərləri Şura tərəfindən maliyələşdirilir və beynəlxalq tədbirlərdə iştirak edir. Sözün düzü Şura rəhbərliyi, Şura üzvləri həmin statusu gördü və onu zarafat kimi qəbul edib, dostcasına cavab verdi. Hər halda, Azər Həsrət özü buna açıqlama verəcək və Şura kimi vacib bir qurumun ləğv olunmasını təklif etməz. Şura ixtisaslaşmış orqandır, QHT-lərə maddi yardımdan əlavə daha böyük istiqamətdə kömək göstərir. Praktik olaraq dövlətin vətəndaş cəmiyyətinə yönələn siyasətində əhəmiyyətli rol oynayır. Cəmiyyətdə əksər təbəqənin bu işlərdən xəbəri olmasa da, Azər Həsrət bunu çox gözəl bilir. Ümid edirik ki, buna bir açıqlama verəcək”. 

“Ruh” Jurnalistlərin İctimai Müdafiə Komitəsinin sədri, KİVDF üzvü  Əvəz Rüstəmov  qeyd edir ki , KİVDF və QHT Şurasının ləğvini proqressiv təklif kimi saymır: “Hərənin öz düşüncə tərzi var. Yəqin ki, Azər Həsrət bu fikri nəyəsə görə deyib. Qeyri-hökumət təşkilatlarının ayaqda qalması üçün QHT-lərə Dəstək Şurası xeyli işlər görüb. Hər iki qurum kifayət qədər fəaliyyət göstərib. Müəyyən problemlər ola bilər ki, bu da hər sahədə var. Həmin problemlərə görə qurumların ləğv edilməsinin təklifi düzgün hal deyil. Hazırda sistemli olaraq  hər iki qurum öz fəaliyyətini davam etdirir və gələcəkdə daha yaxşı fəaliyyət göstərəcək”.
 
21.05.2019 17:08:00
Oxuma sayı: 93