"Oblava" əleyhinə "oblava"
Ölçü:


Əmrah FƏQANOĞLU

BDU-nun jurnalistika fakültəsində oxuduğum illərdə qrup yoldaşım, jurnalist həmkarım Kəmalə Mikayılzadə ilə bir müddət Azərbaycan radiosunda paralel olaraq çalışmışıq. O, "Səhər" informasiya proqramında idi, mənsə "Gənclik" redaksiyasının xətti ilə- İntiqam Mehdizadənin, Mövlud Süleymanlının, Oqtay Şamilin məsləhətləri və rəhbərlikləri əsasında hazırladığım və həftədə ən azı 2-3 dəfə efirə gedən müəllif proqramlarına aparıcılıq edirdim. Hərbi vətənpərvərlik bu verilişlərin başlıca qayəsi idi...

Bunu niyə xatırlatdım: Bəzən deyirlər ki, əşşi, nə olsun ki, jurnalistsiniz, bəs jurnalist olaraq öz xalqınız, öz Vətəniniz üçün hansı xidmətləriniz olub?

Təbii ki, haqlı sualdır. Amma mən elə Kəmalənin də adından deyərdim ki, xalqımıza da, Vətənmizə də həmişə təmənnasız xidmətimizdən qürur duymuşuq və bu gün də belədir. Radioda ştatdankənar müxbir kimi çalışdığım dövrdə heç zaman unutmayacağım bir əhvalatı oxucularla bölüşürəm:

90-cı illərin əvvəllərində hərbi komissarlıqlar yəqin ki, cəbhəyə göndərmək üçün adam tapmaqda çətinlik çəkirdilər. Ona görə də "oblava" keçirib yolda-irizdə əllərinə kim keçdi orduya səfərbər edirdilər. Ən təəssüflüsü bu idi ki, həmin insanların xəstə, yaxud sağlam olmasına diqqət yetirən yox idi. Ermənilər Kəlbəcəri işğal edən dövrdə öz təşəbbüsümlə, heç bir tapşırıq olmadan Azərbaycan radiosundan mənə verilən reportyor çantasını çiynimə salıb, iki dostumla bərabər (onlar jurnalist deyildilər, sadəcə, mənə dəstək olmaq üçün yol yoldaşlığı edirdilər) Perəküşkül qəsəbəsindəki hərbi hissənin qarşısına getdim. Hərbi hissəyə girməməyimiz üçün əsgərlərin ayaqlarımızın altına açdıqları avtomat atəşlərinə məhəl qoymadan Kəlbəcərə uçmaq üçün eniş edən və içərisi "oblava" zamanı tutulan həmyerlilərimizlə dolu helikopterdə onlardan müsahibə aldım. Müsahibələrdə həm onlar, həm də valideynləri "oblava"ya ciddi etiraz edirdilər. Onlardan bir neçəsi həqiqətən xəstə olduqlarını və ümumiyyətlə silahla necə rəftar etməkdən xəbərsiz olduqlarını konkret arqumentlərlə diqqətə çatdırdılar. Hərbi hissə rəhbərliyinin təzyiqlərinə (məni tutub apardılar, kaseti götürdülər, amma şansım onda gətirmişdi ki, lent yazısı olan kaseti başqası ilə əvəzləməyə imkan tapmışdım) və radioda senzura tətbiq olunmasına baxmayaraq (senzora başqa veriliş təqdim edib, icazə kağızı aldım), verilişi efirdə səsləndirməyə nail oldum. Və sağ olsun, bu verilişi dinləyən respublikanın hərbi komissarı A.Abbasov ertəsi gün məni hərbi komisssarlığa dəvət edib, özü də verilişimə müsahibə verdi və "oblava"nın günü sabah dayandırılacağını bildirdi. Həqiqətən də, sabahdan "oblava"ya birdəfəlik son verildi...
18.12.2016 12:43:16
Oxuma sayı: 1154