Qüdrət Həsənquliyev: "Debatlarda müxalifət nümayəndələri daha arqumentlidir"
Ölçü:


İqtidar və müxalifət partiyalarının təmsilçiləri arasında keçirilən debatlarda müxalifət nümayəndələri daha arqumentli və hazırlıqlıdırlar. Bunun səbəbi isə həllini gözləyən problemlər və iqtidar təmsilçilərinin problemləri təkzib etmək taktikasıdır.

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. O, deyib ki, uzun illər iqtidarda olan partiyanı, hətta yaxşı nəticələr ortaya qoymuş olsa belə, müdafiə etmək həmişə çətin olur: “İqtidar nümayəndələri ölkədə korrupsiyanın olduğunu təkzib etməməlidir. Korrupsiya ən inkişaf etmiş ölkələrdə də var. Həmin ölkələrdə ona qarşı daha effektli mübarizə aparılır, çünki cəmiyyət buna dəstək verir. Bir illik AXC hakimiyyətinin sonlarında genişlənməkdə olan korrupsiyaya qarşı Prezident Administrasiyasında xüsusi iclas da keçirildi. O zaman DGK sədri İbrahim Vəliyevin “Tankın qarşısında dayananlar rüşvətin qarşısında dayana bilmədi” tezisi dillər əzbərinə çevrilmişdi. Hazırda bəziləri demaqogiya ilə məşğul olaraq, söyləyirlər ki, Saakaşvili deyib ki, o, rüşvət almadığı üçün Gürcüstanda rüşvət yığışdırıldı. Elçibəy də rüşvət almırdı, ancaq İbrahim Vəliyev o məşhur bəyanatla çıxış etmək zorunda qalmışdı. Gürcüstanda alt səviyyyədə rüşvətin aradan qaldırılması xalqın artıq başqa cür, rüşvətsiz yaşamaq istəyi ilə bağlı idi. Xalq bunun üçün siyasi səhnəyə çıxmışdı. Azərbaycanda isə xalqımız başqa cür yaşamağa hazır olmadığı üçün Elçibəyi və onun elan etdiyi dəyərləri müdafiə etmədi”.

20.05.2019 13:18:00
Oxuma sayı: 75