Hər il Azərbaycanda 30-40 min sahibkar fəaliyyətini dayandırır
Ölçü:


Maliyyə vəsaitlərindən düzgün istifadə edilmədiyinə görə hər il Azərbaycanda 30-40 min sahibkarlıq subyekti fəaliyyətini dayandırır.

Koordinat.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. O, İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" forumunda qeyd edib ki, kölgə iqtisadiyyatı kiçik və orta sahibarlığa zərbə vurur.

İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, ümumiyyətlə, Azərbaycanda statistik göstəricilər həqiqəti əks etdirmir: “İstər bağlanan, istər yeni açılan, istərsə də digər makroiqtisadi göstəricilərlə bağlı statistik məlumatlarda həmişə şübhələr yaranır. Çox təəssüf ki, Azərbaycanda alternativ statistik məlumatların olmamasından əziyyət çəkirik. Bir çox ölkələrdə müxtəfli qurumlar var ki, statistika məlumatlarını paralel aparırlar. Sonradan onların uzlaşdırılması nəticəsində ortaq məxrəcə gəlmək mümkün olur. Azərbaycanda sadəcə rəsmi Dövlət Statistika Komitəsi var. Onun verdiyi məlumatlardan başqa alternativ mənbələr olmadığı üçün bir çox hallarda müəssisələrin açılması, bağlanması, yeni iş yerləri, işsizlərin sayı, yoxsulların sayı və s. ilə bağlı kifayət qədər suallar yaranır”.

N.Cəfərli qeyd edib ki, normal bazar mühitində müəssisələrin açılıb-bağlanması iqtisadiyyatın o ankı vəziyyətinə uyğun olaraq həyata keçirilir: “Hər hansı ziyanla işləyən müəssisə bağlanır və əvəzində yenisi yaranırsa, bu normal sayılır. Problemlər maliyyə vəsaitlərindən düzgün istifadədən daha çox Azərbaycanda oturşmuş “oyun qaydaları”nın olmamasından asılıdır. Ölkədə vergi və gömrük qaydaları tez-tez dəyişdirilir. Son 3 ildə vergi qanunvericiliyinə 400-ə yaxın əlavə və dəyişikliklər edilib ki, bu da “oyun qaydaları”nın tez-tez dəyişməsinə, müəssisələrin yeni “oyun qaydaları”na öyrəşmələrinə imkanlarının olmamasından irəli gəlir. Gömrükdə də eyni yanaşmalar var. Tez-tez gömrük rüsumları dəyişdirilir ki, bu da kommersiya müəssisələrinin orta və uzunmüddətli planlar qura bilməməsinə səbəb olur. Çünki onların bir “oyun qaydası” ilə qurduğu biznes planı sonradan dəyişikliyə məruz qalır. Kölgə iqtisadiyyatı Azərbaycanda böyük problemdir. Onun yaranma səbəbləri kifayət qədər geniş müzakirə mövzusudur. Çünki kölgə iqtisadiyyatı yalnız maliyyə resurslarından istifadədən yaranmır. Bu, qanunvericiliyin qeyri-təkmil olmasından, nəğd ödənişlərdən və digər məsələlrdən asılıdır. Yeri gəlmişkən, bu yaxınlarda açıqlanan hesabata görə, Azərbaycanda nəğdsiz ödənişlər Tacikistanla eyni səviyyədədir. Bu, Rusiyada bizdən 4 dəfə, Gürcüstanda 6 dəfə artıqdır. Biz nəğdsiz ödənişlərin artırılması üçün müxtəlif üsullar tapmalıyıq ki, bu da kölgə iqtisadiyyatına zərbə vuran amilə çevirlə bilər”.

20.05.2019 15:02:00
Oxuma sayı: 73